Parisdə ŞEYXLƏRİN “uşaqlar”ının QARŞIDURMASI olacaq
Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçiriləcək. Publika.az xəbər verir ki, ikinci oyun günündə azarkeşlərin diqqəti Fransa və Almaniyaya yönələcək. Artıq bir neçə tur öncədən ölkə çempionluğunu rəsmiləşdirmiş PSJ doğma azarkeşlər önündə İngiltərənin "Mançester Siti" komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma Parisdə yerləşən "Park de Prens" stadionunda keçiriləcək. bu oyunu şeyxlərin qarşıdurması da adlandırmaq olar. Hər iki kluba ərəblər himayədarlıq edir. La Liqada çempionluqdan uzaq düşən və buna görə bütün diqqətini Çempionlar Liqasına yönəldən “Real” "Folksvagen Arena"da “Volfsburq”un qonağı olacaq. Bundesliqada uğursuz mövsüm keçirən, ÇL-də isə gözlənilmədən bu mərhələyə qədər irəliləyən “Canavarlar”ın yarımfinal şansı minimum göstərilir. “El Klasiko”da əldə olunan qələbədən sonra əla əhval-ruhiyyədə olan madridlilər cütün taleyini elə ilk oyundaca həll edə bilər. Çempionlar Liqası. 1/4 final, ilk oyunlar 6 aprel 22:45 PSJ (Fransa) - Mançester Siti (İngiltərə) Baş hakim: Milorad Majiç (Serbiya) Paris. "Park de Prens" 22:45 Volfsburq (Almaniya) - Real (İspaniya) Baş hakim: Canluka Rokki (İtaliya) Volsfburq. "Folksvagen Arena" Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib.