Dəfələrlə ölkə ərazisində mənşəyi məlum olmayan heyvan ətlərinin satışı ilə rastlaşmışıq. Daxili İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görür, mənşəyi məlum olmayan heyvan ətlərini satmaq istəyən şəxsləri yaxalayır, məsuliyyətə cəlb edir. Amma bəzi işbazlar hələ də ölmüş heyvan, uzunqulaq ətlərini rayonlardan yığaraq ucuz qiymətə xüsusi alverçilərə satır. Məlumata görə, həmin ətlər paytaxt ərazisindəki dönərxana və ucuz kafelərə də satılır.
Bakının "8-ci kilometr” bazarındakı ət bazarında müşahidə apardıq. Bazarın ət satışı cərgəsindəki mənzərə heç də ürəkaçan deyil, elə antisanitar şəraitdə fəaliyyət göstərən ət cərgəsində satılan ətlərin vəziyyəti də. Ətlərin harda kəsilib gətirildiyi də məlum deyil.
Ən maraqlı məsələ isə burada satılan ətlərin qiymətidir. Məlumdur ki, 1 ildən çoxdur ölkədə mal ətinin qiyməti 14-15 manat arasıdır. Sümüksüz mal ətinin qiyməti isə 16-18 manatdan ucuz deyil. "8-ci kilometr” bazarında isə rast gəldiyimiz qiymətlər adamı diksindirir.
Ət satılan ilk piştaxtaya yaxınlaşanda satıcı dərhal qarşımı kəsərək, "əmoğlu, bir dənə ətə bax, kişmişdi e...” dedi və piştaxtanın üstündən sallanan ətləri yelləməyə başladı: "Bir saatdı kəsmişəm, hələ buxarı üstündədir. Gəl bura, elə qiymət deyəcəm ki, başqasına baxmayacaqsan. 90 kiloluq danadır, rayon heyvanı, yağlı. Nəyə istəyirsən and içim, bazarda belə ət tapa bilmərsən. Təmiz yağdı, öz yağında bişəcək”.
Satıcının dediyi "kişmiş ət”in rəngi sapsarı idi. Satıcı elə qiymət dedi ki, həqiqətən də inanmırsan ki, bazarda o qiymətə ət ola: "Bax, səhər 9 manata satdığım ətdi, sənə 8 manata verəcəm. Ətə söhbət yoxdu, körpə danadı. Neçə kilo çəkim?”
Satıcının bu "endirim” qiymətindən sonra dərhal başqa piştaxtaya yaxınlaşmaq istəyəndə bu dəfə 55-60 yaşlı kişi yolumuzu kəsir. Bu satıcı da bəndənizi öz piştaxtasına çəkərək "bazarın ən ucuz əti məndədir” deyib reklama başladı: "Bərdə heyvanıdır. Mən başqa yerdən heyvan almıram, özüm gətirib kəsirəm, tanıdığım adamın fermasındandı. Bir dəfə ət alsan, həmişə məndən alacaqsan, başqa yerə getməyəcəksən. Nömrəmi də verirəm, pis ət olsa zəng edərsən. Sümüyü də maksimum çıxarmışam”.
Bu satıcıdan da ətin qiymətini soruşuram. Qiymət dəyişmir. Dediyinə görə, səhər ətin kiloqramını 9 manata satıb, indi isə 8 manata qədər "endirim” edəcək.
Satıcıdan belə ucuz qiymətin səbəbini soruşanda isə cavabı bu oldu: "Bilirəm, qiyməti ucuz olduğuna görə almaq istəmirsən. Hər yerdə ətin qiyməti 14-15 manatdı. Mən özüm gətirirəm heyvanı, ona görə ucuz satıram. Əhalini nəzərə almaq lazımdı. Camaatda pul yoxdu, ona görə ucuz satıram. Həm də bizim bazarda hamı ucuz satır deyə, rəqabət var”.
Qarşıma çıxan daha bir piştaxtada müştəri axtarmayan satıcıya yaxınlaşıb onda satdığı ətin qiymətini soruşuram. Satıcı ağızucu "10 manat 50 qəpik” deyib yenə işinə davam edir. Niyə bu ətin qiymətinin digərlərindən baha olduğunu soruşanda isə satıcı "demək ki fərq var ətdə” dedi. Onu da dedi ki, ucuz olan ətlər hamısı qoca inəklərdir: "Mən isə rayondan cavan danalar gətirirəm, baha satıram. Ətin fərqinə də bax, göz qabağındadır”.
Qeyd edim ki, bütün piştaxtalardakı ətlərin üzərində baytarlıq möhürü var. Maraqlı məqam odur ki, həmin ətlərin sağlam kəsim olmasını hansı baytarlıq labaratoriyası təstiqləyir, necə təstiqləyir və hansı əsasla möhür vurur? Kiloqramı 8 manata satılan ətin hansı keyfiyyətindən danışmaq olar? Şəhərin ən tanınmış ticarət mərkəzlərindən olan bu bazarda bu cür şəraitə göz yumanlar hansı məqsədi güdür?