“Yastıq altında” 15 milyard: Az gəlir üçün riskə getmirlər...
Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov danışıb. Onun sözlərinə görə, "yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Rəşad Həsənov bunun səbəblərini açıqlayıb: “Bu, uzunmüddətli prosesin nəticəsidir, birdən-birə yaranmış vəziyyət deyil. 2015-ci ildən sonra biz qarşılıqlı güvənsizlik formalaşmış münasibətləri müşahidə etmiş olduq. Burada problem təkcə pul banklarda niyə saxlanılmır məsələsi deyil. Əhalinin əlində passiv pul kütləsinin toplanmasının müxtəlif səbəbləri var, bunlardan birincisi nağd iqtisadiyyatdır, iqtisadiyyat əhəmiyyətli səviyyədə olduğu halda, təbii ki, insanlar nağd vəsaitləri saxlamağa daha çox meylli olurlar”. İqtisadçı vətəndaşların əmanətlər barədə məlumatsız olmasının da buna təsir etdiyini bildirib: “Bundan əlavə, biz əksər vətəndaşlarda məlumatsızlıq müşahidə edirik. Onlar vəsaitlərini hansısa formada dəyərləndirmək yolları barədə çox da məlumatlı deyillər. belə olan halda, vətəndaşlar ənənəvi üsullara – pulu evdə, yastıq altda saxlamağa daha çox üstünlük verirlər. Bu, əmanətlərin sığortalanması haqqında az məlumatın olması, sığortalı əmanətlərin tamamilə risksiz olması haqda məlumatın olmamasından qaynaqlanır. Məlumat qıtlığı, düzgün olmayan proqnozlaşdırma bu prosesə öz təsirini göstərir. İnsanlar düşünür ki, manat nə vaxtsa devalvasiyaya uğrayacaq, bu hər ay onları gözləyən risk kimi qarşılarında dayanır və xarici valyutada əmanətlər minimum faizlərlə cəlb edildiyi üçün insanlar həmin vəsaitləri banka qoymağa ehtiyac görmürlər. Eyni zamanda, son vaxtlar bankların da vəsaitlərə ehtiyacı azdır. Banklar vəsaitləri real sektorda, bazarda yerləşdirə bilmirdilər. Belə olduğu təqdirdə, onlar əmanət faizlərini aşağı çəkdilər. Əmanət faizlərinin aşağı düşməsi və əmanət gəlirlərindən də vergi tutulmağa başlanması marağı aşağı saldı. İnsanların marağı bankların bağlanmasından sonra daha da düşdü. İnsanlar az gəlir fonunda risklərə getmirlər”.