Emosional, pafoslu, çılğın, dəlisov - Mikayıl Mirzə
M i k a y ı l M i r z ə - 70 Əcəl aman versəydi 1-yanvar 2017-də, 70-yaşı olacaqdı. Əfsus, heç 60-ı da gözləmədı Əzrayıl, 59-da apardı Mikayıl Mirzəni, 10 il qabaq. Öz sonunu oynadığı, sonuncu rolunda - dəyanətli, dözümlü olmağa çalışdı. Dərdini bildiyindən, son nəğməsini də özü oxudu, - qu quşu kimi... "Əlindən haraya qaçaq ay zaman" deyib də bozladı, - "aman istəyənə vermirsən aman" deyib də sızladı Mikayıl Mirzə. "Göz yaşı axıtdım, giləsi dən-dən, - İlahidən bitdi bu dən ilə dən" - söylədi. Döndü arzularım qanadsız quşa, Hər addım başında çırpıldı daşa... Özünə də, üstünü kəsdirən vaxtsız əcələ də, - bir azca da döz,... bir azca da döz... deyib iltimas etdi, sorğuladı - "nə qədər sürəcək, bu vəhşət aman?" İnsandan, təbibdən əli üzüləndə, ümidi kəsiləndə, haqqın ətəyindən yapışdı. Bərk tut ətəyindən, tutduğun haqqın, Bir azca da döz, bir azca da döz. Mikayıl sinəsindən qopan "bir azca da döz" xitabı, ahı elə ah kimi də qaldı. Əfsus! Qərar qəti idi, fərman verilmişdi, hökm oxunmuşdu... sonuncu tamaşanın sonuncu pərdəsi oynanırdı?!... Tamaşanın, rolun senarisi, mətni İlahidən yazılsa da - o özü, sonuncu rolunu nəğmə ilə bitirmək istədi. Bu nəğmənin, bu ahın sözləri öz dilindən, öz ruhundan qopdu. Bəstəsi və oxusu Xumar Qədimovanın əbədiyyət qədər qədim, qəmli səsiylə havalandı, Xumarlandı, - qulaqlarda, yaddaşlarda... Nəğmənin içə işləyən kədəri, ağrısı insan ruhunun bütün künc bucaqlarını, hücrələrini tərpətdi gizildətdi. ...Nəğməni, klipi nə vaxt dinləsən, baxsan, hər dəfə də duygulandırır insanı, o ecazkar səslər də, - həm müğənninin, həm Mikayılın, - şeir də, musiqi də... Alır, aparır adamı - uzaqlaşdırır bu dünyadan... Barmaqlıqlar arxasından çəkilmiş görüntülər sanki o dünyadan səslənirmiş kimi qəbul edilir. Sonda M. Mirzə öz möhtəşəm, əzəmətli səsi, ağrısı - əzabı, son görüntüsü ilə sarılır tamaşaçının, dinləyicinin, Mikayılsevərlərin boynuna, vidalaşır... ayrılır... Ancaq - özünə məxsus ayrılır, yazdığı şeirlə, nəğmə-monoloqla bitirir rolunu; - poeziya xridarı, bədii qiraət, monoloq ustası kimi ayrılır... Barmaqlıqlar arxasından olsa da, tribunadan deyir son sözünü; - təbiətində olan üsyankarlıqla, ehtirasla, bir az da küsgün, bezgin, kövrək, çarəsiz... Bu səbrin, dözümün yoxmudur sonu, Ömür qaçaraqda, kim qovur onu? Mikayıl, sinənə Əzrayıl qonub, Bir azca da döz, bir azca da döz. Dözə bilmədi... aman verilmədi,... köçün çəkib getdi, səhnəmizin, poeziyamızın Mikayıl Mirzəsi. Neçə-neçə arzuları, ümidləri, yarımçıq işləri gözündə qaldı. Qərib ölkədə, yarım il çarpayısının yanını kəsdirən yeganə ciyərparasına Mətininə də son sözü - "kişi ol!" ifadəsi olur. Əməliyyata hazırlanib cərrahiyyə otağına aparılan, artıq uyumaqda olan xəstə, gözünü açıb, nəyisə axtarır, əlinin xərəyə bağlamış ipini qıraraq, oğlunu çəkib öpür, qoluna vuraraq, - kişi ol deyir! Patriarxal ailə münasibətləri fonunda, Mətinin dediyinə görə bu, - atasının adam yanında, ilk