GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ - Bağırova yeni müavin təyin edilib + DOSYE
Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırova yeni müavin təyin edilib. AzerTaym.az "bakupost.az"-a istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Güloğlan Muradlı gətirilib. General Muradlı bu təyinata qədər DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, Güloğlan Muradlı 20 fevral 1964-cü ildə Azərbaycan Respublikası Şamaxı rayonunun Dərəkənd kəndində anadan olub. 1979-1983-cü illərdə M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbini bitirərək müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1983-1985-ci illərdə Qərbi Ukraynada, Sovet Ordusu sıralarında Strateji Təyinatlı Raket Qoşunlarında kiçik komandirlər hərbi məktəbini bitirərək bölmə komandiri kimi hərbi xidmət keçib. 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsininin hüquqşünaslıq ixtisası üzrə əyani şöbəsini və Hərbi kafedrasını bitirib. 1992-ci ilin yanvar-avqust aylarında Qobustan rayonu İcra Hakimiyyəti başçısı yanında hüquq məsləhətçisi, eyni zamanda rayonun Mülki-müdafiə qərargahının rəisi və Dövlət İdarələri İşçiləri Həmkarlar Komitəsinin Sədri olub. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Gömrük Komitəsinin Qaçaqmalçılıqla mübarizə İdarəsində Təhqiqat şöbəsinin baş inspektoru kimi fəaliyyətə başlamışdır. 1992-1998-ci illərdə Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsində, İdarə rəisinin müavini və birinci müavini vəzifələrində çalışıb. 1998-2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində, Baş İdarə rəisi vəzifəsində fəaliyyət göstərib. 2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsində baş idarə rəisinin müavini, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Baş İdarə rəisinin birinci müavini vəzifələrində çalışıb. 22 dekabr 2023-cü ildə Əməliyyat-istintaq Baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2007-ci ildə gömrük xidməti general-mayoru xüsusi rütbəsi verilib. 2015-ci ildə "Dövlət Qulluğunda Fərqlənməyə görə" medalı, 2021-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.. Rus və türk dillərini sərbəst, ingilis dilini zəif bilir. Ailəlidir. Dörd övladı var.