Devalvasiya ilə bağlı xəbərdarlıq - “2025-ci ildə qərar verilə bilər”
Yaxın aylarda Azərbaycanda növbəti devalvasiyanın olacağı ilə bağlı xəbərlər yayılır. Bu iddialar nə dərəcədə doğrudur? Yaxın zamanlar üçün Azərbaycan manatını hansısa təhlükə gözləyirmi? Mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, ticarət və tədiyyə balansında müsbət saldonun azalması manatın dəyərdən düşməsi və ya devalvasiyaya səbəb ola bilər:
“Son aylarda ölkənin tədiyyə balansında azalmaların olduğunu görürük. Ölkənin satdığı malla aldığı mal arasında kifayət qədər fərq yaranıb. Adətən ili 7-8 milyard dollarlıq müsbət saldo ilə bağlayırdıq. Elə il olurdu ki, ili hətta 10-12 milyard dollarlıq müsbət saldo ilə başa vururduq. Neft hasilatının azaldılması, qaz qiymətinin gözləntilərdən aşağı səviyyədə olması ilə əlaqədar ölkəyə valyuta daxilolmaları azalıb. Ona görə də, həm ticarət, həm tədiyyə balansında müsbət saldo müşahidə olunmur”. Ekspert hesab edir ki, bütün bunlar nəzərə alınarsa, manatın devalvasiyası, yaxud dəyərdən düşməsi ilə bağlı qərar verilə bilər: “Ola bilər ki, bu, heç bu il baş verməsin. Çünki bu ilin sonuna qədər prosesi müəyyən dərəcədə idarə etməyə ehtiyyatlar var. Gələn il belə bir qərarın verilmə ehtimalı isə kifayət qədər yüksəkdir. Çünki, Azərbaycanda neftin hasilatında ciddi artım olacağı proqnozlaşdırılımır. Beynəlxalq təşkilatlar da Azərbaycanda hasilatın azalacağını proqnozlaşdırır. Belə bir şəraitdə manatla bağlı qərar verilə bilər. Bizdə inzibati məzənnə rejimidir, yəni proses bazar tərəfindən tənzimlənmir. Ona görə də, devalvasiya ehtimalı kifayət qədər yüksəkdir”.
Natiq Cəfərli xatırladıb ki, məzənnəyə 10 ildən bir edilən dəyişikliklərlə dollar ehtiyatları qorunur: “Azərbaycanda 2005-2015 -ci illərdə sabit məzənnə rejimini gördük, 1 dollar 78-79 qəpik idi. Bu 10 il çəkdi. 10 ildən sonra 3 pilləli devalvasiya oldu. İndi 2025-ci ildə yenə həmin 10 illik müddət tamamlanır. Belə bir ehtimal var ki, hökümət 10 ildən bir məzənnədə müəyyən dəyişiklik etməklə dollar ehtiyyatlarını qorumağa çalışır”. İqtisadçının sözlərinə görə, Azərbaycanda dolların məzənnəsi dəyişərsə, bu, məhsul və xidmətlərdə qiymət artımı ilə müşaiyyət olunacaq: “Biz idxaldan asılı ölkəyik. Bir çox məhsulları xaricdən alırıq. Dolların məzənnəsi dəyişsə, Azərbaycanda qiymətlərin növbəti artım dalğasına şahidlik edəcəyik. Ərzaq məhsullarının 74%-ə yaxınını xaricdən alırıq. Təbii ki, belə olan halda qiymət artımı qaçılmaz olacaq. Amma elə məhsullar var ki, həmin məhsul üzrə idxaldan az qala 100% asılıyıq. Məsələn, dərman preparatlarından 96 faizlik asılılıq var, cəmi 4 faiz yerli istehsaldır. Bu o deməkdir ki, xaricdən gətirilən dərmanların qiymətində kəskin artım ola bilər. Televizor, paltaryuyan, soyuducu və digər məişət texnikaları üzrə idxaldan asılılığımız 100 faizdir. Həmin məhsullarda da ciddi qiymət artımı olacaq. Həmçinin avtomobillərin və onların ehtiyyat hissələrində qiymət artımı kəskin ola bilər”.