Deputat: “İcra başçısı öz işini yaxşı bilməlidir” - MÜSAHİBƏ
Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.
Bu dəfə suallarımıza 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat Rafiq Məmmədhəsənov cavab verir.
- Deputat seçilərkən seçki platformanızı necə qurmuşdunuz?
- Mən də digər deputatlığa namizədlər kimi öz seçki platformamı hazırlamışdım. İnsanlara yalan vədlər verməyi sevmirəm. Seçicilərim qarşısında çıxış edərkən demişdim ki, əgər deputat seçilsəm, ayrı-ayrılıqda nə müraciətiniz olarsa, imkanım daxilində köməklik göstərəcəyəm. Amma bəzi məsələlər mənim ixtiyarımda deyil. Məsələn, körpü tikmək, yol, su çəkmək dövlətin nəzarətində olan məsələlərdir. Eyni zamanda, demişdim ki, şikayətlərinizi, istəklərinizi dinləyəcəyəm və həmin məsələləri müvafiq qurumlar qarşısında qaldıracağam. Yerdə qalan məsələləri isə deputat səlahiyyətimdən istifadə edərək sizlərə kömək etməyə çalışacam.
- Deputatlıq müddətində bütün vədləri yerinə yetirə bildinizmi?
- Əlbəttə. Deputat seçildikdən sonra seçicilərimin çoxlu müraciətlərini yerinə yetirmişəm.
- 4 il ərzində yarımçıq qalan məsələlər varmı?
- Mənə elə gəlir ki, yarımçıq heç nə qalmayıb. Sadəcə olaraq, kəndlərarası yollarda bəzi kiçik problemlər qalmaqdadır. Bu da rayon icra hakimiyyətinin səlahiyyətində olan məsələdir. Amma o kiçik problemlər də yavaş-yavaş düzəlməkdədir.
- Seçicilərlə görüşlərinizi necə təşkil edirdiniz?
- Seçicilərlə mütəmadi görüşlər keçirmişəm. Elə şikayətlərin bir çoxunu seçicilərim görüş zamanı bildirib. Bir çox seçicim səhhətlərindəki problemlərlə bağlı müraciətlər edib.
- Siz həm də tibb elmləri doktorusunuz. İnsanların daha çox müxtəlif xəstəliklərə qarşı mübarizə apardığını bilirsiniz? Əsasən, seçiciləriniz sağlamlıqları ilə bağlı sizə hansı formada müraciətlər edirdilər?
- Doğru qeyd etdiniz. İxtisasımla bağlı da müraciətlər çox olub. Düzdür, mənə bütün xəstəlik növü ilə bağlı müraciətlər olurdu. Mən də gücüm çatan formada müraciətləri dəyərləndirirdim. Bəzi xəstəliklər mənim sahəmə uyğun deyildi. O tip xəstələri isə lazım olan ünvanlara göndərirdim.
- İcra hakimiyyəti ilə münasibətlərinizi hansı formada qurmuşdunuz? Hansısa məsələdə fikir ayrılıqları olubmu?
- İcra hakimiyyəti ilə münasibətləri necə qurmlıyam ki!. O öz, mən də öz işimlə məşğul olmuşam. Fikir ayrılıqları isə iş görülən yerdə mütləq olur. İcra başçısı öz işini yaxşı bilməlidir. Deputatı olduğum Gədəbəy-Tovuz rayonlarının icra başçıları öz işini yaxşı bilənlərdəndir. Biz tez-tez görüşüb yol, su problemlərini bir yerdə həll etməyə çalışmışıq.
- Növbəti seçkilərdə namizədliyinizi vermək haqqında düşünürsünüzmü?
- Düzünü desəm, bu barədə hələ heç bir qərara gəlməmişəm. Yeni Azərbaycan Partiyasının bu barədə qərarından sonra nəsə deyə bilərəm.