05.02.2014. - Bunlar niyə soyunur?
Sizin görkəminiz isə çox ciddi idi. Finalda hansısa açıq paltarda oxumaq fikriniz varmı?” sualını cavablandırarkən “Kimə necə rahatdırsa, elə də geyinir. Bu, hər müğənninin şəxsi işidir. Mən açıq-saçıq paltarlarla çıxış etmək istəmirəm, bu, mənim daxili dünyama uyğun deyil. Çünki mən utanaram və bu, səhnədə aydın görünər”- deyib.
Hazırkı qarderobu və ifası bir-birini tamamlayan və şou-biznesdə xeyli populyarlıq qazanan Dina bu gün də özü üçün tətbiq etdiyi qadağaları pozmur. Amma bu, çərçivə müğənninin nə sevilməsinə, nə də populyarlıq qazanmasına mane olur.
Elə ötən il müsabiqə zamanı “Komsomolskaya pravda”dan oxuduğum və hələ də yaddaşımdan silə bilmədiyim bu fikirləri müğənni Röya Ayxanın sonuncu solo konsertindən sonra bir daha xatırladım. Konsertdən bir neçə gün keçmiş mövzuya qayıtmağımın səbəbi isə müğənninin geyiminin sosial şəbəkələrdə və mediada “Röyadan vulqar görüntülər”, “Röya tamaşaçılara şok yaşatdı” kimi fikirlərlə müzakirəyə çevrilməsi və hələ də davam etməsi oldu.
Gerçəkdən müğənni bu dəfə tamaşaçıların yaddaşında əsasən “geyimi” ilə qaldı. Hərçənd arzusu elə bu olan Röyanın konsertinin gözəl mahnılar və yaddan çıxmayan performansından daha çox çılpaq görünüşünə görə hallana biləcəyinə əminliyindən bu cür geyimə üstünlük verməsi də istisna deyil. Elə buna görə sarayı yarıda tərk edən xeyli sayda insanlarla yanaşı, konsert boyu ən azı biletə verdiyi pulun acığına salonu tərk etməyib telefonunda “iqra”lar da oynayanlar az olmayıb. Bununla belə, gözlərini geniş açıb konsert zamanı müğənninin yarıçılpaq vücudunu mobil telefonunun yaddaşına köçürən gənclər də həmişəki kimi öz yerində.
Röyanın geyimi deyəndə, əslində bu da şou-biznes defilesində yenilik olmayıb. Sadəcə, dünya ulduzlarının – Rihanna, Ledi Qaqa, Şakira, Cenifer Lopes və ya lap qonşu Türkiyədəki Hadisə və ya Ebru Polatın çoxdan qarderoblarından sildiyi bu geyim tərzini Azərbaycan səhnəsi üçün gündəmə gətirib. Müğənninin mətbuat katibi Türkan Məmmədli “Bu, ilin ən dəbli geyimidir” desə də, “dünyanın bütün məşhur müğənniləri bu üslubda geyinirlər. Röyanın geyimi dünya standartlarına uyğun hazırlanıb və üzərində xeyli iş görülüb”- sözlərini etirafdan da çəkinməyib. Geyiminin çox bahalı və əziyyətli “əsər” olduğunu bildirən müğənni isə ifasından daha çox “paltar”ının müzakirə mövzusu olmasından görünür ki, xeyli məmnun qalıb. Baxmayaraq ki, müğənni Günay İbrahimlinin eyni görkəmdə ondan əvvəl səhnəyə çıxması daha çox hallanır.
“Röya pis müğənnidir, səsi yoxdur...” və s. deyə birtərəfli çıxış etmək fikrindən uzağam. Röyanın xüsusən gənclər arasında kifayət qədər fanatları var. Onu dinləyirlər, xoşlayırlar. Müğənninin səhnə geyimləri ilə bağlı həmişə xoşagəlməyən fikirlər səslənsə də onu elə gənclər arasında dəstəkləyənlər də az deyil. “Bəyəm səhnəyə yarıçılpaq çıxan təkcə Röyadır?”- deyə fanatlarının ona haqq qazandırmağa çalışmasına müğənninin mətbuat katibinin “O, səhnəyə gələndən belə geyim tərzinə üstünlük verib” deməsi elə ən yaxşı cavabdır.
