Tramp Azərbaycan neftinin qiymətini aşağı sala biləcəkmi? - DEPUTAT AÇIQLADI

Tramp Azərbaycan neftinin qiymətini aşağı sala biləcəkmi? - DEPUTAT AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında neftin qiymətlərini həddindən artıq artırılmış hesab etdiyini və qiymətin azaldılmasında maraqlı olduğunu bəyan etmişdi.

D. Tramp demişdi ki, OPEK-in fəaliyyətini xoşlamır və bu təşkilatın üzvlərini qalan dünyanı soymaqda ittiham etmişdi. Bəs görəsən D. Tramp neftin qiymətini niyə aşağı salmaq istəyir və buna nail ola bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a münasibət bildirən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, D. Trampın neftin qiymətinin dəyişməsi, daha doğrusu onun qiymətinin aşağı salınması ilə bağlı OPEK qarşısında tələbi var.

Onun sözlərinə görə, bununla paralel olaraq, Amerika neftin qiymətinin yüksəlməsinə siyasi cəhətdən də şərait yaradır: "Belə ki, Vaşinqtonun bir sıra ölkələrə, xüsusən İrana qarşı sanksiyalar tətbiq etməsi və bu ölkənin xaricə neft ixracına mane olması fonunda bazarda qıtlıq və gözlənti yaranır ki, bu da "qara qızıl"ın qiymətinin daha çox bahalaşmasına gətirib çıxarır".

Millət vəkili hesab edir ki, ABŞ dünya bazarında neftin qiymətinin daha çox aşağı salınmasına dünyada və eyni zamanda öz iqtisadiyyatlarının inkişafı üçün yeni bir fürsət kimi baxır: "ABŞ-da düşünürlər ki, neftin qiymətinin yüksək olması Amerika iqtisadiyyatının, xüsusən də istehsalçıların məhsul istehsalı və ixracında maya dəyərini artıracaq. Bu baxımdan onların tələbi başa düşüləndir".

T. Mirkişilinin fikrincə, bu yolla neftin qiymətində dəyişiklik etmək qeyri-mümkündür: "Çünki qiyməti bazar, tələb-təklif müəyyən edir. Digər tərəfdən İranı əvəz edə biləcək digər ölkələrin neft hasilatını o dərəcədə artırmaq imkanları məhduddur. Özləri də etiraf ediblər ki, istehsalı bu dərəcədə artırmaq mümkün deyil. Buna görə də indiki sanksiyalar şəraitində neftin qiymətinin yüksələcəyi və yalnız bazarın tələb-təkifinin müəyyən etdiyi qiymətlərin olacağı gözləniləndir".

Bəzi ekspertlərin 1 barel neftin qiymətinin 100 dollaradək qalxa biləcəyi proqnozlarına gəlincə, deputat vurğulayıb ki, indi bütün məsələ İranın öz neftini xaricə çıxarıb-çıxara bilməyəcəyindən asılıdır: "Belə ki, bir tərəfdən İranın öz neftini xarici ölkələrə sata bilməməsi üçün ABŞ-ın sanksiyaları var, digər tərəfdən isə İrandan neft alan ölkələrin "qara qızıl"a görə ödənişi başqa ödəmə sistemilə həyata keçirməklə bağlı planları mövcuddur. Əgər bu plan baş tutarsa, neftin qiymətini çox yüksələcəyini gözləmək olmaz. İran neftini satmaq mümkün olmayacaqsa, yaxud Suədiyyə Ərəbistanı və digər neft ölkələrinin Hörmüz boğazı ilə bağlı ortaya qoyduğu mövqe ilə bağlı müəyyən hadisələr, siyasi hadisələr baş verərsə, neftin qiymətinin daha da qalxma imkanı var. Bütün bunlar daha çox iqtisadi deyil, siyasi səbəbərdir. İndiki halda siyasi səbəbləri proqnozlaşdırmaq çox çətindir".






Fikirlər