Taxta materialları kəskin bahalaşdı ...
Paytaxt Bakının tikinti materialları, xüsusən taxta bazarında qiymətlər yüksəlib. Xezerxeber.az-ın məlumatına görə, həm pandemiya, həm də Rusiya-Ukrayna müharibəsi bu sahəyə də təsirsiz ötüşməyib. Sahibkarların sözlərinə görə, son bir ay ərzində Azərbaycana Rusiyadan idxal edilən taxta materiallarının həcmi dəfələrlə azalıb. Bu isə qiymətlərin yüksəlməsinə səbəb olub. Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Belarus taxta materiallarının ixracı üçün yeni bazarlar axtarışındadır. Azərbaycan bu baxımdan önə çıxa biləcək ölkələrdən ola bilər. Sahibkarlar deyirlər ki, ölkəmizə Belarusdan da az həcmdə taxta materialları idxal edilir. İqtisadçı Xalid Kərimli hesab edir ki, hazırkı vəziyyətdə Belarusdan idxal edilən taxta materiallarının həcmi artsa, yerli bazarda qiymətlər enə bilər. Ekspert vurğulayıb ki, yerli sahibkarlar Belarusdan taxta materiallarının idxalında fəal olsalar qarşıdakı dövrdə bu sektorda yenidən canlanma yarana bilər.