Röyanı bu səviyyəyə bizlər öz sevgimizlə gətirdik…
Onun ifasını dinləyəndə sanki başqa bir aləmə düşürsən. Ətrafda heç kim yox, onun ifa etdiyi musiqinin təsiri ilə ovsunlanırsan. Bəli, Röya budur. Gözəl səsi, şirin avazı və ən əsası isə insan kimi insan olması ilə. Bu qadında ikiüzlülük yoxdur, olduğu kimidir...
Keçən həftə ATV kanalında Mətanətin "Gündəlik" verilişində Röyanın geyindiyi paltar, daha doğrusu, məmləkət insanı qarşısına az qala lüt çıxması müzakirə obeyktinə çevrildi. Röyanın qiyafəsi insanları niyə belə narahat etdi, anlamıram. Sənətkar səhnəyə səsini, performansını nümayiş etdirmək üçün çıxır. Biz dinləyicilər isə onu dinləyib, zövq almalıyıq. Onun nə geyindiyi, səhnəyə hansı geyimdə çıxması biz tamaşaçıları ikinci və bəlkə də üçüncü dərədəcə maraqlandırmalıdır.
Dünya ulduzlarının konsertlərini izləyənlər artıq bilirlər ki, belə geyimlər adi haldır. Dünyaca sevilən Madonna, Şakira, Ajda Pekkan səhnəyə bu formada çıxır. Hər kəs də bilir ki, bu ulduzların konsertlərində anşlaq yaşanır. Əgər hər halda müasirləşiriksə, Avropa və ümumilikdə dünya ilə uyğunlaşırıqsa niyə də bu sahədə geridə qalmalıyıq.
Nədənsə insanlar əxlaqsızlıq deyəndə ilk növbədə qadınları, onların geyimlərini, hərəkətlərini ağıllarına gətirirlər. Axı əxlaq meyarlarına digər cinsin nüaməyəndələri də aiddir. Elə başa düşməyək ki, bu söz tək qadınlar üçündür. Elə “kişicik”lər var ki, onlar əxlaqsızın öndə gedənidir. İkiüzlülük edər, gündə bir qadına sataşar, əldə edə bilmədiyi qadın üçün elə “əxlaqsız” damğasını vuran da əxlaqsız kişilərdir.
Nə isə mövzudan çox uzaqlaşmayaq. Kim deyə bilər ki, Röya səhnəyə ilk addımlarını atanda başqa cür idi, indi dəyişilib, açıq saçıq geyimlər geyinib?
Gəlin bir az səmimi olaq. Röya ilk gündən səhnəyə necə gəldisə yenə də elədir. Axı onu bu səviyyəyə çatdıran da, sevən də və nəhayət sevdirən də bizlərik.
Lalə Novruzlu (moderator/az)