Şəhid jurnalistlərin xatirəsinə turnir təşkil olundu

Şəhid jurnalistlərin xatirəsinə turnir təşkil olundu

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr olunmuş həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub.

 Modern.az-ın məlumatına görə, Ardanış Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, MEDİA agentliyinin şöbə müdiri Natiq Əhmədli, "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, baş redaktoru Murad Əliyev, rayon bələdiyyələrinin nümayəndələri və digər şəxslər iştirak edib.

 Bundan əlavə, açılış mərasiminə şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov, Sirac Abışovun qardaşı Şirzad Abışov da qatılıb.

 İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxışlar olub. Burada turnirin əhəmiyyətindən söz açılıb, şəhidərə Allahdan rəhmət dilənib.

 Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Ardanış” və “Sadaxlı” komandaları çıxıb. Görüş "Ardanış"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Media” - “Novoivanovka” oyununda qalib müəyyənləşməyib - 5:5.

 A Qrupu

“Ardanış” - "Sadaxlı” - 2:1

Qollar: Emin Qasımov, Əsgər İbrahimov - Nihan Vəıiyev

 B qrupu

“Media” - “Novoivanovka” - 5:5

Qollar: Rüstəm Abdullayev (3) Elmin Əlizadə (2) - Emin imaməliyev (2), Samir Əliyev (2), Qasım Məmmədov

 Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

 Ənənəvi Futbol Turnirində 6 komanda - “Ardanış”, “Göyçə”, “Sadaxlı”, “Ada Təpə”, “Novoivanovka” və “Media” mübarizə aparır.






Fikirlər