Pensiya ilə bağlı nə dəyişiklik edilib? - YENİ QAYDALAR

Image result for Pensiya ilə bağlı nə dəyişiklik edilib? - Yeni qaydalar 

“Əmək pensiyaları haqqında” qanunda edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranmış şəxslərin 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış qaydada aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  daxil olan məlumata görə,  bu da pensiya hüququ yaranan vətəndaşların həmin hüquqlarını rahat şəkildə reallaşdırmasına səbəb olacaq.

Belə ki, pensiya şəxsə heç bir sənəd tələb olunmadan onun pensiya hüququnun yarandığı gün təyin ediləcək və onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, təyin edilmiş pensiyanın məbləği, pensiyanı almaqdan ötrü ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə sms vasitəsilə  məlumat veriləcək.

Eyni zamanda, 2019-2020-ci illərdə yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Həmin 25 illik stajın və eləcə də 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınan pensiya kapitalının qanunvericiliyin tələbləri əsasında indeksləşdirilməsi aparıldıqdan sonra formalaşan ümumi pensiya kapitalı əsasında pensiya təyin olunacaq.  (Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, onların faktiki sosial sığorta stajı nəzərə alınacaq.)

2021-ci ildən isə qanunla müəyyən edilmiş yaş həddinə çatan şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il, 2022-ci ildə 23 il, 2023-cü ildə 22 il və s. hesablanacaq.

Əlillik qrupu müəyyən edilmiş şəxslərə isə əlilliyə görə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən isə pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı yanvarın 1-dək olan sığorta stajı da həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanacaq.  
2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikliklərlə bağlı əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı gözlənilir. Ümumlikdə bu islahatla bağlı gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənilir. 

Növbəti ildə əmək pensiyası hüququ yaranacaq şəxslərdən 30 faizinə isə pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılması şamil olunmayacaq. Həmin şəxslərin sırasına 2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. kateqoriyadan olanlar daxildir. Lakin gələn il ərzində həmin kateqoriyadan olan vətəndaşların pensiya təyinatının avtomatlaşdırılması üçün həm qanunvericilikdə, həm də aidiyyəti qurumlarla birgə elektron proqram təminatının qurulması istiqamətində işlər aparılacaq.






Fikirlər