və sonuncu öpüşü olur... Ruhu şad olsun, qəbri nurla dolsun... O meydan adamı idi, tribuna arxasına keçəndə fırtına qopara, vulkan kimi püsgürə, insan duyğularına hakim kəsilə bilirdi: - Monoloq ustası idi, - emosional, pafoslu, çılğın, dəlisov! İnsan idi, bütün insanlara məxsus qüsurları, müsbət-mənfi keyfiyyətləri, istəkləri, sevgiləri ilə... Mənim yaddaşımda Mikayıl Mirzə, - hər zaman özünə məxsus yanğıyla ifa etdiyi, - tribunalardan insan dənizinə hayqırdığı, - Məmməd Araz, Xəlil Rza Ulutürk şeirləri ilə yaşayacaq! *** O vaxt "Azərkimya"da işləyir, kimya məhsullarının ixracı ilə məşğul olurdum. Yanımıza Xarici İşlər Nazirliyinin müşayətçisi ilə Türküyəli iş adamı gəlmişdi. Tanışlıq zamanı müşayətçinin - Mətinin, Mikayıl Mirzənin oğlu olduğunu bilər-bilməz mövzu dəyişir, texniki məsələlərin müsbət həllini yoluna qoyub, Mətin Mirzə ilə mənəvi mövzuya keçirik. O ərəfədə - xatirə-oçerk janrında bir yazım getmişdi qəzetdə, - Mikayıl Mirzədən xeyli giley-güzar etmişdim. Mətin çantasından öz kitabın çıxarıb avtoqraf yazır, - ədəbiyyatdan, sənətdən, Mikayıl Mirzədən xeyli söhbətlər edirik. - Ailənin yeganə övladı olduğu, tək otaqlı dar-darısqal evdə böyüdüyü, atasının o şəraitdə rollara hazırlaşdığı, bədii qiraətlə məşğul olduğu, mənəvi gərginliklər yaşadıqları məqamlardan danışır... Özümdən qat-qat gənc olan, - ilk dəfə gördüyüm bir adamla, iki saatdan çox səmimi söhbət edir, dərdləşirik. Bu xatırlama, bu yazı-təqdimat da elə bilirəm həmin səmimiyyətə müvafiq, - mənim etibar payımdı. Və, 20 - il qabaq qələmə aldığım, "Şair qayalara dağlara söykən" başlıqlı yazının bir hissəsi ilə, Mikayıl Mirzənin doğum gününü, 70-illiyini yada salır, xatırlayır, xatırladıram. Yazının təqdimatına, M. Mirzənin Məmməd Araz haqda olan fikirlərindən bir abzaslıq seçmə ilə keçid edirəm: - "...Bu fikrin arxasınca Tanrı dərgahına yollanıb söz sahibindən soruşursan: Söz nə boydadır? Səda gəlir ki, Tanrı boyda. Sual edirsən: Bəs Tanrı nə boydadır? Cavab gəlir: Söz boyda! Həmin söz yolu ilə üz tuturuq Məmməd Araz şeirlərinə. Bir daha dərk edirik ki, Məmməd Araz Tanrı boyda Söz, Söz boyda Tanrıdı!" Şair, qayalara, dağlara söykən (Fevral-1999) l - h i s s ə Bu yazıda Məmməd Arazla bağlı qarşıma qoyduğum mətləblərdən biri də, - oxucu kimi, tamaşaçı kimi, ən nəhayət poeziya təəssübkeşi kimi, - M. Mirzəni - "unutqanlıqda", şeirdən-poeziyadan "uzaqlaşmaqda" suçlamaq, dost giley-güzarı etmək, uman yerdən küsməkdi. Bir az uzaqdan başlamaq istəyirəm. 1988 - ci il, - "perestroyka"nın tənəzzülü, Sumqayıt ekologiyası, Qarabağ hadisələrinin ilk simtomları və ümumiyyətlə milli oyanışın, xalq hərəkatının təzə - təzə vüsət aldığı dönəmlərdi. Ancaq mitinq, kütləvi etiraz - filan haqda, hələ anlayış belə yoxdu. Direktor müavini işlədiyim Sumqayıt Superfosfat zavodunda Xəlil Rza ilə görüş planlaşdırmışıq, - Mikayıl Mirzəyevin müşayiəti ilə. Zavod həmkarlar təşkilatının sədri; - dostum, qonşum, - Eyruz Məmmədov ixtisasca jurnalist, qələm əhli