“Yığışdır bu yüngüllükləri!“-Aygün Kazımovaya açıq məktub

“Yığışdır bu yüngüllükləri!“-Aygün Kazımovaya açıq məktubFilologiya elmləri üzrə fəlsəfə doktoru Sevda Qasımova adlı oxucu xalq artisti Ayün Kazımovaya açıq məktub yazıb.

AzerFax”a təqdim olunmuş məktubda oxucu A.Kazımovanın nişanlanması barədə xəbərə münasibətini və xalq artistinə iradlarını bildirib.

Məktubu olduğu kimi təqdim edirik:

Gözləmə ki, səni nişanlanmağın münasibətilə təbrik edəcəm. Qətiyyən belə bir fikrim yoxdur. Əksinə, bu gün oxuduğum xəbərlərdən dolayı sənə bir dinləyicin kimi öz qınağımı çatdırmaq qərarına gəldim.
Aygün, açığı çox məyus oldum. Ona görə ki, milli dəyərlərimizin keşiyində dayanmalı olan xalq artisti şıltaq bir yeniyetmə kimi davranır, yaşına uyğun olmayan yüngüllük nümunəsi göstərir. 45 yaşın var və bu təvəllüd səni gənclik çağından çoxdan ayırıb. Nə olsun ki, sənət adamısan. Nə olsun ki, şou-biznes deyilən bazardasan. Axı bütün bunlardan əvvəl sən Azərbaycan qadınısan! Yaşı 40-ı adlamış və bu vaxta qədər bir yox bir neçə kişi ilə rəsmi və ya qeyri-rəsmi münasibətdə olmuş qadın “Bu gün nişanlandım” deyib aləmə car çəkməməlidir. Sən axı gül qönçəsitək təravəti olan gənc bir qız deyilsən. İnan və qəbul et ki, artıq “Yekə arvad” mərhələsindəsən. Lütfən, plastik əməliyyatların sayını və hazırkı görünüşünü camaatın gözünə soxma. Bilmirəm nə qədər uğurlu alınacaq, amma hər halda deməliyəm. 1971-ci ildə istehsal olnmuş Lada 2107-yə kifayət qədər ciddi bir məbləğ xərcləyib gözqamaşdıran səviyyəyə gətirsək də belə, o, yenə də “07”di olaraq qalacaq... Bir boylan, gör ətrafda nə qədər TƏZƏ "inomarka"lar var... Bilmirəm anlada bildimmi?

Aygün, el arasında belə bir söz var: “Qızı özü boydadır”. Elin arasında olmasan da onun qınaqlarından uzaq dura bilməyəcəksən. Sənin qız köçürüb nəvə oynadan vaxtındır. Nişan üzüyünün fotosunu paylaşıb nişanlandığını bəyan etməyin, yüngül deyim ki, yaxşı hal deyil... İstəyirəm deyəm ki, ətin tökülsün, amma demirəm, düşünürəm ki, öz hərəkətlərinin yaxşı reaksiya doğurmadığını hiss edirsən... İnsan gərək bütün davranışlarını öz statusuna uyğunlaşdırsın. Bir sənət adamı üçün “Xalq artisti” adı, məncə kulminasiyadır. Deməli, oturuşunu da, duruşunu da bu ada uyğunlaşdırmalısan.

Əlbəttə, ailə qurmaq, bir neçə dəfə ərə getmək, kiminləsə rəsmi və ya qeyri-rəsmi yaşamaq sənin hüququndur və kimsə bunu sənin əlindən ala bilməz. Bir dinləyicin kimi mənim iradım da sənin növbəti dəfə münasibətə girməyinə görə deyil. Ürəyin nə qədər istəyir ailə qura, münasibətlər yarada bilərsən. Mənim və yaxud da bir başqasının haqqı yoxdur ki, buna görə səni qınasın. Lakin hər növbəti əlaqələrini və yeni sevgi macaralarını “qoymaharay” şəkildə camaata elan etməyin doğru deyil. Sən o yaşda deyilsən ki, “Ay qızlar, nişanlandım” deyib atılıb-düşəsən. Nişan mərasimi kifayət qədər ciddi tədbirdir. Öz xarakterinə və yaratdığı təsirlərə görə toy mərasimindən daha romantik və daha lirikdir. Sən isə, boynuna al, romantika çərçivələrini çoxdan adlamısan. Həyatının növbəti kişisini tapmısansa, çox gözəl. Əgər doğrudan da təqdim etdiyin kimi həmin adam məmur balasıdlrsa, onda etiraf etməliyik ki, sənin üçün kifayət qədər yaxşı nəticədir. Amma xahiş edirəm, bunu gətirib uca göylərin mehrabı kimi təqdim eləmə. Sənə hədiyyə göndərilən üzüyü, ailə ittifaqının formalaşması prosesinin ən önəmli atributu olan nişan üzüyü kimi qələmə vermə. Ayıb deyilmi? Həyatının ağır oturub batman gəlməli olduğun çağındasan. Bu qədər yüngüllüyə niyə sürüklənirsən axı? Nəhayət anla ki, bu kimi hərəkətlərin kənar müşahidələri “yoldan” çıxara bilməz.
Qənaət qətidir: sən köhnəsən! Namiqlə oxuduğun mahnılar hələ də qulağımızda cingilədəyir. Sən indi yeni sevgidən danışırsan.
Qəribədir, sənin sevgin, duyğuların çox tez ünvan dəyişir, bir yerdə qərar tuta bilmir... Hə, deyə bilərsən ki, sənə nə var, öz həyatımdır, özüm bilərəm. Yox, elə deyil, sən ya Xalq artisti adından imtina et, ya da zəhmət çək bu adın çəkisinə adekvat davran. Bəkə bir yazaydın ki, ay camaat, bu gün elçilər gəlmişdi, şirin çay içdilər... “Nişanlandım”, yox bir “Həri”ni veriblər! Vallahi ayıbdır, yığışdır bu yüngüllükləri!"






Fikirlər