12.09.2014- Sahə müvəkkilləri- Azər Qismət
Və dayım rayondakı Beton İstehsalı Zavoduna işə düzəldildi. 42-45 yaşlarında olan o sahə müfəttişi tez-tez dayımgilə gələr və xəbərdarlıqlar edərdi. Əlbəttə ki, ədalı səslə deyil, yumşaq formada anladardı ki, “birdən yenə hansısa pis şeyə uyarsan, özünü cəmiyyətdə yaxşı apar, heç kimlə işin olmasın, yoxsa yenidən həbsxana divarları arasına gedərsən”.
Həmin sahə müvəkkili o söhbətləri təkcə dayımla deyil, ərazidəki “qara siyahıya” düşənlərlə də aparırdı. Yaxud “qara siyahıdan” uzaq olanlarla da təmas qururdu. Tez-tez baş verən ailə münaqişələrini qeyd edir, şikayət ərizəsi olmasa belə onların ağsaqqalları ilə görüşür, barışıq yaratmaq üçün əlindən gələni edirdi. Bir sözlə öz ərazisindəki sakinlərin cinayət törətməməsi üçün bunun qarşısını vaxtında alırdı.
Ümumiyyətlə, o illərdə sahə müvəkkillərinin qarşısında ciddi vəzifə qoyulmuşdu. Müvəkkillər əhali ilə kifayət qədər təmasda olmalı, eləcə də o ərazidə cinayətlərin sayı minumuma endirilməlidir. Xatırlayırsınızsa, sovet illərində hansı məktəbin şagirdləri daha çox kafi qiymət alardısa, oranın direktoruna ya şiddətli töhmət verilər, ya da işdən uzaqlaşdırılardı. Direktorlar belə töhmətləri almamaqdan ötəri pis oxuyan uşaqlara özlərinin təbirincə deyilərsə, ya “tramvay altda qalan” “3” , yaxud “4” qiymətini verdirərdilər. Bununla da izi itirmək olurdu. Cinayətlərin izini isə itirmək mümkün deyildi. Və hansı ərazidə cinayətlərin sayı çoxluq təşkil edərdisə, ilk növbədə o ərazinin sahə müvəkkiləri məsuliyyət daşıyırdı.
Bəs, bu sahədə hazırkı durum necədir? Çox təəssüf ki, əvvəlki ənənələr bəzi hallarda pozulub. Ərazidəki sakinlər sahə müvəkkillərini ya cinayət baş verəndə, yaxud yuxarıdakı qonşunun aşağıdakı qonşunun başına su axıtmasına görə, eləcə də tikinti işləri aparılanda görürlər. Amma elə müvəkkillər də var ki, özləri sakinlərlə təmas qururlar. Çox təəssüf ki, sakinlərlə ünsiyyətdə olub potensial cinayət ocağını əvvəlcədən söndürməyə cəhd göstərən müvəkkillər azdır.
Ümumiyyətlə, cinayətlərin sayının minimuma endirilməsi məqsədilə sahə müvəkkilləri qarşısında vəzifələr qoyulmalıdır. Müvəkkillər harada nə baş verdiyini, kimin cinayətə meyilli olmasını, kimin həbsxanadan yenicə çıxdığını, yaxud hansısa varlı ailənin övladının narkomaniyaya cəlb edilməsini də bilməlidir. Onlarla səmimi söhbət edilməlidir. Söhbətin nəticəsi olmayanda xəbərdarlıq edilməlidir. Tez-tez münaqişələr baş verən ailələrin başçıları ilə görüş keçirməlidir. Düzdür, bunu şəxsi münasibətlərə müdaxilə etmək kimi də qiymətləndirə bilərlər. Amma nəzərə alınsa ki, son illər ailə münaqişələri zəminində cinayət halları artıb, o zaman ciddi tədbirlərin görülməsi üçün bu edilməlidir, yaxud ağsaqqalları, ağbirçəkləri işə qatmaq lazımdır. Həbsxanadan yenicə çıxanı işlə təmin etmək sahə müvəkkilinin imkanı xaricində olsa da, ən azından buna sövq etməlidir.
Heç kimə sirr deyil ki, hər bir binada, hər bir məhəllədə polisin özünün informatoru olur. Polis onları qəsdən özünün informatoru seçmir. Həyatda “Üç bacı” serialındakı Maarif kimi adamlar çoxdur. Onlar könüllü şəkildə nə baş verdiyini – binaya hansı rəngdə maşının gəlməsindən tutmuş kimin evində ad günü keçirilməsinə qədər sutka ərzində bilgiləri xəbər verirlər. Əslində bir tərəfdən bu, polis üçün yaxşı tərəfdir. Çünki ərazidə nə baş verilməsinə dair ümumi təsəvvür əldə etmiş olur. Lakin bundan müsbət mənada yararlanmaq lazımdır. Bununla baş verə biləcək cinayətlərin sayı minimuma enmiş olar.