Agentliyin 2,3 milyonluq tenderində qalib olan şirkət sabiq nazirə məxsusdur? - DETALLAR
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs tərəfindən aprelin 5-də elan edilən tenderin nəticələri və qalibi açıqlanıb. Bizim.Media xəbər verir ki, “Yeni yük avtomobillərinin, həmçinin mövcud yük avtomobilləri üçün arxa hidravlik liftlərin” satın alınması tenderinin qalibi “Az-Tex-Import” MMC (VÖEN - 2004502101) olub. Yaxın günlərdə tərəflər arasında imzalanacaq 2 milyon 369 min manatlıq satınalama müqaviləsinin şərtlərinə əsasən, şirkət Dövlət Agentliyi üçün 10 ədəd soyuducu tipli yeni yük avtomobilinin və yük avtomobilləri üçün 10 ədəd yük götürmə qabiliyyəti 2 ton olan mövcud arxa hidravlik liftin alınmasını həyata keçirəcək. Qeyd edək ki, “Az-Tex-Import” MMC 19 ilul 2017-ci ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 226 min 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev-2347/48, qanuni təmsilçisi isə İbadullayev Samir Sahib oğludur. İnternet resurslarında apardığımız araşdırma zamanı şirkətin əslində keçmiş ƏƏSM naziri Füzuli Ələkbərova məxsus olduğu ilə bağlı məlumatlara rast gəldik. Bildirək ki, Samir İbadullayev “Arletta” MMC adlı başqa bir şirkətin qanuni təmsilçisidir. Amma həmin şirkət 6 oktyabr 2016-ci il tarixdə yaradılıb və hüququ ünvanı kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib. 2017-ci ildə yaradılan şirkət 2010-cu ildən iş başındadır “Az-Tex-Import” MMC 19 iyul 2017-ci ildə dövlət qeydiyyatına alınsa da, 2020-ci ilin apel ayından başlayaraq ilin sonuna qədər 10 tenderin qalibi olub və ümumi dəyəri 14 milyon 209 min 762 manat olan satınalma müqavilələri imzalayıb. Bu müqavilələrin səkkizi Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan idarə və müəssisələrlə, birini Bakı Nəqliyyat Agentliyi, digərini isə “BakuBUS” MMC ilə bağlayıb. Şirkət 2021-ci ilin mart ayında Əmanətlərin Sığortalanması Fondunu (ADIF) məhkəməyə verib. Bank əmanəti və bank hesabatı müqavilələri ilə bağlı yaranan mübahisələrin həll olunması işinə Bakı Kommersiya Məhkəməsində baxılıb. Məhkəmənin necə bitməsi ilə bağlı isə heç bir məlumat yoxdur. Şirkət 26 noyabr 2022-ci ildə Kommunal Xidmətlər Müəssisəsinin 995 min manat dəyərindəki "Nəqliyyat və xüsusi texnikaların satınalınması" tenderinin qalibi seçilib. Bu ilin mayın 2-də isə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti” PHŞ-nin “nəqliyyat və xüsusi texnikaların alınması” ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Və tərəflər arasında 965 min 962 manatlıq tender müqaviləsi imzalanıb. “Az-Tex-Import” MMC dövlətdən də dəstək alır Diqqətə çatdıraq ki, mayın 4-də isə “Az-Tex-Import” MMC-yə daxil olan “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə investisiya həcmi 7,4 milyon manat olan, mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını nəzərdə tutan zavodun təməli qoyulub. “Az-Tex-Import” MMC tərəfindən isə Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsini həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur.