"Maksimum nəticə əldə etməyə çalışırıq" - Qurban Qurbanov
“Bilirik ki, çox vacib oyuna gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, “Qarabağ”ın istəyi çoxdu. Amma biz nə qədər istəkli olsaq, rəqib daha çox istəkli olacaq”. Modern.az saytı xəbər verir ki, Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib. Ağdam klubunun çalışdırıcısı Avropa Liqasının V turu çərçivəsində “Slovan”la keçiriləcək səfər qarşılaşması öncəsi jurnalistlərin suallarını cavablandırıb. Qurbanov bu gün təşkil edilən mətbuat konfransında öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Rəqib oyunçularının müsahibələrini oxumuşam. İlk qələbələrini qazanıb, azarkeşlərini sevindirmək istəyirlər. Bu komandaya qarşı oynamaq çətindi. Onların son matçlarda uğursuz nəticə əldə etmələrinə baxmayaraq, sistemləri elədi ki, heç bir rəqibə asan oyun göstərmək imkanı vermirlər. “Slovan”ın gücünü Bakıda hiss etdik. Həmin matçın sonuna qədər bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Sabahkı görüşdə ən doğrusunu etməyə çalışacağıq. Həddindən artıq az səhv etməyə çalışacağıq”. - Sabah bütün Azərbaycanın gözü oyunda olacaq. Bu psixoloji təzyiq futbolçulara necə təsir edəcək? - Sabah hamı bizimlə olacaq. Avrokubokdakı oyunlarımızla insanlar çox maraqlanırlar. Bütün Azərbaycan uğurlu nəticə əldə etməyimizi istəyir. Hər turnirə, hər oyuna düzgün hazırlaşmağa çalışırıq. Düşünsək ki, sabah mütləq qalib gəlib növbəti mərhələyə vəsiqəni təmin edək, bu, bizim üçün yaxşı nəticələnməz. Futbol bir oyunla bitmir. Hər matçda düzgün iş görərək uğurlu nəticə əldə etməyə çalışırıq. Düşünürəm ki, bu prinsiplərimiz özünü doğruldur. Bütün komandanın diqqəti sabahkı matçdadı. Rəqibin necə təhlükəli olduğunu Bakıda görmüşük. İndidən qələbə qazanıb növbəti mərhələyə adlayaq düşüncəsi bizdə yoxdu. - Sizin rəhbərliyiniz altında “Qarabağ” yaydan qış dönəminə qədər yüksələn qrafiklə çıxış edir. Demək olarmı ki, “Qarabağ” artıq pik nöqtəyə çatıb? - Hazırlıq bir az fərqli olur. İlk günlərdən tələsmək istəmirik. Düşünsək ki, bu gün bizdə hər şey qaydasındadı, yalan olar. Mövsümün sonunda hansısa geriləmə ola bilər. Bunu futbolçular dərk etməlidi ki, bir daha təkrarlanmasın. Nə qədər desək ki, komanda yaxşı formadadı, amma yenə də çatışmazlıqlarımız var. Çünki Azərbaycan çempionatı ilə Avroliqa fərqli turnirdi. O cümlədən rəqiblər də fərqlidi. - Liberetsə gələrkən yolboyu ilk matçın videoyazısına baxdınız, futbolçular dincəldilər. Bakıya qayıdanda siz nə edəcəksiniz, futbolçular nə? - Biz gələcəyimizi düşünsək də, bu gün üçün yaşayırıq. Hazırda yalnız bu matçı düşünürük. Yolda nə edəcəm, bu o qədər də önəmli deyil. - Çexiya komandalarına qarşı uğurlu nəticələr göstərə bilmirik. Bu sindromun səbəbini necə izah edərdiniz? - Bu barədə düşünmürəm ki, kiməsə qalib gəlmək istəyirik, hansısa sindromu qırmaq istəyirik. Hər hansı heç-heç bizim üçün qələbəyə bərabərdi. Avroliqa elə turnirdi ki, hər xal bizim xeyrimizədi. Sabahkı rəqib “Fiorentina” və ya PAOK da ola bilərdi. Bizim üçün ölkənin fərqi yoxdu. Çalışırıq yaxşı hazırlaşıb, uğurlu nəticə əldə edək. - Rəqibin baş məşqçisi son çempionat oyunundan sonra demişdi ki, ilk matçı unutmuşuq, bu dəfə tam fərqli olacaq. Siz rəqibdə hansısa dəyişiklik sezmisinizmi? - Son nəticələrində uğursuzluq var. Amma oyun üslublarını qoruyurlar. Get-gedə sürəti artırırlar. Onların sisteminə qarşı oynamaq bizim üçün çətindi. Və onlara qarşı səhv etmək ehtimalımız daha çoxdu. Çempionatlarında rəqibləri “Slovan”ı daha yaxşı tanıyır. Çünki müntəzəm üz-üzə gəlirlər. Amma mən deməzdim ki, onlarda nəsə dəyişib. Əksinə, Bakıdakından daha yaxşı “Slovan” izləyəcəyik. Bu turnirdə hamı sona qədər mübarizə aparır. - Bədavi Hüseynov sabahkı görüşə hazırdımı? - Bədavinin oynamaq ehtimalı çoxdu. Amma hələ tam qərar verməmişəm. - Azərbaycan komandalarının çexiyalılara qarşı son 4 oyununun hamısında bərabərlik qeydə alınıb. Bunun 3-ü “Qarabağ”ın aktivindədi... - Bizim üçün vacibi sabahkı oyundu, maksimum nəticə əldə etməyə çalışırıq. Bu gün əvvəlki nəticələrimiz barədə futbolçularla danışmamışam, onlara hansısa fikir bildirməmişəm. Diqqətimiz sabahkı matçadı. - “Fiorentina” – PAOK oyunu da bizim üçün önəmlidi. Sizcə, “Fiorentina” öz gücünü ortaya qoysa, PAOK-un şansı olarmı? - “Fiorentina” haqda düşünməyə vaxtım da yoxdu. Başqasının nəticələrini düşünmürəm. Bizə lazım olan futbolçuların psixoloji, taktiki və fiziki cəhətdən hazır olmasıdı. - Həm Rəşad Sadıqov, həm də Milan Baroş sabah meydana çıxmayacaq. Düşünmək olar ki, güclər bərabərləşib? - Bütün azarkeşlər bu cür oyunçuların meydanda olmasını istəyər. Onlar həm kapitan, həm də liderdilər. Amma mən yenə yalnız öz futbolçularım haqda düşünürəm. Çox istərdim ki, Rəşad sabah meydanda olsun. Amma futbolda belə hallar olur. Buna da hazır olmalıyıq. Yenə də əlimizdəki futbolçularla hazırlaşmışıq ki, uğurlu nəticə qazanaq.