Bu ilin yanvar-oktyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb.
Publika.az xəbər verir ki, bu növ sığortadan toplanan sığorta haqqı 3 dəfə artaraq 2,7 milyon manat təşkil edib. Bundan başqa, kreditlərin sığortasında yığım 1,5 dəfə artaraq 622 min manat təşkil edib.
Deputatların icbari şəxsi sığortasında isə yığım 2 dəfə artaraq 104 min manat olub.
Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 31,5% artaraq 57,7 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 7,7% artaraq 362 min manat, tibbi sığortada 2,7% artaraq 60,7 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,2% artaraq 28,2 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 36,5% artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 4,8% artaraq 28 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 55,5% artaraq 22,9 milyon manat, avtomobillərin icbari sığortasında isə 10,3% artaraq 64,9 milyon manat təşkil edib.
10 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib.
Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 38,7% azalaraq 1,2 min manata düşüb.
Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 18,3% azalaraq 11,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 27,1% azalaraq 7,1 milyon manat, səfər sığortasında 1,2% azalaraq 1,8 milyon manat, avtomobillərin könüllü sığortasında 22,1% azalaraq 24,7 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 10% azalaraq 304 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 12,6% azalaraq 111 min təşkil edib.