BƏLƏDİYYƏ SƏDRİNİN MÜƏMMALI QƏTLİ – 9 aydır uzanan istintaq, açıq qalan suallar

 

saray-yeni_2015060802

 

Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşı Vəfadar Həsənovun dəhşətli qətlindən 9 ay keçir. Ötən il iyun ayının 8-də ad gününü – 39 yaşını qeyd etməyə hazırlaşan V.Əbilhəsənova və əri, iyunun 7-də axşam saat 21:00 radələrində öz evlərində, övladlarının gözü qarşısında vəhşicəsinə qətlə yetiriliblər. Qətli törədən Fədai Hüseynov könüllü olaraq polisə təslim olub. Bir neçə gün sonra isə onun qardaşı Vüqar Hüseynov da polis tərəfindən saxlanılıb.

Bu qətl hadisəsi baş verdikdən 2 gün sonra Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilirdi ki, Abşeron Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci – 2 və daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə iş başlanıb:“Olayı törətməkdə suçlu bilinən 1980-ci il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov tutularaq istintaqa təhvil verilib. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib”.

1saHəmin vaxt Abşeron Rayon Polis İdarəsindən verilən operativ məlumatda isə, qətlin tamah məqsədilə törədildiyi versiyasının təsdiqini tapdığı iddia edilirdi. Bildirilirdi ki, bunu saxlanılan Fədai Hüseynov öz izahatında təsdiq edib. Lakin qatilin ifadəsinin təfsilatı barədə hələlik heç bir məlumat verilməyib.

Qeyd edək ki, yaxınlarının dediyinə görə, V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşya oğurlanmayıb. Bu səbəbdən Fədai Hüseynovun hadisəni tamah məqsədilə törətdiyini deyildiyi zaman, nəyin nəzərdə tutulduğu qaranlıq qalır.

Ümumiyyətlə, ötən müddət ərzində ictimaiyyət arasında şok effekti doğurmuş bu dəhşətli cinayət işi ilə bağlı ilkin dövrdə səsləndirilən versiyalar və qısa rəsmi məlumatlar xaricində cəmiyyətə hər hansı məlumat verilməyib. Bu səbəbdən, üzərindən 9 ay keçdikdən sonra da cinayətin motivləri qaranlıqdır. Bir qadın bələdiyyə sədrinin gecə vaxtı öz evində boğazı kəsilərək, vəhşicəsinə qətlə yetirilməsinin səbəbi nə idi? 

Bununla bağlı “AzPolitika.info” son iki həftə ərzində cinayət işinin istintaqının aparıldığıAbşeron Rayon Prokurorluğuna dəfələrlə müraciət etsə də, cinayət işinin istintaqı, cinayətin motivi, işin məhkəməyə nə vaxt göndəriləcəyi ilə bağlı sorğular cavabsız buraxıldı. Prokurorluğun nümayəndələri bu barədə məlumat verməkdən imtina etdilər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən isə öyrəndik ki, sözügedən cinayət işi ilə bağlı materiallar hələ məhkəməyə daxil olmayıb. Demək ki, iş hələ də prokurorluqdadır – istintaq bitməyib. İstintaqın bu qədər uzun çəkməsi isə, bu dəhşətli cinayətin, ilk günlər deyildiyi kimi, sadəcə tamah məqsədilə törədildiyi versiyasını şübhə altına salır.  

qetHadisəni törədənin həbs olunduğu və hətta bu qanlı cinayəti etiraf etdiyi, səbəblərini ifadəsində göstərdiyi (Abşeron Rayon Polis İdarəsindən verilən məlumata əsasən-red.) halda, istintaqın 9 aya qədər uzanması belə düşünmək üçün kifayət qədər əsaslar yaradır. Bunun səbəbi ilə bağlı rəsmi izahat ala bilməsək də, 2 ehtimal irəli sürmək olar.

Birincisi, bu dəhşətli qətl hadisəsinin motivi ilə bağlı ictimaiyyətdə yaranmış sualların üzərindən sükutla keçmək üçün istintaq qəsdən uzadılır. 

İkincisi, mümkündür ki, prokurorluq polisdən fərqli olaraq, qatil Fədai Hüseynovun qətli törətməsinin səbəbi barədə verdiyi ifadəyə inanmayıb, cinayətin arxasında başqa motivlərin və daha BÖYÜK FİQURLARIN dayandığı ehtimalı üzərində istintaqı dərinləşdirib. Bu zaman işin hərtərəfli araşdırılması üçün uzun müddət tələb olunub.

İstənilən halda, həm bu bu cinayət işi, həm də onun istintaqı ilə bağlı ictimaiyyətdə çoxsaylı sualların yarandığını söyləyə bilərik.

Məsələn, ən əsas suallardan biri istintaqın niyə Abşeron Rayon Prokurorluğunda aparılmasıdır. İlkin məlumat və ehtimallarda, KİV materiallarında cinayət işində Abşeronun bəzi vəzifəli şəxslərinin də adı hallandığından, ümumiyyətlə cinayətin adi tamah məqsədilə törədildiyi şübhə doğurduğundan istintaqın Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində aparılması daha məqsədəmüvafiq deyildimi? 

İkincisi, bu dəhşətli cinayət işinin hansısa iri korrupsiya əməliyyatlarını ört-basdır etmək məqsədilə törədildiyi, qətlin arxasında hansısa vəzifəli şəxslərin dayandığına dair iddialar, versiyalar mövcuddur.

