Hakim tanınmış vəkili cərimələyib ...

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilova vəkil Bəxtiyar Hacıyevi cərimələyib.

Bu barədə e-huquq.az-a vəkilin özü məlumat verib.

Onun sözlərinə görə, hakim vəkili süründürməçiliyə yol verməkdə günahlandırıb: "Mən məhkəməyə getdiyim, order təqdim etdiyim halda hakim guya məhkəməyə gəlmədiyimi əsas gətirərək işi baxılmamış saxlayıb. Bir dəfə ərizə yazıb, iclasın təxirə salınmasını xahiş etmişəm. Sonrakı iclasa isə getmişəm, lakin qarşı tərəf gəlmədiyinə görə məhkəmə prosesi baş tutmayıb. Hakim işi baxılmamış saxlayıb. Buna görə də hüquqlarını müdafiə etdiyim şəxs hakim Təhminə Xəlilovanın süründürməçiliyə yol verməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edib. Xahiş edib ki, iş baxılmamış saxlanılmasın, qərar çıxarılsın. Hakim qeyd edib ki, işin baxılmamamış saxlanılmasından şikayət verilib, lakin rüsum ödənilməyib. Biz rüsumun ödənildiyini təsdiq edən qəbzi yenidən elektron formada məhkəməyə göndərmişik. Bundan sonra hakim yenidən işi baxılmamış saxladı, bizim müraciətimizi təmin etmədi, üstəlik məni 300 manat məbləğində cərimələdi. Bildirib ki, mən Bəxtiyar Hacıyev işin əsassız uzanmasına səbəb olmuşam".

B. Hacıyev deyib ki, həm işin baxılmamış saxlanılması, həm də barəsindəki cərimə qərarı ilə bağlı apellyasiya şikayəti verib: "Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Emin Mehdiyev işin baxılmamış saxlanılması barədə həmin qərardadı ləğv edib və yenidən Yasamal Rayon Məhkəməsinə göndərib ki, baxılsın. İşin içində mənim cərimə olunmağım barədə qərar da olmalı idi, lakin bu olmadığına görə hakim ona baxa və qərar verə bilməyib. İş Yasamal Rayon Məhkəməsinə gələndə Təhminə Xəlilova mənim ərizəmi geri qaytarır ki, ərizə düzgün verilməyib. Bu bizə verilməlidir. Mən yenidən ona ərizə vermişəm, lakin hələ də baxılmayıb. Hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov işin baxılmamış saxlanılması barədə qərardaddan verilmiş şikayətə baxır. Həmin gün məhkəmədə olmuşam, order təqdim etmişəm, yəni mənim təqsirim yoxdur. Hakimin bu qərarı vətəndaşla vəkili üz-üzə qoyur, müdafiə imkanlarını məhdudlaşdırır. Əgər cərimə haqlı olsaydı, hakim orda faktı göstərərdi ki, süründürməçilik nədən ibarət olub".

 






Fikirlər