Rauf Arifoğlu üzləşdikləri təxribatdan danışdı...
"Naməlum xakerlər tərəfindən ələ keçirilmiş "Tv Musavat" kanalının bərpa edilməsi istiqamətində fəaliyyət davam edir". "AzerTaym.az" xəbər verir ki, bunu "Yeni Müsavat" Media Group-un rəhbəri Rauf Arifoğlu deyib. R. Arifoğlu bildirib ki, ötən axşam saat 21:41 radələrində "TV Musavat" ın YouTube platformasına hücum olub: "Öncə kanalın bağlı olduğu elektron poçt ünvanı ələ keçirilib. Daha sonra həmin ünvana bağlı olan YouTube kanalı ələ keçirilərək, adı dəyişdirilib, videolarımız silinib. Hakerlər kanalımıza "Tesla" adı qoyublar. 286 min abunəsi olan platformadan bu gecə saxta kriptovalyuta satışı həyata keçirilib. Kanala 7 oyun yerləşdirilib. Prezident Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti (DTX), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatlandırılıb. Gecə saatlarına qədər DTX-nın aidiyyəti idarəsi bununla bağlı müvafiq işlər görüb. "YouTube" mərkəzi ofisinə də məlumat verilib. Məlum olub ki, bu, sadə dələduzluq hadisəsi deyil, ölkəmizin kibertəhlükəsizliyinə təhdiddir. Belə ki, ələ keçirilmiş "TV Musavat" kanalından abonentlərə viruslu linklər göndərilir. Bu da o deməkdir ki, genişmiqyaslı, dövlət səviyyəsində kibertəhlükəsizlik proseduru işə salınmalıdır. Ən qısa zamanda "TV Musavat" kanalının geri qaytarılması üçün bütün müvafiq tədbirlər görülür". /Yenisabah.az