olduğu üçün, sənət adamları ilə müxtəlif səpkili belə görüşlər bizdə adi hal idi. Adi olmayan isə, - görüşə 2-3 saat qalmış, Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsindən, Bakıdan, Sumqayıt şəhər partiya komitəsindən, gözləmədiyimiz missionerlərin zavoda axışması oldu! - Görüşü kim təşkil edib, Xəlil Rzanı kim çağırıb, niyə çağırıb?! Bu tədbir dayandırılmalıdı!?... Etiraf edim ki, o vaxtlar “KQB” xofu hələ şüurlarda möhkəm idi. Həm də birinci dəfəydi zavod bu qəbil müdaxilə ilə rastlaşırdı. Hökumət telefonu da zəng etməyə başlayanda, direktor "təcili yardım maşını ilə evə aparıldı", - bu görüşdən "xəbərsiz kimi"?! Artıq partkom Dıdik Nikolay da, Eyruz müəllim haqda keçmiş zamanda olduğu kimi danışırdı: - "Heyf, yaxşı oğlan idi, özü - özünü işə saldı, bununku da bura qədər imiş!" Zəifi müdafiə instinqti məndə həmişə fəlakət həddində olub. Gənc, yeniyetmə vaxtları, - tanımadığım iki dalaşandan, zəifi kənara çəkib özüm onun yerinə vuruşduğum hallar az olmayıb. Bu situasiyada da, Eyruzun yanında olmağa çalışır, söhbətlərdə iştirak edirəm. Razılaşırıq ki, görüşmək olmaz olmasın da, burda nə var axı? Ancaq araşdırma aparanlar getməyə tələsmirlər; - işdən, növbədən çıxan adamlar isə dəvətli olub-olmamasından asılı olmayaraq, görüş zalına, həyətə yığılmağa başlayırlar, - minlərlə işçisi olan zavoddu! Bizi aparsalar müdafiə etməyə "özfəaliyyət dəstələri" də yaranır. Ən başlıcası isə, başa düşə bilmirik, - "cinayətimiz" nədir, niyə görüşmək olmaz, bu Xəlil Rza ilə?!... Sonradan bilmişik ki, Akademiyada keçirilən iclasda Xəlil Rza çıxış edib və "mənim Sumqayıt fəhlələri ilə görüşüm var, bu iclasdan birbaşa ora gedirəm" - deyib. Görünür bu məlumat operativ Vəzirova çatdırılır və Mərkəzi Komitənin Katibi göstəriş verir ki, onu bu görüşə buraxmayın! Zavoddakı vəziyyəti az - çox təsvir etdim, Xəlil Rza ilə Mikayıl Mirzəyevin isə Bakıdan Sumqayıta gələnə kimi yolda qabaqlarını neçə yerdə kəsib, geri qaytarmaq istəyiblər, mümkün olmayıb, - qayıtmayıblar. Artıq qonaqlar, - Xəlil Rza və Mikayıl Mirzəyev də zavoddadı, direktoru da "yorğan döşəkdən qaldırıb" gətiriblər, uzun çək - çevirdən, xisusilə də camaatın yığılması və gərginliyin genişlənə biləcəyi ehtimalının artmasından dolayı, qərara alınır ki, tədbir keçirilsin, ancaq çox qısa - 25-30 dəqiqə. Görüş zalına gedəndə, doğrusu ilk növbədə Mikayıla yazığım gəlirdi, bu vəziyyətdə, bu qədər çək-çevirdən sonra şeir demək olardı - bəyəm?! Bir azdan ayağı tribunaya, əli mikrafona çatanda, nəhəng bir divə çevriləcək Mikayıl Mirzə o anda gözümə çox cansız, çəlimsiz, köməksiz görünürdü. Zavod adamları bir - birlərini tanıdığından, "gəlmələr" seçilir, - rəsmi məmurlar qabaqda, KQB - çilər zal boyu səpələnib. Görüş başlanır, təqdimatsız, filansız. Eləcə Mikayıl M. mikrafonu düzəldir və başlayır: Bu görüşə müsəlləh, əli dolu gəlmişəm. Bir az çılğın, əsəbi, dəli - dolu gəlmişəm. Tək dayanıb meydanda alnı açıq doğru söz! Mikayıl Mirzəyevin başlaması ilə qızışması