Bakıda binaların zəlzələyə dözümlülüyü bu qurğu ilə yoxlanıla bilər?
“Xaricdə binaların zəlzələyə davamlılığını yoxlamaq üçün bir sıra qurğular istifadə edilir. Azərbaycanda isə binaların tikilməsiylə bağlı sovet dövründən qalmış müəyyən bir təcrübə və elmi əsaslar var. Çünki sovet hökuməti dövründə inşa olunan binalar elmi-tədqiqat institutları tərəfindən aparılmış xüsusi layihələr üzrə hazırlanıb inşa olunub. Həmin layihə institutları SSRİ dağılandan sonra hələ də Azərbaycanda qalmışdı deyə, onlar tərəfindən hazırlanmış müəllif işləri üzrə proses davam etmişdir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında inşaat üzrə mütəxəssis Elnur Azadov deyib. O, xaricdə tikilən binaların zəlzələyə dözümlülüyü ilə bağlı tətbiq olunan xüsusi mexanizmlərdən və bunun Azərbaycanda da tətbiq edilməsi yollarından söz açıb. E. Azadov söyləyib ki, 2006-cı ildən sonra artıq FHN-də Tikintiyə Nəzarət Agentliyi yaradılmışdı ki, bu qurum da binaların layihələndirilməsi və təsdiq edilməsində iştirak edirdi: “Yəni layihələr təsdiqlənir, binalar inşa olur, inşa prosesində onlardan nümunələr götürülür. Bina inşa olub bitəndən sonra da artıq həmin rəylər toplanılır, binanın tikintisinin müəllif sənədlərinə uyğun olub-olmaması yoxlanılır və son rəy verilir. Bununla da bina ya istismara qəbul olunur, ya da yox. Bu proses ənənəvi olaraq belə davam edir, nəinki xüsusi qurğularla...”
“O ki qaldı yeni texnologiyaların tətbiq olunmasına, hesab edirəm ki, bu, çox geniş bir sahədir. Ona görə də elmi-tədqiqat institutları ya bunun üzərində işləməli, ya da ki, xaricdə olan texnologiyanı Azərbaycana gətirən bir şirkət olmalıdır ki, bunu Azərbaycan normativlərinə uyğun tətbiq etsinlər”, – əlavə edib. Müsahibimiz nümunə də çəkib: “Məsələn, birinci mikrorayon bazarının arxasına metal konstruksiyadan inşa olunmuş bir bina var. Həmin MTK binanı yarıya qədər tikdi, lakin FHN yaranandan sonra onun tikintisini dayandırdı və o bina hələ də qalıb. Ona görə ki, Azərbaycanda bu texnologiya dövlət və elmi-tədqiqat institutları tərəfindən təsdiq olunmayıb, normativlərimizə uyğun deyil”. Binaların sınağından söz açan ekspert söyləyib ki, 2006-cı ildən sonra inşa olunmuş və istismara qəbul olunmuş binalarda bir problem görmür: “Əgər sonradan onun istismar prosesində binaya müdaxilə olmayıbsa, mənə elə gəlir ki, burada belə bir problem yoxdur. Seysmik məsələlərdə də belə bir yanaşma var: binanın seysmik bal baxımından dayanıqlılığı bir məsələ, zəlzələnin episentrinin binaya yaxın olması və müddətin uzun çəkməsi isə digər bir məsələ. Məsələn, 7-8 bal gücündəki zəlzələ üçün bina sınaqdan keçsə belə, o zəlzələnin təsiri ilə yanaşı müddəti də önəmlidir. Türkiyədə onun müddəti həddindən artıq çox oldu, 1-2 dəqiqə oldu təxminən. Amma 2000-ci ildə Bakıda olan zəlzələ 15-20 saniyə çəkdi. Ümumiyyətlə, Türkiyə baş verən hadisə çox qeyri-adi bir haldır. Çünki o ərazi 3 litosfer qatının birləşmə nöqtəsidir. Fikrimcə, o ərazilərdə yaşamaq tamamilə təhlükəlidir. Texnologiyadan asılı olmayaraq, orada yaşayış olmamalıdır”.
Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi Şöbəsinin rəhbəri, seysmoloq Qulam Babayev isə düşünür ki, həmin qurğular başda Yaponiya olmaqla bir sıra inkişaf etmiş ölkələrə imkan yaratdı ki, zəlzələnin proqnozunu qabaqcadan təyin edə bilməsələr də, həmin qurğulardan istifadə edərək binanın dözümlülüyünü yoxlasınlar: “Çünki dəqiq yeri, gücü, zamanı və dərinliyi demək mümkün deyil. Lakin onlar bu barədə müəyyən nailiyyətlər əldə ediblər. Eləcə də o qurğuların tətbiq olunması Yaponiyaya uğur gətirdi ki, 2011-ci ildəki güclü zəlzələ zamanı binalar çökmədi, sadəcə əsirdilər”. “İndi sual edirlər ki, zəlzələ baş versə, Bakıda neçə bina buna tab gətirə bilər? Düzünü desəm, bunu demək çətindir. Amma Bakı və Abşeron yarımadası hər zaman Xəzər dənizində olan seysmik ocaqlardan təhlükəyə məruz qalırlar. Biz sovet binalarını da götürsək, görərik ki, onlar 2000-ci il zəlzələsinə tab gətirdilər. Lakin o vaxtdan bu günə qədər 23 il keçib. O 23 ilin ərzində bina, həmçinin, yaşlanır. Üstəgəl, o binalarda daxili və xarici tərəfdən konstruksiya dəyişilib. Bu da həmin binaların dayanıqlılığına və dözümünə təsir göstərir”, – yekunlaşdırıb. Rafi MÜSLÜMOV