Günün adamları: 7 yaşlı qaçqını sevindirdi - FOTO
7 yaşlı Zeyd Suriyadan qaçan Üsamə Əbdel Möhsünün oğludur. Bu yaxınlarda Milli.Az bu ata-oğul barədə məlumat vermişdi. Macarıstanın cənubundakı Reske şəhərinin yaxınlığında, miqrant düşərgəsində N1TV telekanalının jurnalisti Petra Lazlo ölkəyə gələn və Almaniyaya keçməyə çalışan miqrantlarla polis arasındakı qarşıdurmadan reportaj hazırlayarkən çəkilişi daha maraqlı etmək üçün suriyalı miqranta badalaq vurmuşdu. Milli.Az Sports-a istinadən bildirir ki, Madriddəki CENAFE futbol akademiyasının prezidenti Migel Anxel Xalan onlarla maraqlanıb. O, El Mundo-nun jurnalisti Martin Muçeyə müraciət edib, o da Münhenə, qaçqınları axtarmağa yola düşüb. Muçe "Vilyaverde"nin futbolçusu Mohammad Lambruzi ilə birlikdə Üsamə və oğlunu Münhendə, kafelərin birində Çempionlar Liqasının matçını izləyərkən tapıblar. CENAFE əvvəllər öz ölkəsinin yuxarı diviziya komandalarını çalışdırmış Möhsünə iş təklif edib. Möhsünün xanımı ilə iki qızı Türkiyədə qalıblar. Bir həftə sonra onların İspaniyaya gətiriləcəkləri gözlənilir. Özlərini dolandırmaq iqtidarında olanadək akademiya Möhsünün yaşayış xərclərini ödəyəcək. Həmçinin uşaqlarını məktəbə və ispan dili kurslarına düzəldəcək. Dünən isə 7 yaşlı Zeyd həyatının xoşbəxt anlarından birini yaşayıb. O, "Real Madrid" - "Qranada" oyununda madridlilərin portuqaliyalı ulduzu Kriştianu Ronaldu ilə əl-ələ "Santyaqo Bernabeu" stadionuna çıxıb.