Amma etiraf edək ki, Röya və ya onun kimi bəzi gənc müğənnilərin səhnədə ifadan çox bədənlərinin müəyyən hissələrinə diqqət yönəltmək cəhdlərində özlərini dünya ulduzları ilə eyniləşdirmək arzusu ilə yanaşı, “müasir gəncliyin zövqü budur” iddiası da yox deyil. Hərçənd nə Günay İbrahimlisi, nə Röyası, nə Sevda Yəhyayevası, nə də artıq səhnəyə üryan çıxmaq istəsə belə diqqət çəkməyən Aygünü indiyə qədər nə ifaları, nə də hər hansı mahnıları ilə ölkə sərhədlərini aşa bilməyiblər. Yəni söhbət səhnədə striptiz göstərməkdən yox, sənətdən gedir. Gerçək sənətdən.
“İndi müasir dövrdür”- deyə tamaşaçıların qarşısına çılpaqmı çıxmaq lazımdır?”, “İndiki dövrün melomanı yalnız yarıçılpaq görünüşmü istəyir?”, “Müğənni üçün önəmli olan təkcə onun səsidirmi?”, “Röya və başqa gənc müğənnilər səhnədə kimin üçün soyunurlar?” suallarına cavabımın tam subyektiv olmaması və köhnəfikirli görünməməkdən ötrü üz tutduğum insanlardan eşitdiklərim də demək olar ki, düşündüklərimlə üst-üstə düşdü.
Xalq şairi Fikrət Qoca deyir ki, müğənni üçün sənətin olması əsasdır: “Elə insanlar var ki, səsə qulaq asmağı, elələri də var ki, ifa tərzini qiymətləndirir. Eləsi də var ki, geyimə baxmağa gəlir. Səliqəli görkəmdə səhnəyə çıxan Şövkət Ələkbərova bizim nəslin yaddaşındadır. O, çox da populyar idi. Elə Zeynəb Xanlarova da həmişə səhnəyə ciddi geyimdə çıxırdı. Onu çox sevirdilər, indi də sevirlər. Müğənni ifa tərzini tamaşaçılara göstərməlidir. Səhnəyə çıxıb soyunmaqla, çılpaq görkəmlə məşhurluq qazanmaq olmaz. Onlar əslində ortadakı boşluqları gizlətməklə diqqəti özlərinə yönəldirlər. Mən bu cür müğənnilərin konsertinə getməklə özümə mənəvi əziyyət vermək istəmirəm».
Yazıçı Nahid Hacızadə: “Səhnəyə açıq-saçıq çıxan müğənnilər elə hesab edirlər ki, bu, onlara məşhurluq gətirir. Əksinə, onlar camaatın gözündən düşürlər. Bizim xalq bineyi-qədimdən abır-həyanı gözləyib. Bizim üçün nümunə olan müğənnilərimiz olub. Rübabə Muradova, Fatma Mehrəliyeva, Şövkət Ələkbərova kimi müğənnilər həmişə xanım-xatın geyimləri ilə fərqləniblər. Səhnədə sənəti göstərmək lazımdır, bədəninin müəyyən hissələrini yox”- deyə bildirdi.
Gənc müğənni Aslanın fikirləri də dünyagörmüş ədəbiyyat adamlarının düşündüklərindən fərqlənmədi: “Səhnəyə yarımçılpaq vəziyyətdə çıxmaq düz deyil. Bizim müğənnilər görürlər ki, türk və ya Rusiya müğənniləri soyunur, onlar da baxıb götürürlər. Biz özümüz üçün yenilik axtarmırıq. Nümunəni başqa yerlərdən götürürük. Gənclər üçün səs arxa planda qalıb. Birinci planda gözəllik və geyimsizlikdir. Səhnədə açıq-saçıqlıq müğənniyə populyarlıq gətirmir.”
Əgər çoxluq səhnədə “geyimsizliyin” tərəfdarı deyilsə, bəlkə 5-10 gəncin “müasirliyinə” söykənmək lazım deyil. Səhnə meydandır, izləyicisi isə milyonlarla tamaşaçı. Bəlkə çoxluğun fikrinə doğru getmək lazımdır? Bir az utanc hissi də keçirməklə. Məsələn, rusiyalı Dina Qaripova kimi...
Təranə Məhərrəmova,
“Kaspi” qəzeti