Əli Mirəliyev: “Qaz pulunu ancaq çatdırırdım, işığın pulunu verə bilmirdim”; Tahir İmanov: “Dövlətlə dövlətçilik edə bilmərik”
Tarix Əliyev: “Əgər görsələr ki, insanlar narazılıq edir, bəlkə də qiymətlər aşağı düşər”
Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiyməti ilə bağlı qərarı ölkə gündəmini bir anda zəbt edib. Ekspertlər bahalaşma ilə bağlı qərarı şərh edərək bildiriblər ki, istehlakçılar əvvəlki kimi təbii qazın hər 1 kubuna görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək.
İşığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox - 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək və sairə.
Bəs görəsən, müxtəlif peşəyə və təbəqəyə malik insanlar təbii qaz və elektrik enerjisi üçün ayda nə qədər pul xərcləyirdi?
Musavat.com mövzu ilə bağlı kiçik sorğu keçirib.
Bəstəkar-aparıcı Murad Arif bahalaşma ilə bağlı təəssüf etidyini bildirdi:
“Bir müddət bundan əvvəl qaz üçün olan karta 100 manat ödəmişdim və hələ də onu işlədirəm. Dəqiq ayda neçə kub qaz işlətdiyimi bilmirəm. Yəqin ki, kartdakı məbləğ təxminən 5 ay gedər. Bahalaşmaya görə təəssüf edirəm... ”
Müğənni Əli Mirəliyev isə kommunal xərclər üçün ayda 50 manat xərclədiyini bildirdi: “Mən 170 manat pensiya alıram. Qaz pulunu ancaq çatdırırdım, işığın pulunu düzəldib verə bilmirdim. Suyu pulnan alıram, dərmanlarımı ala bilmirəm. Ayda təxminən 50 manat kommunal xərclərə ödəyirəm. Buna görə bazardan ət də ala bilmirəm, ətin qiyməti indi 12 manat olub. Bu bahalaşma camaatımıza zərbədir. Müğənnilər artıq maşınlarını satıb taksi ilə gedib-gəlirlər.
Onsuz da köhnə tariflə borclarımızı ödəyə bilmirik, təzə tariflə necə verəcəyik? İnsanlar var ki, işləmirlər, maaşları yoxdur. Bəs onlar necə ödəsin?"
Əməkdar artisti Tahir İmanov ayda nə qədər kommunal xərcləri olduğunu deməsə də Tarif Şurasının məlum qərarını dəstəklədiyini bildirdi: “Mən Azərbaycan vətəndaşı kimi bütün fərmanlara, qərarlara tabeyəm və bütün ödənişləri vaxtlı-vaxtında ödəyirəm. Mən hər zaman qərarları dəstəkləyəcəm, çünki dövlət bilir nə etmək lazımdır. Dövlətlə dövlətçilik edə bilmərik, həmişə demişəm”.
Prodüser Tarix Əliyev: “Bizim binada qaz yoxdur, amma işığa təxminən ayda 30-40 manat ödəyirdim. Evdə az olduğumdan işıqdan çox da istifadə etmirəm. Amma ötən ay 72 manat gəlmişdi, bu da mənim günahım idi, 20 gün kondisioner yanılı vəziyyətdə qalmışdı. Məncə, yeni qərar 150 manat maaş alan insanlar üçün çox çətin olacaq. Qazın və ya işığın həcmi ilə bağlı anlayışım yoxdur, amma atam və digər insanlar qərardan narahat oldu. Fikrimcə, bununla bağlı çıxış yolu tapılar və əgər görsələr ki, insanlar buna narazılıq edir, bəlkə də qiymətlər aşağı düşər”.
Gənc yazar Kəramət Böyükçöl (Nəcəfov) isə istifadə etdiyi təbii qaz üçün 120 manat, elektrik enerjisi üçün isə ayda 50 manat xərclədiyini bildirdi.
Jurnalist Nərgiz Liftiyeva: “Biz böyük ailə olduğumuz üçün qaz sərfiyyatı da təbii ki, çoxdur. Həm istilik sistemi, yəni kombi qazla işləyir, həm də digər məişət işlərində qaz işlədirik. Evdə körpə uşağın olması temperaturun daim normada olmasını tələb edir. Yəni istiliyə qənaət etmək şansımız yoxdur. Ayda təxminən 25 manatlıq qaz istifadə edirik. Bu isə aylıq 250 kubmetr qaz deməkdir. Yəni bizim illik işlətdiyimiz qazın həcmi 3000 kubmetrdir. Tarif Şurasının qoyduğu göstəricidən iki dəfə çoxdur. İstifadə etdiyimiz qazın neçə kubmetr olması ilə təbii ki maraqlanmışam. Orta səviyyəli gəliri olan bir ailə kimi daim qənaət etmək məcburiyyətindəyik. O mənada bütün xərclərimizi detallı şəkildə hesablayırıq, o cümlədən də qaz və elektrik enerjisinə ayrılan xərclərimizi. Yəqin ki, bu qərardan sonra daha çox qənaət etmək məcburiyyətində qalacağıq”.