Artıq dondurma mövsümü başlayıb.
Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə, Rusiya və İrandan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 30 qəpik, ən bahalısı isə 45 manatadır.
Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.
Dondurma ixtisaslaşdırılmış vitrinlərdə saxlanılmalıdır. Amma bəzən marketlərdə dondurmaların toyuq və balıq məhsulları ilə eyni soyuducuda saxlanılmasının da şahidi oluruq.
Ekspertlər isə bildirirlər ki, yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur. Satıcıların sözlərinə görə, daha çox satılan dondurmalar yerli, Türkiyə və Rusiya istehsalı olan dondurmalardır. Düzdür, havalar hələ çox isti olmadığı üçün dondurma alıcıları da çox deyil. Ancaq satıcıların dediyi kimi, dondurma alanların sayında gün keçdikcə artım olur.
Dondurmalar müxtəlif cür, qablaşdırmada və açıq şəkildə, hətta kilo ilə də satılır. Bəs onları alarkən nələrə diqqət etməliyik?
Əgər dondurma yeyərkən boğazda acılıq hissi yaranırsa, bu, onun tərkibinə yağlılığı təmin etmək üçün kərə yağı əvəzinə marqarin və yaxud bitki yağları qarışdırıldığını göstərir. İsti temperatura məruz qalan dondurmadan imtina etmək lazımdır. Bir də çalışmaq lazımdır ki, bir gündə 200-300 qramdan çox dondurma yeyilməsin.
Əgər çox yeyilərsə, insanların bədən temperaturu aşağı düşə bilər və xəstələnər. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır.
Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 dərəcədən aşağı olmayan temperaturda 5 gün saxlamaq olar.
Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir. Donu açılıb yenidən dondurulmuş dondurmalar sağlamlıq üçün zərərlidir. Dondurma ləzzətli olmaqla yanaşı, sağlamlığımız üçün bəzən təhlükəli ola bilir.
Onun süddən emal edildiyi və südün də tez xarab olduğu hamımıza məlumdur. Buna görə həkimlər daha diqqətli olmağı məsləhət görür. İsti havada süddən emal edilən dondurma uzun müddət qaldıqdan sonra mikrob törədə bilər və insanlarda qida zəhərlənməsinə səbəb ola bilər.
Mütəxəssislər sadə və kakaolu dondurmaların sintetik boyalar baxımından daha etibarlı olduğunu qeyd edib. Onlar tərkibində naməlum rəngləndiricilərdən istifadə olunan meyvəli dondurmalar əvəzinə sadə və ya kakaolu dondurmalara üstünlük verilməsini tövsiyə edirlər.
Türk mütəxəssisləri təbii rəngləndiricilərlə rənglənmiş dondurmaların insan səhhəti üçün risk yaratmadığını, lakin sintetikanın insan sağlamlığı üçün mənfi təsirlərinin olduğunu bildirirlər.
Dondurmalara rənglərin qatılıb qatılmadığını çox sadə yolla ayırd etmək mümkündür. Məsələn, limonlu dondurma almaq istəyirsinizsə, əgər onun rəngi sapsarıdırsa, demək, tərkibinə boya vurulub.
Çünki limonu qatdığınız zaman rəngi ağdan çox yüngül şəkildə sarıya dəyişə bilər, amma sapsarı ola bilməz. Çiyələkli dondurma yüngül çəhrayı olmalıdır. Əgər bunu aydınlaşdıra bilmirsinizsə, onda, sadəcə olaraq, kakaolu və ya sadə dondurma almaq məsləhətdir.
Dondurmalarda istifadə olunan sintetik rəngləndirici çox ziyanlıdır. Belə ki, sintetik rəngləndiricilərdən bir qismi DNT-yə ziyan vurur, bir qismi allergik xəstəliklərə yol açır, bəziləri isə xərçəng riskini artırma potensialına malikdir. Həmçinin hiperaktivliyi də artırır. Əgər övladınız hiperaktivdirsə, onda xüsusilə bu boyalardan uzaq durmaq lazımdır.
Açıq dondurma alındığı zaman onun tərkibində hansı rəngləndiricidən istifadə olunduğunun soruşulması önəmlidir. Paketdə dondurma alındıqda isə paketin üzərindəki məlumatlara diqqət edilməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkəmizə xüsusilə Rusiya və Dərbənddən keyfiyyətli dondurmalar gəldiyini dedi: "Dondurmalarla bağlı hələ ki bizim quruma şikayət daxil olmayıb.
Lakin hər il dondurma mövsümü başlayanda şikayətlər başlayır. Təsadüfi deyil ki, ABŞ İnkişaf Agentliyi layihəsi çərçivəsində biz Azərbaycanda yerləşən yalnız bir dondurmaya qida təhlükəsizliyi nişanını şamil etmişik.
Bu ”İceland" dondurma istehsalçısıdır. Qida təhlükəsizliyi nişanı şamil edilmiş müəssisənin təhlükəsiz qida istehsal etdiyi barədə monitorinq aparılıb və tam ictimai nəzarət altındadır. Lakin Azərbaycanda 20-dən çox dondurma istehsalçısı var.
Eləcə də xarici ölkələrdən Azərbaycana dondurmalar gətirilir. Çox təəssüflər olsun ki, istehlakçıların dondurmadan şikayətləri hər il mövsümün axırına qədər davam edir. Dondurmanın boğazda acılıq yaratması, insanlara mədə-bağırsaq xəstəlikləri salması sahəsində problemlər yaşanır.
Ölkədə biznes qurumlarına toxunulmazlıq şəraiti yaradılıb. Bundan da biznes qurumlar, sui-istifadə edir və istehlakçılara keyfiyyətsiz dondurmaların təklif edilməsi prosesi baş verir. Düşünürəm ki, bu il də həmin proses davam edəcək".
Qurum sədri xüsusi rənglənmiş dondurmaların zərərindən də danışdı:
"Əksər hallarda dondurmalara vurulan rənglər təbii rənglər olmur, kimyəvi maddələr olur. Bu da insan orqanizmi üçün zərərli komponent hesab olunur.
Azad bazar iqtisadiyyatıdır və ölkəmizə xüsusilə Rusiyadan və Dərbəddən keyfiyyətli dondurmalar gəlir. Bundan başqa, İrandan, Türkiyədən, Belarusdan, Ukraynadan ölkəmizə dondurmalar daxil olur”.
AzerTaym.az