Azərbaycanda yeni təqaüd proqramı təsis edildi...

Azərbaycanda yeni təqaüd proqramı təsis edildi

Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi arasında Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramının təsis edilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb. 

QHT.az xəbər verir ki, Memorandumu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə imzalayıblar.

Tədbirdə Elm və Təhsil Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycan Mətbuat Şurasının, dövlət və özəl qurumların, təlim və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, təqaüd proqramının Azərbaycanın ilk riyaziyyatçı qadın alimi, riyaziyyat elminin inkışafında böyük töhfəsi olan Maya xanım Hacıyeva adına olması xüsusi əhəmiyyətə malikdir: “Maya Hacıyevanın əslən Şuşalı olması isə, təqaüd proqramını hər birimiz üçün doğmalaşdırır”.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye və biznes nümayəndələrinin iştirakının əvəzsiz rol oynadığını bildirib: “İnnovativ mühitin yaradılmasını sənayenin iştirakı və tərəfdaşlığı olmadan təsəvvür etmək mümkün deyil. Dəyişən dünyada universitetlərin də dəyişən rolunu nəzərə almağa gərək var. İştirakçıları AzTU-da əsası qoyulan universitet-sənaye işbirliyi mərkəzindən yararlanmağa dəvət edirəm. Ümid edirik ki, digər ali təhsil ocaqlarında da bu cür mərkəzlər yaradılacaq..  

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli formalaşan əmək bazarının açarının hər zaman təhsil olduğunu vurğulayıb: “Təhsil dedikdə ənənəvi təhsili deyil, təhsildə yeni metodlar və yanaşmalar nəzərdə tutulur. Müasir dünyada gənclərin inkişafı, fərdi şəkildə əmək bazarına hazırlanması prosesində bu kimi layihələr çox böyük önəm daşıyır”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva vətəndaşlarımızın hazırda dövlət və özəl qurumları tərəfindən yaradılmış imkanlardan faydalana bildiyi üçün çox şanslı olduqlarını vurğulayıb: “Azərbaycanda müxtəlif qurumlar tərəfindən verilən təqaüdlərin yalnız 35%-nin qadınlar tərəfindən əldə edilib. Bu tip təqaüd və dəstək proqramlarında qadınların xüsusi ehtiyaclarının nəzərə alınması vacibdir”.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir: “Bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də çox vacibdir”.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib: “Əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır”.

Qeyd edək ki, təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqrama Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər. 






Fikirlər