Polis şöbəsinin qarşısında qazi özünü niyə yandırıb? - DİN-dən açıqlama

Polis şöbəsinin qarşısında qazi özünü niyə yandırıb?

Sosial şəbəkələrdə I və II Qarabağ müharibəsinin iştirakçısı Yunis Məmmədovun Ağcabədi rayon polis şöbəsinin qarşısında özünü yandırması barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, onun şikayətlərinə baxılmaması səbəbindən bu addımı atdığı bildirilib. Qeyd olunub ki, Rafiq İsmayılov adlı şəxs ona ömürlük pensiya düzəltdirmək vədi ilə 4.500 manatını alaraq aldadıb.

Yunis Məmmədov ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Lakin bir müddət sonra şikayətinə baxılmadığını əsas göstərərək Ağcəbədi RPŞ-in qarşısında özünü yandırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ağcabədi rayon sakini Yunis Məmmədovun dələduzluğa məruz qalması ilə bağlı şikayəti iyun ayının 29-da rayon prokurorluğundan rayon polis şöbəsinə göndərilib:

“Faktla əlaqədar RPŞ-də cinayət işi başlanılıb. Y.Məmmədov izahatında 2021-ci ilin avqust ayında rayon sakini Rafiq İsmayılovun əlillik təqaüdü düzəldəcəyi vədi ilə ondan 2500 manat pul alaraq mənimsədiyini bildirib. İstintaq tədbirləri ilə Y.Məmmədova dəymiş maddi ziyanın bir qismi ödətdirilmiş, qalan hissəsinin qaytarılması üçün qarşı tərəf möhlət istəyib. Buna baxmayaraq iyulun 6-da Y.Məmmədov R.İsmayılovun pulun qalan qismini qaytarmaması ilə əlaqədar şəhərin Ü.Hacıbəyov küçəsində özünü yandırmağa cəhd edib. Cəhdin qarşısı alınıb, əl və ayaq nahiyələrindən yüngül xəsarət almış Y.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Ona dəymiş maddi ziyanın tam ödətdirilməsi üçün müvafiq tədbirlər görülür”.

 




 






Fikirlər