14.07.2014- Almaniya dünya çempionu oldu!
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatı başa çatdı.
AzerTaym.az xəbər verir ki, finalda dünyanın iki ən güclü komandası Almaniya-Argentina ilə qarşılaşıb. Matçdan öncə proqnozlar Messsinin komadasının tərəfində idi. Bir çox mütəxəsisslər hesab edirdilər ki, Braziliyada keçirilən final oyununda böyük ehtimalla Argentina qalib gələcək. Amma bu baş tutmadı.
Qeyd edək ki, oyunda Almaniya millisinin heyətində meydana Manuel Neuer, Benedikt Hoevedes, Mats Hummels, Sami Xedira, Bastian Şveinşteiger, Mesut Özil, Miroslav Kloze, Tomas Müller, Toni Kruz, Filipp Lam və Jerome Boatenq çıxmışdılar.
Argentina yığmasının ilk on birliyində isə Serxio Romero, Ezequel Qaray, Pablo Zabaleta, Lukas Biqlia, Enzo Perez, Qonzalo İquan, Leonel Messi, Xavier Maskerano, Martin Demiçelis, Markos Rojo və Ezequel Lavezzi yer alıb.
İtaliyalı baş hakim Nikola Rizzolinin idarə etdiyi oyunun əsas vaxtında hesab açılmayıb. Qalib matça əlavə olunmuş 30 dəqiqədə müəyyənləib. Görüşün 113-cü dəqiqəsində almaniyalı futbolçu Mario Götze hesabı açıb.
Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya millisi dünya çempionu olub. Bu, Almaniyanın dördüncü dünya çempionluğudur.
Qeyd edək ki, növbəti dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcəkdir.