Xanım yazarlar deputatın təklifini DƏSTƏKLƏDİLƏR: “Qadın istismarına son!”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təklif edib ki, kişi ev işlərinə görə həyat yoldaşına pul ödəsin. Deputatın ciddi rezonans doğuran təklifi sosial şəbəkələrdə iki qütblülük yaradıb. Kişilərin çoxu onunla razı olmasa da, qadınlar deputatın fikrini dəstəkləyib. Gununsesi.info-nun məlumatına görə, bəzi qadın yazarlar sosial şəbəkədə yazdıqları statusla deputatın təklifini müdafiə ediblər. Tanınmış jurnalist Jalə Mütəllimova gün ərzində evdə gördüyü işləri sadalayıb. O bu sırada həyat yoldaşı və uşaqları üçün yemək hazırlamaqdan paltar yumağa qədər bir sıra məşişət qayğılarına qatlaşdığını qeyd edib və sonda da yarıciddi-yarızarafat bildirib: “İndi hesablasaq, uşaqların atası mənə maaşa paralel hələ pensiya da verməlidir”. Təhsil TV-nin redaktoru Gülnarə İlham da deputatı dəstəkləyənlər sırasındadır: “Musa müəllimlə razıyam. Elə kişilər var ki, xanımının peşə və ali təhsil diplomu, bacarığı olduğu halda, işləməyinə icazə vermir. Əlbəttə, bu zaman əziyyət çəkib xanımının baxımını, istirahətini təmin etməlidir. Qadın bütün günü işləyib məişət qayğılarından başı açılmasın, geyim, bəzək-düzək nədir bilməsin, ayda-ildə bir dəfə restorana, gəzməyə getməsin, üstəlik kişinin kaprizləri ilə oturub-dursun, sonra da kişi başına qaxınc edib, “nəyin çatmır, yeməyin var, isti evin var, bəsindir”, – desin”… Yazıçı Günel Mövlud: “Ev işləri də işdir və ödənişi, sığortası, təqaüdü olmalıdır… Bəs, mənim gündə uşaqlara, evin təmizlənməsinə, yemək bişirməyə sərf elədiyim vaxtın hesabını kim ödəməlidir? Axı bunları mən tək edirəm, bu işlər bölünmür. Mən niyə yüzlərlə manat dəyəri olan vaxtımı məişətə sərf etməli və qarşılığında heç nə almamalıyam? Ya ədalətli iş bölgüsü ya maaş. Qadın istismarına son!”.
…Norveç Yazarlar Mərkəzinin qiymətləndirməsinə əsasən, mənim yazdığım bir səhifə mətnin qiyməti 200 AZN, tədbirlərdə bir saatlıq çıxışımın qıyməti isə 1040 AZN-dir.