Azərbaycan musiqisinin Ağ Saçlı Mələyi və onun ən böyük arzusu - MARAQLI FAKTLAR/VİDEO

Azərbaycan musiqisinin Ağ Saçlı Mələyi və onun ən böyük arzusu - MARAQLI FAKTLAR/VİDEO

Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli Azərbaycan mədəniyyətində fərqli musiqi üslubuna və xarizmaya sahib olan orijinal sənətkardır. Lirikaları ilə qəlblərdə taxt qurması Nailə xanımın böyük ürəyindən, bəlkə də ağrı-acılarının ölçüyə gəlməz dərinliyindən xəbər verirdi. Sadəcə şərqiləri deyil, bəyaz saçları da bəstəkarın keşməkeşli tale yollarından miras qalmış bir nişanə idi. Sözsüz ki, bütün bunlar bəstəkarın yaradıcılığına təsirsiz ötüşməyib. Əslində yeganə həyatverici qüvvəsi duyğularını melodiyaya çevirmək məharəti idi ki, onu həyatdan qopmağa icazə vermirdi. Yaşanmış itkilərin xronoloji ardıcıllığına baxanda onun bir az ehtiyatla, bir az da qorxaraq tərənnüm etdiyi hüznün sirləri hər bir dinləyicinin qarşısında tək-tək açılmış olur.

Publika.az bəstəkarın həyat və yaradıcılıq yolu haqqında maraqlı faktları təqdim edir.

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra 14 yaşlı oğlu dənizdə boğulub. Bəstəkar 2007-ci ildə daha iki böyük itki yaşayıb: həyat yoldaşı Hikmət Mirməmmədli və anası vəfat edib. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib.

N.Mirməmmədli çıxışlarının birində oğlunun ölümündən sonra bir zamanlar çox ağladığını, lakin şəhid anasının sözlərindən sonra bu hərəkətinə görə utandığını açıqlayıb. Şəhid anasının bu hərəkətinin nə qədər doğru və ya səhv olduğu müzakirə mövzusu olmasa da, Nailə xanım yaşanan olaydan sonra ölümə münasibətinin dəyişdiyini deyib:

16 yaşlı oğlu dənizdə boğuldu, dərddən siqaretə qurşandı, əri doğum gününə hazırlaşarkən qollarında can verdi – Dünyasını dəyişən bəstəkarın faciəvi həyatı

“Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım”.

Bəstəkar inkar etmirdi ki, doğmalarının ard-arda qəfil vəfatı nəinki həyatında, yaradıcılığında da çox şeyi dəyişib.

Ad - 01:11
texnomart.az/yeni-il

“Sifariş olunan və ya özümün xoşuma gələn daha lirik notlara oturan duyğuları bir qədər də dərindən, təsiredici yaza bildim, çünki onları yaşamışam. Oğlumu itirəndə Hikmət yanımda olmasaydı, bəlkə mən də yıxılardım. Amma Hikmətdən sonra ağlaya bilmirdim. Hamı məni qınayırdı ki, sən niyə ağlamırsan? Onu hələ başa düşmürdüm, dərk eləmirdim. Başa düşəndə də övladlarıma görə dözə bildim bu ağrıya. Çünki oğlumun həmin il universitetə qəbul imtahanı vardı. Evdə yas ola-ola Cavidanı aparırdım hazırlığa. Bütün bunlar məni yıxılmağa qoymadı. Düşünürdüm ki, oğlum universitetə mütləq qəbul olmalıdır, bütün fikrimi ona cəmləmişdim. Əgər o qəbul olmasaydı, dəli olardım. Sonra qızımın dərsləri ilə məşğul oldum. Əsas da Allaha inancım məni ayaqda saxladı. Amma Hikmətin yoxluğu fikrini özümə yaxın buraxmıram. O, mənim üçün yaşayır və yaşayacaq. İndi də onun evdə qoyduğu qayda-qanunlarla hərəkət edirik. Hikmətin həyatı yarıda kəsilsə də, onun arzularını həyata keçirməliyəm. Əlbəttə, asan olmayacaq, amma etməliyəm. Hikmət rəhmətə gedəndən üç gün sonra başım çox qarışdı. Dostlarım, yaxınlarım, qohumlarım bizi tək qoymadılar. “Bir məhəbbət hekayəsi” əsəri sanki mənə güc verdi. Onu yazandan sonra dayanmadım”, - musiqiçi müsahibələrində bildirib.

Nailə Mirməmmədli hesab edirdi ki, ağarmış saçını rəngləsə və yaxud geyim tərzinə dəyişiklik etsə, gözdən düşə bilər. Bəlkə də bunu yaxınlarının ruhuna hörmətsizlik əlaməti kimi qəbul edirdi. Çünki o, əsl Azərbaycan qadını idi, mərd və məğrur: “Mənə elə gəlir ki, hər bir yaradıcı insan xalqının nümunəsi olmalıdır. Ümumiyyətlə, hər bir sahənin öndə gedəni nümunə olmağa çalışmalıdır. Çalışıram elə olum ki, bu tərzdə olan qadınlar mənə bənzəsinlər”.

Dahi sənətkar Tofiq Quliyevin tələbəsi olmaqla öyünən bəstəkarın ən böyük arzusu opera yazan ikinci azərbaycanlı xanım kimi tarixə düşmək idi. O, peşəsini, yazdığı hər bir əsəri ən əziz körpəsi kimi əzizləyib ərsəyə gətirirdi. Sirr deyil ki, həm həmkarı, həm sənət dostu, həm də müəyyən mənada ən güclü rəqib saydığı həyat yoldaşının bir çox yaradıcılıq planları yarım qalmışdı. Heç bir əsərini nakam qoymaq istəməyən musiqiçi çox qorxurdu ki, daha ciddi əsərlərini tamamlamağa ömrü çatmasın. Sənətçi şəkər xəstəsi olduğunu və zaman-zaman vəziyyətinin pisləşdiyini çox adamdan gizlədirdi.

 

Nailə xanımın qəfil gedişindən sonra daha yaxşı anlayırsan ki, o, əsərlərinin yarım qalmasından niyə bu qədər narahat idi... Təəssüf ki, musiqiçinin qəfil ölümü onu sənətlə bağlı arzularından həmişəlik ayırdı. Şəkər xəstəliyindən əziyyət çəkən Nailə Mirməmmədli yanvarın 4-də 59 yaşında ürəktutmasından vəfat etdi. O, opera yazan ikinci azərbaycanlı xanım bəstəkar adını qazanmasa da, yüzlərlə nəğmələri və pambıq kimi yumşaq melodiyaları hələ uzun illər könüllərdə yaşamağa davam edəcək. İndi hər kəs onu Azərbaycan musiqisinin Ağ Saçlı Mələyi kimi ehtiramla yad edib, xatirəsini əziz tutur.






Fikirlər