Tahir Gözəl: "QARABAĞ" bu qrupdan çıxmalı idi"

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İspaniyada "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçından sonra brifinq keçirib. Klub rəsmisi "Report"un oyuna ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb:

- Qarşımızda nəhəng klub var idi. Başa düşürəm, bizimkilər də dəqiq oynamaq istəyirdi. Birinci yarı pis deyildik. Amma ikinci hissənin ilk 20 dəqiqəsində çox zəif oynadıq. Sanki inamımızı itirmişdik. Halbuki mən daha inamlı olacağımızı ehtimal edirdim. Onları qapımıza yaxın buraxmaq olmazdı. Əlbəttə ki, oradan qol vura bilərdilər. Üzüldüm. Daha təhlükəli rəqib kimi görünəcəyimizə inanırdım. Bu gün çox passiv idik.

- İlk yarı 0:0 başa çatdıqdan sonra ikinci hissə üçün inamınız artmışdı?

- İkinci yarıda ilk hissədəki kimi oynasaydıq, yaxşı olardı. Məncə, ikinci yarıya zəif başladıq. Bu gün bəlkə də bərabərlik üçün oynadıq və səhvimiz də bu idi. Ancaq əlbəttə ki, nəhəng kluba qarşı oynadıq. "Qarabağ"ın ifasında gözəl oyun görmədim. Məni məyus edən bu oldu.

- Dünən demişdiniz ki, qorxaq oyun yox, hücum futbolu göstərməliyik.

- Bəli, amma arzuma çatmadım. Bu, həqiqətdir. Ancaq istənilən halda "Sevilya" kimi komandaya 0:2 hesabı ilə uduzmaq normaldır. Lakin meydanda xəyalımdakı "Qarabağ"ı görmədim.

- Avropa Liqası artıq sizin üçün bitdi. Necə şərh verəcəksiniz?

- Bəli, bitdi. Biz bu qrupdan çıxmalı idik. Tarixi fürsət var idi. Pis də oynamadıq. APOEL-lə oyunları xatırlayanda insan üzülür. Çünki pis oynamadıq. Qrupdan çıxmağa layiq idik. Sadəcə bəxtimiz gətirmədi.

- Sizcə, harda bitdi bu şans, Nikosiyada?

- Mən Sevilyada da ümidli idim. Birinci yarıdan sonra ikinci hissəyə daha inamlı çıxacağımızı düşündüm. Amma arzuladığımız oyunu oynamadıq.

- Sizcə, bu, indiyə qədərki ən münasib qrup deyildi?

- Bizim üçün tarixi fürsət idi. Ən yaxşı fürsət idi.

- Baş hakim çox fit vermirdi?

- Xeyr, elə şey hiss etmədim. Qısamüddətli hərəkətlilik oldu oyunumuzda. Əgər bunu edə biliriksə, niyə 5 dəqiqə, amma 15 dəqqiqə deyil? Onsuz da hesabda geridə idik. Ən azından heç-heçə gözləyirdim. Məncə, 0:1-dən sonra 0:4-ün də fərqi yoxdur. Qurban Qurbanov deyiləm, peşəkar məşqçi də deyiləm. Mən sadəcə emosional fanatam.






Fikirlər