bir olur, mikrofonu da çəkib bir kənara atır, Koroğlu tək nərə təpir, gəlmələrə işarə edir: Sizi dara çəkəcək bu axşam şeirim mənim! Belə şeyləri görmədiyimizdən, narahat oluruq: bu dəqiqə Mikayılı saxlayıb, tədbiri pozacaqlar, niyə belə edir, bir qədər sakit demək olmaz?! ...O isə öz işində, öz rolundadır, - gələndə gözümə büzüşmüş, balaca, çarəsiz görünən Mikayıl, artıq dağ boyda olub: Dünyada hər şeydən çox, sözdən qorxurlar "bunlar" Raketdən, mərmidən yox, atom bombasından yox, Mənim qızıl - qırmızı sözümdən qorxur onlar. Kölgəli gözlərinə açıq baxan dik baxan Gözümdən qorxur onlar. Bil ki, xalqın üzünə qapılar bağlayanın Qapısı bağlar qalar. Balasın ağladanın balası ağlar qalar. Şöhrətiniz, şanınız, Döşdə qızıl - qırmızı deputat nişanınız, "Bizə vız gəliyor, vız!". Girib rektor, direktor, prorektor cildinə Milyonlar çalmağınız... "Bizə vız gəliyor, vız". Divarları gümüş, zər Tualeti də mərmər, villa kəhkəşanınız "Bizə vız gəliyor, vız!" "Vız sözünü jestlə elə uzadırdı: vızzz... vızzz... elə bil ağzından güllə yağırdı... Mikayıl Mirzənin vulkan kimi püskürən, səsi qızışdıqca - qızışır, az qalır boynunun damarları partlaya. ...Sonra Xəlil Rza başlayır, - Mikayıldan sonra səsi sönük, batıq çıxsa da, elə kəskin, elə sərt danışır ki, adamı soyuq tər basır. "Perestroyka"dan başlamış Vəzirova qədər hər sözü, etirazı konkret ünvanı, öz adı ilə deyir, daha doğrusu demir, - söyür! Fikrimdən keçir ki, bunlar elə doğrudan da "şər-xata" imişlər; - kağız yazıb səhnəyə göndərirəm. - Mikayıl M. oxuyur: - bir qardaşımız Məmməd Arazın iki şeirini deməyi xaiş edir. Deyir: - M. Arazın şeirləri mənim üçün delikatesdir! Bilirsiz də delikates nədir: - mətah, yəni qara kürü, dağ göbələyi! Qara kürünü bəyəm qaşıqla yemək olar? - İkisin yox, birini deyəcəyəm. Başlayır M. Arazdan... Və nə bir, nə iki... Görüşün "qısa" keçirilməsini tələb edən, arzulayanlar, 4 saatın necə - bir an kimi gəlib keçməsinə özləri məəttəl qalır. O günü, görüşdən çıxanlar bir - birləri ilə qucaqlaşırdı, hamı sərməst idi! Xəlil Rza sərtliyi, Məmməd Araz lirikası - Mikayıl Mirzə avazında, səsində, təqdimatında ruhlara məlhəm olmuşdu. Görüşdən əvvəlki əsəbilik, gərginlik, hamıya təəccüblü gəlirdi. Heç nədən belə gözəl poeziya teatrından məhrum ola bilərdik!? Qonaq - qara işində səriştəli ağsaqqal olan direktorumuz Nərçə müəllim, "küyə" düşməzdən əvvəl süfrə hazırlatdırıb, - "gəlmələri" də dəvət edirik. Çox səmimi etiraflar, tostlar səslənir. Xəlil Rza elə iki daşın arasındaca qalın ümumi dəftərinə - gündəliyinə qeydlər edir. Ə. B. Haqverdiyevin "Mütrüf dəftəri" hekayəsini yada salıb, mən də Xəli Rzanın gündəliyinə mütrüf dəftəri deyir və hekayənin süjetini xatırladıram. Sumqayıtda yumoru, zarafatı, lətifəyə bənzər sərgüzəştləri ilə məhşur olan Nərçə müəllim də atmacasından qalmır: - Xəlil sən dədənin goru, mənim adımı o dəftərə yazma - deyir, səni onsuz da tutacaqlar, geci tezi var, dəftərindən mənim adım çıxmasın, yaz bunları - Aydını, Eyruzu; məni