Beynəlxalq Bankda rekord zərər - 216 milyon
“Qafqazinfo” “Marja”ya istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” verdiyi kreditlərdə böyük zərər edib. Bankın kredit faizlərindən 380 milyon 406 min manat gəlirinə qarşı 477 milyon 584 min manat xərci olduğundan, kreditlərin verilməsinə görə, 212 milyon 726 min manat zərərə düşüb. Bankın xərcləri, banklara və müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlara 328 milyon 274 min manat ayırdığına görə yüksək olub. Bankın bir sıra digər kiçik gəlirləri də nzərə alınaraq inzibati və digər xərcləri çıxıldıqdan sonra 215 milyon 850 min manat zərəri yaranıb. Bank 1 səhmə 0,09 manat zərər açıqlayıb. Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” 2014-cü ili 14 milyon 363 min manat mənfəət ilə başa vurmuşdu. 30 İyun 2015-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri 10 milyard 757 milyon manat təşkil edib. Aktivlərin 9 milyard 352 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə Bankın cəmi aktivləri təxminən 1 milyard 37 milyon manat və ya 11% artıb. Bankın kredit portfeli isə 1 milyard 498 milyon manat və ya 19% artıb. 30 İyun 2015-ci il tarixinə bankın cəmi öhdəlikləri 10 milyard 235 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyard 723 milyon manat və ya 20% çoxdur. Bu ilin birinci yarısında Bankın cəmi kapitalı 173 milyon 755 min manat azalaraq 521 milyon 829 min manata geriləyib.