RAMAZAN niyə digər aylardan ÜSTÜNDÜR...
Ramazan Qəməri aylardan 9-cusunun adıdır. Müsəlmanların oruc tutmağa mükəlləf olduğu, dinimizə görə xeyir-bərəkətli və müqəddəs qəbul edilən aydır.
Ramazan ayına “on bir ayın sultanı” deyilir. Bu da onun bir sıra xüsusiyyətlərinə dayanır. Bu xüsusiyyətləri belə sıralaya bilərik.
1. Quranda adı açıq şəkildə keçən tək ay Ramazandır.
2. Quran bu ayın içində endirilmişdir. Qadir Rəbbimiz: Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan “Quran bu ayda endirildi” buyurmuşdur.
3. Qurani-Kərimdə “min aydan daha xeyirli” olduğu bildirilən Qədr gecəsi bu ayın içindədir.
4. Dinimizin 5 əsas şərtlərindən biri olan oruc ibadəti bu ayda icra olunmalıdır. Quranda: “Sizdən kim bu aya yetişirsə, oruc tutsun” (Əl-Bəqərə, 2/185) buyurulur.
5. Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir.
6. Təravih namazı da bu aya məxsus ibadətlərdəndir. Əbu Hüreyrədən belə rəvayət edilir: “Rəsullulahın (s.ə.s.) Ramazan haqqında belə buyurduğunu eşitdim: “Kim inanaraq və savabını umaraq Allah rizası üçün təravih namazı qılarsa, keçmiş günahları bağışlanar”.
7. Etikafa girmək: Ramazan ayının son 10 günündə itikafa girmək sünnətdir. Hz.Peyğəmbər (s.ə.s.) Ramazanın son 10 günündə daha çox ibadət edərdi. Hz. Aişə anamızdan belə rəvayət edilir: “Rəsulullah (s.ə.s.) Ramazan ayının son 10 günü girəndə əlini-ətəyini toplayar, gecəni ihya edər və ev camaatını oyadardı”.