19.08.2014- Hafiz Məmmədovdan Baş Prokurorluğa şikayət edildi - EKSKLÜZİV

19.08.2014- Hafiz Məmmədovdan Baş Prokurorluğa şikayət edildi - EKSKLÜZİV"Bakı" klubunun prezidenti Hafiz Məmmədovun problemləri bitmək bilmir. Maldiyyə böhranından çıxa bilməyən iş adamının bütün şirkətlərində ciddi problemlər var.

"Bakı" klubu isə az qala Premyer Liqadakı yerini itirmək təhlükəsi ilə üzləşmişdi. Lakin son anda məsələyə müdaxilə edən Məmmədov komandanı gənc futbolçuların hesabına çempionatda saxlaya bildi. Hətta deyilənə görə, bu günlərdə o, komandada qalan futbolçulara olan borclarının 30 faizini ödəyib.

"Bakı"da sular nisbətən durulsa da, "Hafka" ləqəbli iş adamının vəziyyəti düzəlməyib. Piasport.az-ın əldə etdiyi məlumata görə, Məmmədovdan Baş Prokurorluğa şikayət edilib. Buna səbəb isə onun sahibi olduğu "Bank of Azerbaijan"dakı əmanətlərin sahiblərinə verilməməsidi.

Belə ki, ötən mövsüm "Bakı"nın formasını geyinmiş Əfran İsmayılov, Rauf Əliyev, Elvin Məmmədov kimi futbolçuların "Bank of Azerbaijan"da külli miqdarda pulu olub. Məsələn, Əfran banka 400 min dollar qoyub. Lakin həmin pullar "yoxa çıxıb" və sahiblərinə çatmayıb. Futbolçularla yanaşı, Məmmədovun şirkətlərində çalışan çox sayda insan da eyni aqibətlə üzləşib.

Piasport.az-a verilən məlumata görə, Baş Prokurorluğa bununla bağlı şikayət edilib. Zərərçəkmişlərdən bəziləri artıq ifadə verib. Yaxın günlərdə Məmmədova qarşı cinayət işi açıla bilər.


Piasport.az






Fikirlər