Xarkovda döyüşlər: bir Ukrayna əsgərinə 7 Rusiya hərbçisi əsir düşdü...
Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequb ötən gün fevralın 27-də Xarkov şəhəri uğrunda gedən döyüşlər barədə danışıb. Ali Radanın telekanalına müsahibə verən vilayət rəhbəri deyib ki, hazırda şəhər tamamilə Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır. “Bütün gecə boyu bizim silahlı qüvvələrimiz rus qoşunlarının hücum cəhdlərinin qarşısını alıblar, onların kalonlarını hələ mövqelərə yaxınlaşanda məhv ediblər. Biz şəhəri tam nəzarətdə saxlayırıq”,-o deyib. Sinequb bildirib ki, ötən gün şəhərə bir neçə zirehli avtomobilin və “Kamaz” avtomobillərinin müşaiyəti ilə Rusiya bölmələri daxil olmuşdu. Amma texnikanın hamısı məhv edildi, ruslar canlı qüvvə sarıdan da ağır itki verdilər. “20-dən çox diversant məktəb binasında gizlənmişdi, amma onlar tam məhv edildi.
Şəhərə daxil olanlardan sağ qalanlar əsir düşdü. Hətta elə hal oldu ki, bir Ukrayna əsgərinə 7 Rusiya hərbçisi əsir düşdü. Dindirmədə onlar bildirdilər ki, üç gündür heç nə yemirlər, torpaq səngərdə yatırlar və Ukrayna torpağına niyə göndərildiklərini anlamırlar. Onlar deyirlər ki, əsgərlərin çoxu bu hücumda iştirak etmək istəmir”,-vilayət rəhbəri deyib