“Bu biabırçılığın başında Nadir Qafarzadə durur… Ayıblar olsun!” - Hüquq müdafiəçisi

“Mətbuatda Nadir Qafarzadənin ad günü tədbirindən qoyulmuş kiçik  bir videoya baxdım. Rəqs edirdilər, çal-çağır idi, içki əllərində, bokal əllərində. Nə deyim? Biz burada qardaş Türkiyədə baş vermiş dəhşətli faciənin acılarını yaşayarkən, bir çox yerlərdə bayraqlarımız aşağı endirilərkən, faciənin təxminən 6-cı və ya 5-ci günündə bu tədbirin keçirilməsi ləyaqətsizlikdir. Bu, bir daha onu göstərdi ki, xalqdan yararlanan həmin “sənətçi”lər, xalqın ağır günündə xalqın yanında ola bilmirlər. Bütün sənətkarlara bunu aid edə bilmərəm, bizim o qədər dəyərli, gözəl, xalqın sevimlisi olan sənətkarlarımız var ki… Belə cür cılız insanlar isə onların arasında yer tutmağa çalışırlar”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. O, qeyd edib ki, belələri zaman-zaman bu cür hərəkətləri ilə xalqın gözündə qınaq obyektinə çevrilirlər:

HTML tutorial

“Biabırçılıqdır. Ayıb olsun o məclisin təşkilatçılarına, orada iştirak edib, oxuyub, oynayan, əlinə şərab alıb sağlıq deyən bu məkandakı insanların hamısına! Mətbuatımız vasitəsilə xalqımıza müraciət etmək istərdim ki, bu insanları “iqnor” etsinlər. Nadir Qafarzadə başda olmaqla, bu adamları məclislərinə dəvət etməsinlər. Belə insanların ürəyi, canı, qanı xalqla döyünməyən, qardaş Türkiyəmizdə baş verən faciəni öz faciəsi kimi qəbul etməyən, hamımızın müsibətli bir günlərində şənlik keçirən, qol açıb oynayan bu şəxsləri şənliklərinə dəvət etməsinlər. Bizə heç vaxt belə yalançı sənətkarlar lazım olmayıb. Amma çox təəssüflər olsun ki, son illər sənətkarlarla sənətkarcığazlara qiymət verilməsində xalq tərəfindən bəzən yanlışlıqlara yol verilir. Gözəl dəyərli sənətkarlar məclislərə çox az dəvət olunduğu halda, bu cür yalançı sənətkarlar isə məclislərdə başa keçirilir. Hər gün tədbirlərdə olur və xalqdan qazandığı pullardan  həyatlarını qəşəng yaşayırlar. Amma xalqa lazım olanda, onun yanında olmaq istəmirlər”.

“Deyə bilərlər ki, ölkədə rəsmən matəm elan olunmayıb, amma bəzən elə hadisələr var ki, onun rəsmən elan olunmasına heç bir ehtiyac yoxdur. Bizim qəlbimizdə hələ də matəm var. Baxmayaraq ki, artıq 10 gündən artıq müddət keçib, ancaq biz yas və hüzn içindəyik. Türkiyədəki zəlzələdə 35 mindən çox insan həlak olub, 100 mindən çox insan yaralanıb. Onlar bizim qardaş və bacılarımızdır. Mən ona məkan yeri ayıranları da qınayıram ki, niyə belə bir vaxtda çal-çağırlı tədbirin keçirilməsinə  icazə veriblər?!  Orada iştirak edənləri də qınayıram, “ayıb olsun” deyirəm ki, dəvət olunsalar da, bu tədbirdə iştirak etməməli idilər. Təbii ki, bu biabırçılığın başında Nadir Qafarzadə durur. Ayıblar olsun!”, -deyə müsahibimiz qeyd edib.

Hüquq müdafiəçisi daha sonra xalqa çağırış edib:

“Bu cür adamları tədbirlərinizə dəvət etməyin, əziz xalqım! Bunlar bizdən çox-çox uzaqdırlar. Saxta çıxışları, görüntüləri, saxta ifaları ilə bizi uzunmüddət aldatmaqda davam edirlər və çətin məqamda da iç üzləri ortaya çıxır. Məlum olur ki, bizdən bəhrələsənlər də, bizdən çox uzaqdırlar. Həkimlərimiz, könüllülərimiz hələ də Türkiyədə qardaş ölkəyə köməklik göstərirlər, təbii fəlakətin baş verdiyi ərazidə yağışda, qarda Türkiyənin yanındadırlar. Ölkə prezidenti, Birinci vitse-prezident hələ də yardımları göndərməkdə davam edirlər. Dünən 27 qatar qardaş Türkiyəyə yola salındı. Xalqımız hələ də “Türkiyəyə necə kömək edək?” sualı qarşısında qaldığı bir vaxtda, bu cür şəxslər özlərinə çal-çağırlı bir məclis təşkil edirlər. Təəssüflər, təəssüflər və ayıb olsun onlara!”.






Fikirlər