ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olundu - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub.  
 

AzerTaym.az-a qurmun mətbuat xidmətindən bildirilib ki, media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Tamam Cəfərova, Tədris işləri üzrə prorektor Kifayət Hacıyeva mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürlərini bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib.

Qeyd olunub ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.

Yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə  - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək,  magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın, tələbə imtahan verəcək. 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə  Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 


 






Fikirlər