Hələlik bu iddiaların, versiyaların üzərində geniş dayanmağa ehtiyac duymuruq. Məhkəmənin başlamasını gözləməyə məcburuq.

ves1Ancaq xatırlatmağı lazım bilirik ki,V.Əbilhəsənova qətlə yetirilməzdən cəmi 6 ay əvvəl – ötən ilin yanvarından Saray bələdiyyəsinin sədri vəzifəsinə gətirilib. 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərindən sonra… Bundan əvvəl isə Saray bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb, öz işgüzarlığı, bacarığı ilə fərqlənib.

V.Əbilhəsənovanı əri ilə birlikdə qətlə yetirən Fədai Hüseynov, eləcə də qardaşları Vüqar və Nuru Hüseynovlar isə Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olublar. Bu səbəbdən də bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıblar. Ancaq tək onun yox…

Təsadüfi deyil ki, Saray kəndində torpaq alqı-satqısı ilə məşğul olan Fədainin bir qardaşı Saray kəndinin icra nümayəndəsi vəzifəsini icra edib.

Bu qardaşların rayon ərazisində torpaq alveri ilə məşğul olmasına münbit şərait yaradılıb. V.Əbilhəsənova bələdiyyə sədri vəzifəsini icra etsə də, qəsəbə ərazisində torpaq satışı, bölünməsi məsələlərini Fədai, onun qardaşları və onların arxasında dayanan şəxslərin (?) həyata keçirdiyi bildirilir. Hətta Vəsilə Əbilhəsənovanın son zamanlar cinayətkar bir bandanın toruna düşdüyünü hiss etdiyi, bu səbəbdən ətrafına uşaqlarının oğurlanmasından qorxduğunu söylədiyi bildirilir. Fədai Hüseynovun öldürməzdən əvvəl Vəsilə Əbilhəsənovaya hansısa sənədlərə qol çəkdirdiyinə dair iddialar da bu məlumatları müəyyən qədər təsdiq edir. Qatilin onu yatdığı yerdə deyil, yazı stolunun arxasına gətirdikdən sonra boğazını kəsərək öldürməsi də bununla bağlanır. Yəni, istədiyi sənədləri imzalatdırandan sonra qətli törədib.

123Vəsilə Əbilhəsənovanın həyat yoldaşı Vəfadarın isə bu işi araşdıracağı, qətlin kim(lər)in sifarişi ilə törədildiyini bilmə ehtimalının olduğu üçün öldürüldüyü də səslənən versiyalar sırasındadır.

Bundan əlavə Fədai Hüseynovun bələdiyyə sədrindən Saray qəsəbəsi ərazisində yerləşən və bir neçə milyon manat dəyəri olan 2 hektarlıq əraziyə sənəd verməsini tələb etdiyi, bundan imtina etdiyi üçün qadını öldürdüyünə dair də iddialar var. Həmçinin F.Hüseynovun cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə getdiyi və burada hansısa sənədləri axtardığını bildirənlər də var idi.

Bütün hallarda Fədai Hüseynovun belə ağır bir cinayəti törətməsinin ciddi motivləri olmalı idi ki, istintaq bu 9 ay ərzində onlarla bağlı ictimaiyyəti məlumatlandırmayıb.

Maraqlı digər məqam Fədai Hüseynovun bu qətlləri törədənə qədər üzərində başqa cinayət işləri olmasına baxmayaraq, azadlıqda gəzməsi idi. Əvvəllər məhkumluq həyatı yaşamış F.Hüseynovun, bu qətli törədənə qədər açıq qalan 3 cinayət işi olub.Fədainin törətdiyi cinayətlərin əksəriyyəti məhz bədənə ağır xəsarət yetirmə maddələri ilə tövsif olunub. Yəni Fədai və qardaşları istədikləri torpaq sahələrini satıb, qarşılarına “yox” deyə çıxan olanda isə, bıçaqlama, döymə kimi xəsarətlər yetirməkdən çəkinməyiblər.Hansısa “qüdrətli əl” isə onları həmişə himayə edib.

Hətta deyilənə görə, Fədai Hüseynovu cinayət törətməyə sövq edən himayədarları, ona hansısa ruhi-əsəb dispanserindən “dəlilik kağızı” alamağa da müvəffəq olublar. 

Bəlkə də bu səbəbdən Vəsilə Əbilhəsənova və həyat yoldaşını qətlə yetirəndən bir gün sonra Fədai Hüseynov polis idarəsinə gələrək, rahatlıqla təslim olub. Sanki gecə kimsə (bəlkə də bələdiyyə sədrinə imzalatdırdığı sənədləri verdiyi şəxslər), “sənin “dəlilik kağızın” var, get təslim ol, bir az yatıb çıxarsan” deyib…

Qısası, bu dəhşətli qətl işi ilə bağlı çox qaranlıq mətləblər, müəmmalar var. Ən əsası isə qətlin motivi – bələdiyyə sədrini bir “dəlinin” öldürməsinin kim(lər)ə lazım olduğu açıq qalır.

Ümid edirik ki, 9 aydır uzanan istintaq bu və digər məsələlərə aydınlıq gətirəcək…

AzPolitika.info 

 
 

 






Fikirlər