göstərir ki, bax bu mavinimi tutdura bilsən, gətirib cibəə pul da qoyaram: - Mikayıl Mirzəyə söz atır, - bunun "matoru talış matorudu" - bizlərdəndi, nə vaxt istəsək kəndirin kəsə bilərik, - hay küyünə baxmayın, xəbərim var arvaddan bərk qorxandı... və s. və i. O vaxtkı Vəzirov dönəminin əsas "qəbahəti" naxçıvanlı olmaq sayılırdı! Bu baxımdan Eyruzu da bağışlamaq olardı, Qubadlıydı, günah keçisi, qurbanlıq mən idim. ...Bir cümlə ilə bitirim ki, xatirələrdə qalacaq günlərdən bri olur o gün! Və, o görüşün təəssüratları, - Xəlil Rza, Mikayıl M. cəsarəti, - qarşıda bizi gözləyəcək təlatümlərdə, hadisələrdə çoxumuza mayak olur. Azadlığın ilk nəfəsi o görüşlə üzümüzə vurur... Nəhayət, yenə də əvvələ, M. Mirzədən edəcəyim gileyə qayıdıram. Mikayıl Mirzə Xəlil Rzanın, Məmməd Arazın - odlu-alovlu, vətən, vətəndaş qeyrətli şerləri, özünün cəsarətli mövqeyi ilə məşhurlaşdı. Etiraf olunmalıdır ki, teatr-kino rolları ilə, M. Mirzə elə də uzağa gedə bilməyib, televiziyada isə əsasən komik aktyorlar çıxış ediblər. Sözsüz ki, Mikayıl səsi, Mikayıl nəfəsi də - şeiri, sözü urvata mindirib, poeziyadan ən uzaq adamın ürəyinə yol tapıbdı. Bunu özü də yaxşı bildiyindən, M. Mirzə, Azərbaycanda POEZİYA TEATRI yaratmaquğrundavaxtı ilə çox mübarizə də aparıb, nail ola bilməyib. İndi isə imkanı var, ancaq elə bil - daha o vaxtkı Mikayıl yoxdur. Bəlkə bu bir qədər pafoslu səslənər: - Xəlil Rza Ulutürkün, Məmməd Arazın şerləri ilə, M. Mirzənin səsi də artıq çoxdan milliləşib! O səs, hamının sərvətinə çevrilib, o səs təkcə M. Mirzənin özünə məxsus deyil. M. Mirzənin oxuduğu şeiri sonra başqa tonda oxumaq olmur. Oxuduğu şeirlərə ilk heyrətlənən M. Mirzə əvvəl özü olur, sonra salonu heyrətləndirir. Şeirin istehza boyaları, rişxənd, qəzəb çalarları yerli - yerində olur - Mikayıl deyimində. Mənim birtərəfli mövqeyimə, Məmməd əmi də həmişə öz əlavəsin edərdi, - xəfifcə, Ağalar Bayramov,... Ağalar da yaxşıdı... yaxşıdı... deyib gözümə baxardı ki, qəbul edim. Bunlar faktdır, ancaq bunlar hamısı olub - keçənlərdir. Mənim gileyim M. Mirzənin bu günündəndir. Bu gün M. Mirzə, səsinin gücünü, artist məharətini, deputat zalında ayağa durub, "mikrofonsuz" danışmaqla göstərir. Deputat mandatlı aktyorun, xalq artisinin, artıq ilnən Məmməd Arazın qapısın açmağa, şeirə - poeziyaya müraciət etməyə vaxtı, həvəsi olmur. Bu reallıq, əlbətdə, sənət sevərlərin ürəyini ağrıtmaya bilmir. Ən dəhşətli fikri isə aqil, müdrik bir insanın dilindən eşitmişəm: - "Mikayıl Mirzədə müştəbehlik, öz yerində: - ancaq, poeziyaya olan ehtirası da tükənib elə bil, əvvəlki şövqü yoxdu". Bədii qiraətin böyük ustadına, aktyor M. Mirzəyə üz tuturam; - bu deyilənlər belə deyilsə (təki belə olmasın), onda M. Mirzə kiçicik də olsa, bir: - Məmməd Araz poeziya gecəsi düzəldib, sevindirsin öz pərəstişkarlarını! İtirmə o ünvanı, dağıt şübhələri Mikayıl Mirzə, sözə, poeziyaya, Məmməd Arazına qayıt! "İndi vaxtın o vaxtıdır". Ünvanımı itirən çox, Təzə ünvan alan yoxdur. Şübhə