Rusiyaya SANKSİYALAR: Azərbaycanlı fermerlər qazanacaq, yoxsa itirəcək? - GƏLİŞMƏ
Rusiya-Ukrayna müharibəsi fonunda rublun ucuzlaşması Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixrac edənlərin potensialı gəlirlərini təxminən 40 % azaldıb.
Bunu "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.
O qeyd edib ki, Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz orada rublla satılır, daha sonra əldə olunan gəlirlər ABŞ dolları formasında Azərbaycana qayıdır:
“Hazırda isə Rusiyada 1 dollar 110-120 rubla bərabərdir. Bu da o deməkdir ki, potensial gəlirlərimizin təxminən 40%-dən məhrum olmuşuq. Üstəlik Rusiya banklarının məlum vəziyyətə görə həmin pulu Azərbaycana köçürüb-köçürməyəcəkləri sual altındadır. Odur ki, ixracatçıların dövlətin dəstəyinə eytiyacı var. Dəstək mexanizmləri bütün dünyada sahibkarlara aylıq, kommunal, istehsal xərclərinin ödənilməsi üçün müxtəlif formalarda maddi yardımlardan ibarət olur”.
Bundan başqa, Bəşir Quliyevin sözlərinə görə, son günlər meyvə-tərəvəzin Rusiya bazarlarına çatdırılması da çətinliklərlə müşayiət olunur:
"Azərbaycandan Rusiyaya ixrac olunan meyvə-tərəvəz qonşu ölkənin sərhədində qalıb. Rusiyaya girişdə böyük tıxaclar var. Fevralın 14-dən yüklənmiş maşınlar o tərəfə keçə bilməyib. Rusiya sərhədində maşınların keçmə sürəti çox aşağıdır, gün ərzində az sayda maşın buraxırlar. On gün tıxacda qalan maşınlar var. Rusiyadan Azərbaycana qayıdan maşınların da böyük tıxacı yaranıb”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə 5,7 % çox - 641,6 min ton meyvə-tərəvəz ixrac edib. Ötən il bu məhsulların ixracından əldə olunmuş gəlir əvvəlki illə müqayisədə 3,7 % çox - 630,4 milyon dollar təşkil edib.
Bu ilin yanvar ayında isə Azərbaycan 43 805 ton meyvə-tərəvəz ixrac edərək 52,8 milyon dollar gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,3 % və 42,5 % çoxdur.
Bildirək ki, Azərbaycan məhsullarının əsas ixrac bazarı Rusiyadır. Hazırda Rusiya iqtisadiyyatında yaranan problemlər ixrac imkanlarını məhdudlaşdırmaqla yanaşı ixracatçıların gəlirlərinə də böyük ziyan vurmaqdadır. Fermerlər həmin məhsulu ölkə daxilində bazara təqdim etsə belə, yüksək gəlir əldə etməyən sahibkar artıq istehsalda maraqlı olmayacaq.
Mövcud problemlərin həlli üçün sahibkarlara dövlət tərəfindən hansı dəstək göstərilə bilər? DİA.AZ-ın məlumatına görə, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, ölkədə idxalın və ixracın diversifikasiyası hər zaman vacib amil kimi səslənib:
“Yəni bu şaxələndirmənin bəhrəsi məhz belə ekstremal şəraitlərdə lazım olur. Bu gün Azərbaycan pomidorunun Rusiyaya ixrac edilməsi, buğdanın 80 faizindən çoxunun Rusiyadan idxal edilməsi təhlükəlidir. Ona görə də bu riskləri aradan qaldırmaq üçün hökuməti daim idxalın şaxələndirilməsini stimullaşdırmağa çağırmışıq.
Təəssüf ki, Azərbaycan burada heç bir rol oynamadı, Rusiya ilə birtərəfli idxal və ixrac siyasəti yürütdü. İndi də onun acı nəticələrini görürük. Rusiyanın üzərinə qoyulan sanksiyalar, böyük bankların SWİFT-dən ayrılması ilə bir həftə ərzində 1 dollar 1000 rubl bahalaşa bilər. Bunun da nəticəsində bizim idxalçılarımız müəyyən uduş əldə etsələr də ixracatçılar böyük zərərə düşəcəklər. Hazırda hökumət idxalın və ixracın diversifikasiyasını stimullaşdırmalıdır. Kənar bazarlar axtarmalıdır. Onsuz da Azərbaycanın qeyri-neft ixracı o qədər də böyük deyil. Hökumət həm ölkə daxilində məhsul istehsalının keyfiyyətinin yüksəldilməsi, həm də ixracatın diversifikasiyası üçün stimullaşdırıcı addımlar atmalıdır.
Məsələn, bu gün Azərbaycan fermeri dünya standartlarına uyğun məhsul istehsal edə bisəydi elə bir ciddi problem olmazdı.
Məhsulu Rusiyaya deyil, Avropaya göndərərdi. Əgər bu gün biz standartlara uyğun pomidor istehsal edə bilmiriksə, bu bizim daxili problemimizdir. Rusiya, Azərbaycan bazarına yarayan keyfiyyətdədir. Ona görə də indi ölkə daxilində yüksək keyfiyyətli məhsul istehsalına nail olmaq lazımdır. Bunun konkret üsulları var, artıq Azərbaycan hökuməti dünya praktikasından istifadə etməlidir”.
Ekspertin fikrincə, digər tərəfdən fermerlərin məhsullarının dünyanın digər bölgələrində bazar tapmasına yardım etməlidirlər:
“Dünya təcrübəsindən öyrənə bilərlər. Yəni dövlət dəstəyi yalnız pul verməkdən ibarət olmalı deyil. Təbii ki, fermerə, istehsalçıya kredit, subsidya vermək lazımdır. Sadəcə olaraq, Azərbaycan idarəetmə foması, korrupsiya, rüşvətxorluq buna imkan vermir. Hökumətin ciddi problemləri var.
İstəyir ki, fermerə yardım eləsin, ancaq o yardım gedib fermerə çatmır. Fermer istəyir ki, ucuz kredit götürsün, ucuz kreditlərin hamısını oliqarxlar götürür. Ucuz krediti götürüb ev, avtomobil, yaxta alırlar. Hədəf vurulmadığına görə, nəticəsini də görmürük. Ümumi istiqamət olaraq hökumət yardım etməlidir, dəsrtək verməlidir. Ancaq dəstək səmərəli deyil. Çünki sistem o səmərəni dərhal minimuma endirir.
Fermerlər, idxalçı və ixaracatçılar çətin vəziyyətə düşəcəklər. Rusiyada elə bir vəziyyət yarana bilər ki, ixracat dayana bilər. Ölkənin daxilində taxıl problemi yarana bilər. Bu problemi aradan qaldırmaq üçün zamana ehtiyac olur. Başqa ölkələrlə müqavilə bağlamaq, ixracatçı tapmaq vaxt aparacaq. Bu kimi hallar üçün əvvəllcədən idxal və ixarac diversifikasiya edilməli idi. Buna uyğun da daxildə işlərimizi qurmalı idik ki, artıq bu, keçib. Ən azından hökumət bundan sonra səmərəli addımlar atmalıdır. İnanmıram ki, ciddi addımlar atılsın, hər halda buna cəhd etməlidirlər”.