Bu gün sənin günündür, Şuşa!... Bədbəxt olan günündür!... Amma ağlamayacağam səni...Qarabağ havalarını da dinləməyəcəyəm... "Xanın səsi də havalanıb" sənə "şikəstə" deməyəcək bu gün!... Sənə həsr olunmuş bircə şeiri də xatirlamayacağam bu gün!... "Qəlbimdə buza qoydum"... hər nəyin varsa!...
Bu gün özümlə savaşacağam...özümlə müharibə edəcəyəm... döyüşəcəyəm!... Sənə qovuşmaq üçün aparılacaq savaş səngimişsə, uğrunda ölə biləcək insanların sırası seyrəlmişsə... və ya yoxsa əgər bunlar, mən də meydanda tək qalan döyüşçü kimi vurnuxacağam bu gün!...
Biz gətirə bilmədik səni!... Qarabağın baş tacı yapa bilmədik səni!... "Könül intizarda, göz yol üstədir!"... Düz 25 ildir!... İndi orda dilin də dəyişib... dinin də... sinən xaçlarla damğalanıb... Əsir Şuşa!... "Kim demiş ki, düşmüş adın dilimdən?!"
İyirmi beş ildir!... Bu illərdə bir Şuşa ömrü getdi... bir Şuşa havası itdi... bir Şuşa kultu unuduldu!... Qanın qarışdı, südün dəyişdi... Heyif, dağın başında padşah balası kimi idin! İndi könlümüzün gözü ilə axtarmaqdayıq səni!...
Harda durum ki, məni görəsən... kimə yalvarmaq gərəkir, ona yalvarım... harda ölmək lazımdır, orda gözləyim... Hansı hava kecir könlündən, onu çaldırım...
Ya bəlkə, özün gələsən!... Sıyrılasan şimşək kimi, çaxasan ildırım təki!... "Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl !"... Qop, tökül düşmən başına... Bir Pompey günü yarat... yerin altını üstünə çevir!... Təzədən doğul... təzədən qurul!... Təzədən! Təzələ özünü... murdarlanmış köksünü yu, yıxa, durul, şüşə kimi ol, Şüşə! Varmısın buna?!...
Amma bir varsan, bir yoxsan!... Könlümdə varsan, gözümdə yoxsan... görə bilmirəm ki, səni!.. Sənə dön deyə bilmirəm! Qolların daş altdadır... Daşaltıdadır!...
Bu gün səni ağlamayacağam! Qoy xətrin qalsın! Bu gün düşüncələrimi darmadağın edən havalar tapıb dinləyəcəyəm... Qışqır-bağır salacağam beynimdə... Unudacağam səni bu gün... unutqanlığı silah kimi gicgahıma dayayacağam!!!
Andım olsun ki, sən bircə dön, sən geri gəl, yenə baş tacımız ol... mahnıda deyildiyi kimi "sana dönməyəcəyəm... səni sevməyəcəyəm!..." Uzaqdan uzağa boyunu sevəcəyəm, hələ o da ölməsəm... "Səni uzaqdan sevmək aşkların ən gözəli!"-havasında olacağam o gün...
İyirmi beş ildir!... İyirmi beş ildir ki, səni uzaqdan... uzaqdan sevməkdəyəm, Şuşa! Bitməyən bir sevda!..Bəsti İsmayıl
AzerTaym.az