Eldəniz Quliyevdən möhtəşəm kinossenari – “ATA”

Eldəniz Quliyevdən möhtəşəm kinossenari – “ATA”Görkəmli ssenarist, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məşhur azərbaycanlı milyonçusu, xeyriyyəçi insan Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən kinossenari yazıb. İki serialı bədii film üçün nəzərdə tutulan ssenaridə xeyriyyəçi milyonçunun ömür yolu, insanların rifahı, ictimai mənafe naminə gördüyü işlər və s. kimi mühüm tarixi məqamlar əks olunub.

ATA” ssenarisində çar Rusiyası dönəmində ermənilərin Azərbaycan xalqına qarşı yürütdüyü məkrli siyasət və H.Z.Tağıyevin bu qorxunc siyasətə qarşı atdığı qətiyyətli addımlar canlı, bədii boyalarla əks olunub. Tağıyev irsinin öyrənilməsi baxımından mühüm önəm kəsb edən bu ssenari ermənilərin Azərbaycan xalqına qarşı düşmən münasibətinin ifşası, xeyirxahlıq, vətənpərvərlik, millilik kimi dəyərlərin mənimsənilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Məlum ssenari ilə bağlı Moderator.az-ın sualını cavablandıran E.Quliyev film çəkilişi üçün sponsora ehtiyac olduğunu bildirib və çəkilişi üçün lazımi vəsaitin ayrılacağı təqdirdə maraqlı bir filmin meydana çıxacağına əmin olduğunu vurğuladı:
“H.Z.Tağıyev şəxsiyyət etibari ilə hər bir azərbaycanlıya örnək olan bir insandır. Bu cür insanların təbliği, onların xidmətlərinin öyrənilməsi xalqımızın milli şüurunun inkişafı və özünüdərki baxımından olduqca vacibdir. Ssenari hazır olsa da, film çəkilişi üçün vəsait yoxdur. Əgər “ATA” filminin çəkilişi üçün sponsor tapılarsa, o zaman insanlarımız maraqlı bir filmə şahid ola bilərlər. Belə mövzunun görüntü vasitəsi, yəni kino dili ilə tamaşaçılara təqdim edilməsi Azərbaycan mental dəyərləri, eləcə də azərbaycançılıq məfkurəsi baxımından son dərəcə əhəmiyyətli olardı. Bu, ümumilikdə Azərbaycan dövlətçiliyi, milli həmrəylik və təəssübkeşliyin təbliği baxımından da önəmli bir addım olar. Məncə, belə bir filmin olması Azərbaycan milli kinosu, eləcə də cəmiyyəti üçün çox əlamətdar hadisəyə çevrilər”.






Fikirlər