ADAU-da NƏLƏR BAŞ VERİR? - İTTİHAM VAR!
"Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində korrupsiya və özbaşınalığın həddi-hüdudu yoxdur. Aidiyyəti orqanlara dəfələrlə müraciət olunmasına baxmayaraq bunlardan nəticə çıxarmaq istəməyən rektor İbrahim Cəfərov rüşvəti, alveri, saxtakarlığı dayandırmaq belə istəmir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bu yaxınlarda qış imtahan sessiyasının yekununda kəsiri olan tələbələrdən ümumilikdə 180 min rüşvət toplayan rektor tələbələrə qiymət yazdıra bilmədikdə valideynlərin şikayəti ilə üzləşmişdir. Valideynlər bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişlər (bu barədə Kənd Təsərrüfatı Nazirliyinin də məlumatı vardır). Baş vermiş hadisənin üstü açılanda rektor tələbələrin bir hissəsinə qiymət yazdırdı və bir hissəsinin də pulunu aralıqda pul yığan zavallı tələbələrin boynuna atdı ki, həmin pulları şikayət edən valideynlərə qaytarsınlar.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Dövlət Aqrar Universitetində aqrar sahə üzrə mütəxəssis yox, peşəkar rüşvətxor, alverçi gənclər yetişdirilir. Bu rüşvətin başında isə əlbəttə, universitetin rəhbəri durur. Mətbuatda qeyd olunan kimi İbrahim Cəfərovun bir amalı var, o da puldur. Bunlardan nəticə çıxarmayan rektor indi də Dövlət imtahanı adı ilə Fira ləqəbi ilə tanınan (Baytarlıq fakültəsinin dekanı) dekana hər bir tələbədən 700 manat almağı tapşırmışdır. Dekan isə tələbələrə "pul verməsəniz mənlik deyil, yoxsa testdən keçə bilməyəcəksiniz" deyir. Bu tapşırıq bütün əvvəlki illərdə də (karantin dövrü istisna olmaqla) tətbiq edilirdi. Burada hansı ədalətdən və kadr hazırlığından danışmaq olar?
Bu gün ADAU-da hər bir vəzifə satılır, vəzifələrə təyinat üçün "kim olursa olsun, ancaq pulu olsun" prinsipi əsas götürülür. Təsəvvür edin, mətbuatda haqqında dəfələrlə yazılan, beşinci sinif şagirdi səviyyəsində savadı olmayan, ayaqqabı alveri edən Aydın İsayev saxta seçki ilə kafedra müdiri təyin olunub. Kartof alveri edən, heç bir dünyagörüşü olmayan, təhsildən, elmdən və mədəniyyətdən kənar olan Ayaz Həsənov da kafedra müdiri seçilir. Hansı ki, bu şəxslərin informasiya texnologiyalarından məlumatı yoxdur , elektron yazışmanı dərk edə bilmir, heç bir tədris metodiki işlə məşğul olmur. Əgər bu kafedra müdirləri elekton kitabxanaya girə bilmirlərsə, elektron resurslardan istifadə etməyi bacarmırsa, adi elektron məktubu göndərə bilmirlərsə universitetdə hansı kadr hazırlığından danışmaq olar?
Ayaz Həsənov kafedra müdiri olduğu müddətdə kafedrada hansı müəllimə “ilin müəllimi” kimi differensial maaş yazıldıqda həmin pulu o müəlimdən alırdı. Hətta kafedranın mərhum dosentləri Həmzəyev Ənvər və Əlverdi Allahverdiyevə əlavə 0,5 ştat vahidi dərs yazmaqla onların pulunu həmin müəllimlərin əlindən alırdı. Bu gün də yenidən həyasızcasına kafedra müdiri olmaq istəyir. "Kənd təsərrüfatı texnikası" kafedrasının müdiri təyin olunan Aydın İsayev isə sərbəst özünü idarə edə bilmədiyindən daim Ayaz Həsənovdan "məsləhət" alır, "idarəçilik" öyrənir. Belə ki, "Texniki təminat", "Traktorlar və avtomobillər" fənnini tədris edən (onu da normal bilmir) Aydın İsayev indi də "Kənd təsərrüfatı maşınları" fənnindən köhnədən qalmış, kolxoz və sovxoz haqqında olan kurs işlərini tələbələrə satır. Kafedrada Oqtay Mərdəliyevə əlavə 0,5 ştat vahidi dərs saatı düzəldib ondan haqq alır. Kafedrasında Namazav Elmir kimi adı işdə olub, özü işə gəlməyən “ölü can” saxlayır.
Görün nazirliyin təlimatları nə dərəcədə pozulur ki, kafedrada dünyasını dəyişən professorun magistr dərslərini ixtisası olmayan, bu gün də həmin dərsi keçə bilməyən Oqtay Mərdəliyevə vermişdir. Sual olunar kafedrada professorlar, dosentlər olan yerdə “Tədqiqat üsulları” dərsini nə üçün Oqtay Mərdəliyevə verirsən? Əlbəttə, pula və marağa görə.
Təsəvvür edin, bu kafedra müdirinin elementar tədris haqqında belə məlumatı yoxdur. Hətta, "Yerüstü nəqliyyat vasitələri və texniki servis" kafedrasının dərsini pozaraq tələbələri Universitetin Tədris-təcrübə təsərrüfatına apararaq özünü reklam kimi işlər görmək istəyir, lakin tələbəni nə vaxt aparmaq lazımdır, onu belə bilmir. Həmin kafedranın müdiri tərəfindən rektora təqdimat yazılandan sonra Aydın İsayev səhvini başa düşür. Onu bu yola Ayaz Həsənov yanlış olaraq təhrik etmişdir, çünki o, tədrisi bilmir.
Bu özbaşınalıqların başında duraraq bunlara rəvac verən Universitetin rəhbərliyi görəsən, bunlardan nə zaman nəticə çıxaracaq? Hansı valideyn bilsə övladının burada təhsil almasına razı olar, çünki burada mütəxəssis yox, alverçi yetişdirilir. Axı qarşıdan 2022/2023-cü tədris ili gəlir. Bu "nailiyyətlərlə" hansı tələbəni bu Universitetə cəlb etmək olar???
Cənab Prezident, cənab Nazir! Burada qeyd olunanlar universitetdəki biabırçılıqların, olan nöqsanların çox cüzi bir hissəsidir. Aqrar Universitetdə bütün məsələlər ancaq pulla həll olunur. Xahiş edirik kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz".
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...