Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovunqardaşı Əvəz Əhmədovun məhkəməsi başlayıb.
"Qafqazinfo" xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Zərərçəkmiş Rəşad Tahirov mülki iddia verərək Ə. Əhmədovun ona dəyən ziyanı ödəməsini tələb edib.
Ə. Əhmədovun vəkillərinin cinayət işinə xitam verilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatətləri təmin edilməyib.
Proses dekabrın 19-da davam etdiriləcək.
İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub.
O, 2016-cı ilin iyun ayında polkovnik Hörmət Əskərova sələmə 100 min dollar pul verib. Hörmət isə pulu və faizini qaytara bilməyib. Buna görə iyulun 2-də H. Əskərovu "Parkplyus" əyləncə mərkəzində yerləşən ofisinə çağırıb qapını bağlayaraq girov saxlayıb və pulu verməyəcəyi təqdirdə buraxmayacağını deyib. Həmin zaman ona bir neçə dəfə zərbə də vurub. Daha sonra Rəşad Tahirovun qohumu Hörmətə kömək edəcəyini vəd etdiyini öyrənib. Bunu bəhanə edərək Rəşad Tahirova mesaj yazaraq onu və ailə üzvlərini məhv edəcəyi ilə hədələyib. Ə.Əhmədov avqust-sentyabr aylarında Rəşad Tahirovdan 140 min dollar alıb.
H. Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.
H. Əskərov da dələduzluğa həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. Onun bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul "atıb". H. Əskərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.
H. Əskərov Rəşad Tahirovun arvadının qohumudur.
, Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.
Fikirlər