“Arzuya 10 min verəcəyimi deyib əməliyyatçıları çağırdım”
Diplom təsdiqlətmək adı ilə vətəndaşı aldadan Bakı Dövlət Universitetinin əməkdaşı Arzu Aslaninin məhkəməsi yekunlaşıb. Məhkəmədə məlum olub ki, A.Aslani laborant işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək vətəndaş Hünər Qəmbərova qarşı dələduzluq edib. Belə ki, o, qanunsuz saxta diplom şəhadətnaməsi hazırlatdırıb. A.Aslani Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş diplomun Azərbaycanda Təhsil Nazirliyi tərəfindən tanınmamasına baxmayaraq, həmin diplomun tanınması və Azərbaycanda hüquqşünaslıq ixtisas dərəcəsi alacağına vəd verərək vətəndaşı aldadıb. O qeyd edib ki, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışı var və onun vasitəsilə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) imkanına malikdir. Buna görə A.Aslani Hünərdən 7500 manat alıb. Daha sonra Təhsil Nazirliyi tərəfindən verilmiş xarici ali təhsil ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamələri skayner vasitəsilə kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə saxta şəhadətnamə hazırlatdırıb. Lakin H.Qəmbərov həmin diplomla işə qəbul ola bilmədiyindən onun saxta olduğunu başa düşüb. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edən şəxs Arzu Aslaniyə daha 10 min manat verəcəyinə inandırıb. Onunla görüşdə pulu verərkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmədə ifadə verən Arzu Aslani deyib ki, 2014-cü ildə Yeganə adlı tanışı ona bir nəfərin xaricdə təhsil aldığını və diplomunu nostrifikasiya etmək lazım olduğunu bildirib: “Məndən bu sahədə tanışım olub-olmadığını soruşdu. Mən əvvəllər tanıdığım Fəxrəddin Hacıyevlə danışdım. Mən Hünəri tanımırdım. Hər nə olubsa Fəxrəddinlə Hünər arasında olub. Fəxrəddin Hacıyev ölüb deyə Hünər məndən yapışıb. Mən Hünəri Rusiyada ikinci ali təhsilə düzəltməyə söz vermişdim. O pulla borcumu ödəmək istəyirdim. Xarici Dillər Universitetində çalışan rəfiqəm Xatirə Hacıyevə Hünərin İqtisad Universitetinin Dərbənd filialına qəbul olunmasında kömək edəcəkdi. Amma sonradan dedi ki, qəbul bitib. Mən də özümə pul lazım olduğuna görə, qəbul müqabilində Hünərdən 10 000 manat istədim. Amma pulu alanda məni saxladılar”. Zərərçəkmiş Hünər Qəmbərov isə deyib ki, hələ 2010-cu ildə Dağıstan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə diplom alıb: “2014-ci ildə həmin diplomu təsdiq etdirmək istəyəndə qonşum vasitəsilə Arzu adlı qadınla tanış oldum. Arzu mənə TQDK-də işlədiyinə inandırmışdı. O məndən 7500 manat istədi. Mən də pulu onun evinin qabağında özünə verdim. Arzu mənə dedi ki, rəsmi təsdiq üçün Dağıstana keçib qayıtmalısan. Görünsün ki, Dağıstanda olmusan. Mən də bir günlük sərhədi keçib qayıtdım. 2014-cü ilin payızında Arzu zəng edərək diplomun təsdiq olunması barədə şəhadətnamələrin hazır olduğunu dedi. Bir neçə dəqiqə sonra Rəhim adlı kişi zəng edərək "Təfəkkür" Universitetinin yanına gəlməyimi istədi. Orada görüşüb şəhadətnamələri aldım. Amma saxta olduğundan şübhələndim. Sonradan sənədlərin həqiqətən saxta olması müəyyən edildi. Daha sonra Arzudan pulumu geri istədim və ardınca DTX-yə müraciət etdim. O ərəfədə Arzu mənə əlavə 10 min müqabilində İqtisad Universitetinin Dərbənd filialına düzəldə biləcəyini və bununla da diplom məsələmin həll olunacağını bildirmişdi. Mən də yalandan pulu verəcəyimi dedim. Görüşüb pulu ona verəndə əvvəlcədən orada olan əməliyyatçılar Arzunu tutdular”. Arzu Aslani Cinayət Məcəlləsinin 178 və 32.4,312.2 maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayıətlər Məhkəməsinin hökmü ilə ona 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza şərti hesab olunduğu üçün A.Aslani azadlıqda qalıb. Hökmdə, həmçinin onun 7500 manat ziyanı geri ödəməli olduğu da qeyd edilib. /“Qafqazinfo”