adlı vədə hazır, İnam adlı qalam yoxdu, İndi vaxtın o vaxtıdır... ll - h i s s ə ... Xatirə qayəli, giley - güzar qoxulu bu yazını davam etdirir, - şeiri tanımaq və tanıtmaq marağımı, məğrur dözümlərində çox ağrılar gizlənmiş Məmməd Araz, Xəlil Rza poeziyasını indiki, hər şeyə etinasızlıq dönəmində təzələmək istəyirəm. Havanın, küləyin, hakimiyyətin dəyişməsi ilə öz mövqeyini, məfkurəsini dəyişən sənət adamlarını, ziyalını görəndə, təsəllimi həmişə poeziyada, sözdə tapmışam. Nə yaxşı dünyamızdan Məmməd Araz, Xəlil Rza keçir - demişəm! Bu qənaətdə olmuşam ki, şairə, şerə, sənətə, sənətkara münasibət, həm də bizim özümüzün kimliyini bildirir. ... "Mənim ilhamım dağlardadı, həyatdan, insanlardan yorulanda, bezəndə dağlara üz tuturam, günahlarımı, sıxıntılarımı onlara etiraf etibar edirəm. Dağa, yüksəkliyə çıxıb, o ucalıqdan aşağıya, genişliyə baxanda, ürəyim böyüyür, nəfəsim açılır, ayılıram, ucalıram, özümə qayıdıram... Mən hesabatımı da dağlara verirəm, özüm-özümə - şair, qayalara, dağlara söykən deyirəm,... dağlar etibarlıdı!" Bu dağlar özəyi, özülü möhkəm, Şair, qayalara, dağlara söykən! Söykənmə möhrəsi nəm divarlara, Söykənmə özülü kəm divarlara. Şair, qayalara, dağlara söykən! Xüsusi kursivlə göstərilmiş, o sözlər də, bu bir neçə misra şeir də. Məmməd Arazın öz dilindən səslənən və eşidilə bilən nitqidir; videolentin yaddaşında əziz xatirə kimi qoruyub saxlayıram. Şəhərin istisindən, tüstüsündən uzaq bir yerdə təbiət qoynunda, həvəskar səviyyəsində lentə alınmış, bir uğurlu görüşdəndi. Özümün iştirakçısı olduğum başqa heç yerdə, heç vaxt Məmməd Arazın şeir deməsinin şahidi olamamışam. "Dağlara çağırış" şeiridir bu, M. Arazın qərib, dağ - ata şeiri! Ona görə "qərib" ki, M.Arazın özünün çox sevdiyi bu şeir görüşlərdə, tədbirlərdə oxunmur. Axır özü oxumalı olub... M. Arazın arxivində, bir neçə şerinin, öz dilindən səslənən audio lenti olduğunu bilirəm, ancaq qulaq asmamışam. Həvəskar səviyyəsində, bu qəbil eksponatların saxlanılması da etibarsızdır. Sonradan "göz yaşı tökmək" xisləti, Məmməd Araza münasibətdə də öz mühafizəkarlığını "əzmlə" nümayiş etdirir. Ev muzeyi kimi bir şey düzəldib müxtəlif arxivlərdə sıradan çıxan, itib - batan eksponatları peşəkar səviyyədə ora toplamaq mümkün olsa mənəviyyət xəzinəmiz qazanardı. Bu yerdə Məmməd Arazın "Sağlığımda" şerini xatırlatmaya bilmirəm. Gedənin arxasınca neçə - neçə mənəviyyat dəllalının tapılacağını çox görüb şair. Göz yaşını tök sinəmə dəfn elə, Qəhrin varsa, sağlığımda qəhr elə, Ağlayırsan - sağlığımda ağla sən. Orta məktəb proqramlarında, Məmməd Araz irsi öyrənilmir. On bir il keçilən dərsliklərə, M. Arazın cəmi iki şeri salınıb. Üçüncü sinifdə qısaldılmış "Müharibə olmasa", beşinci sinifdə isə "Göy göl" şeiri, vəssəlam!? - "Atamın kitabı" poeması hazır dərslikdir. Bu gün nə oxuduz, - "A" hərfi, Ata! - Atanın atası... Ata bax, ata! Bu gün nə oxuduz, - "D" hərfi, Ata! Demək, dəryazı döy - deyiblər dədə... Mənim çöl əlifbam, maçqal dilində: "O" keçdim - deməli orağı yağla, "C" keçdim - deməli, cütü qulaqla... Bunlar məktəblinin yaddaşını möhkəmlədən canlı səhnəciklərdir. Uşağın təkcə şəhər təəssüratları ilə yaşamasını şair məqbul saymır. gəlir kəndə on ildə bir. İtnən, qurdu seçə bilmir, Arx hoppanıb keçə bilmir, Boz qoduğa ceyran desən - inanarlar, Çamırlığa bulaq söylə - yuyunarlar. Sabahın vətənpərvərlik hissləri bu gün: - "Nə qədər dağ öpdüm, yer qucaqladım, yurdumdan - yuvamdan doyan olmadım", - nidalı şairin şeirləri ilə təlqin olunmalıdır. Əks halda, uşaq beynində vətəndaşlıq deklorasiya xarakterli olacaq. Oxucu kimi, M. Araz sevər kimi etdiyim giley - güzarı bir qədər lirik müstəviyə çəkmək istəyirəm. Yenə də - Şair, qayalara, dağlara söykən, - tezisində qalıram. Onsuz da ürəyi dolanda - Məmməd Araz - insanlardan çox, təbiətə üz tutub, dağlara - qayalara söykənib, ilhamına güvənib. Zəmanəyə əyilməyib, məmura ağız açmayıb. "Kəndlə şəhər arasında" ( 1988 ) şerində M. Araz ömür yolunun - bu dünyada itən nəyim, qalan nəyim, - hesabını qarşısına qoyur: Səttarxana, Arazla - Kür arasında yonduğu heykəldən tutmuş, "Xətainin ayağına at yolla"mağına qədər olan bir məsafəni - heyranlıqla xəyalının süzgəcindən keçirir. Və - "təklik uddum, təklik uddum, yaxşı yalan yemək uddum" həqiqətinə gəlir. Ömrüm keçdi Xeyirlə şər Balla, zəhər arasında. Yük daşıdım Sözlə, bəşər arasında. Söz memarına, bu işıqlı simaya, böyük M. Arazımıza hamı sağlığında mənəvi dəstək verməlidi. Nə qədər ki, - "hələ get gəl qurtarmayıb" bu dünyayla Məmməd Araz arasında. Sözün şəninə hələ nə qədər sözü var, Məmməd əminin! Hərdən qələm, söz M. Arazla çiling - ağac oynayır, tərslik edir, onu saymırlar. Bu zaman bir mərhəm kəlmə sorağı ilə yola çıxmaq, dağ dərə aşmaq istəyir Məmməd Araz və bu istəkləri səhhəti xaricində olanda ruhən sıxılır, darıxır, təklənir! Biganəlik - özündən özünə gedən yollarda, dəmir çarıq dağıtmış bu zəvvarı da bezdirir, küsdürür. Çıxıb getmək istəyir... *** Şairin dağlara, qayalara söykənmək istəyini- ehtiyacını nəzərə alıb, bir gün Gülxanım müəllimənin də iştirakı ilə Pirqulu səfərinə çıxırıq, payızın meşə, yarpaq rənglərini rəsadətxana səviyəsindən seyr etmək, insan əsəblərinə sığal çəkir, dincəldir... PS - məqsəd Mikayıl Mirzənin anadan olmasının 70 illiyini xatırlatmaq, yad etmək olduğundan, yazının bilavasitə onunla bağlı hissəsini təqdim etməklə kifayətlənir, ardını saxlayıram. Mikayıl M. sevənlərə, - bir daha başınız sağ olsun deyirəm.
Xəlil Rzanın xisusi olaraq, Mikayıl Mirzə üçün yazdığı bu poema - monoloqda, "onlar" yerinə "bunlar" deyib göstərməsi, Nazim hikmətin misrası ilə bitən "Bizə vız gəliyor, vız!" hissəsini, qoşa barmaqlarını aralayaraq, qarşıda oturanların az qala gözünə soxması, doğrudan da teatr idi.
Gəlin, "bir də çətin ələ düşə" biləcək, "bu dəmlərin" qədrini bilək, şairə sağlığında öz münasibətimizi bildirək. Məzar üstə görk üçün ağlamaq vərdişimizi dəyişək. Məmməd Araz, özü heç vaxt dilə gətirməsə də, onun buna haqqı var.