“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı sevilən müğənni Niyam Salami oldu.
Sevənlərini səhnədən, hansısa məclisdən, mətbəxdən salamlayan müğənni ilə, bu dəfə fərqli olaraq idman zalında görüşdük:
“Səhnədəyəm. O qədər kostyumlarım var ki, heç biri bədənimə olmurdu. Bir ara gəldim, məşqçi Anar necə məşq keçdisə, çox kökəlmişdim,idmandan sonra formaya düşdüm. Gündəlik gimnastik hərəkətlər üçün gəlirəm”.
Yerində dayanmayan sənətçi, yeni ilə sağlam can, sağlam repertuarla daxil olmaq üçün elə ötən ildən işçi arı kimi çalışmağa başlayıb:
“Toy və səhnə repertuarımı dəyişdim. Hətta ritmimi belə dəyişmişəm. İstədim ki, yenilik edirəmsə, bütün sahələrdə edim.
Mahnıları göndərirdim Türkiyəyə. Musiqi Azərbaycan bəstəkarınındır. Verirlər mənə, mən də göndərirəm ora. Türklər isə orda türk ürəyidir də, skripka, gitara hissələri daxil edirlər. Nəticədə görürsən ki, yamaq alınıb. Nailə Mirməmmədlinin musiqisi və türk çalğısı, ümumiyyətlə, bu uyğun gəlmir. Ona görə də, aləm dəyirdi bir-birinə. Bu cür məqamları birdəfəlik ləğv etdim”.
Niyam, bəzi məşhurlar idman etmək üçün yox, sadəcə selfi çəkib özünü dağ başında şığımağa hazır qartal kimi göstərmək niyyətilə idman zallarına gəlir. Bəs səndə vəziyyət necədir?
“Mən elə şey etməmişəm. Nə efirə görə, nə də kiməsə görə gəlirəm. Mən ancaq özümə görə bura gəlirəm. Geyimlərim bədənimə uyğun gəlsin, səhnədə yaxşı görünüm deyə gəlirəm”.
Müğənni gördüyü işlərin bəzilərini gizli saxlasa da, Brilliand Dadaşovanın illər öncə oxuduğu mahnı üzərində ciddi hazırlaşdığını dilə gətirdi:
“Popuri tipində tamam fərqli bir şey yaradıram. Toy üçün yox, ancaq efir üçün bunu hazırlayıram. 40 ilin mahnısı olan bir mahnı tapdım. Brilliant xanım oxuyub. Heç kim eşitməyib. Bunları eksklüziv olaraq saxlayıram. Qoy deməyim də hansı mahnıdır. Söz verirəm ki, ilk dəfə sizə açıqlayacam. Brilliant xanıma bunu deyəndə o, özü də təəccübləndi, razılığını da verdi”.
Niyam yeni dueti və klip çəkilişi ilə bağlı planlarını da bölüşdü:
“Nurlan Təhməzli ilə klip çəkilişlərinə başlayırıq. Elə məni yaxşı yaxalamısınız. Masallıya yola düşürəm. Mənə orda köhnə ev lazımdır. “Gəl dost olaq” adlı yeni mahnı var. Çox gözəl bir duetdir. Əslində Nurlan Təhməzli mənə mahnı vermək istəyirdi. Dedim, gəl mən sənə bir mahnı təklif edim”. Təklif məndən gəldi. Adını da qoyduq ki, “gəl dost olaq”. Bu ayın sonuna kimi hazırlıqlar bitəcək. İstəyirəm ki, fevralın birindən efirlərdə olsun. Doğum günümə yaxın təqdimat edəcəm”.
Niyam, Səidə Sultanla münasibətlərin yüksək səviyyədədi, nə vaxtsa bu münasibəti evliliyə çevirməyi düşünmüsənmi?
“Sözün açığını deyim ki, mən ona təklif etmişdim. Ona da şərəf oldu. Dedi ki, “Niyam, mənim üçün də bu təklif şərəfdir. Dedi, “sən mənim qaqaşımsan. Sənə görə ölümə belə gedərəm”. Gördüm rəng alıb rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram.
Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam”.