YANLIŞ VƏ YA ƏKSİK BİLİNƏN 5 ÖNƏMLİ ŞEY (Ramazan və oruca aid)
ALLAHa iman etmiş birisi üçün Ramazan ayının önəmi çox böyükdür. Çünki bu ay, günahların bağışlanması, dünya həyatında xeyir-bərəkətin və əbədi həyat olan Cənnətin qazanılması yolundakı ən böyük fürsətdir. Bundan böyük bir fürsət yoxdur, ola bilməz. Elə böyük bir fürsətdir ki, Peyğəmbərimiz ﷺ “Ramazana çatıb, bu ayda (etdiyi minlərlə günahından dolayı) bağışlanmayanın burunu yerlə sürtülsün” – deməklə, bizlərə bunun ciddiliyini izah etməyə çalışmışdır. Əslində bunları çoxumuz bilirik, eşitmişik, oxumuşuq.. Məsələ burasındadır ki, insan bəzən bol-bol savab qazandığını düşünsə və hər şeyin doğru istiqamətdə irəlilədiyini düşünsə də, əslində özünü daha böyük xeyirlərdən məhrum edə bilir.. Məhz bu mövzudakı incə nüanslara toxunmaq istəyirik. Beləlikdə, yanlış və ya əksik anlaşılmış mövzulara dair önəmli hesab etdiyimiz bir neçə misala keçid alaq: 1 – İlk olaraq qeyd etməli olduğumuz ana mövzu – Qurani-Kərimdəki məşhur oruc ayəsi haqqındadır. Uca Allah belə buyurur: “Ey (Allaha və sorğu-sual gününə) iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Quran, 2/183) Əminik ki, bu ayəni çox insan bəlkə də əzbər bilir. Lakin, bu ayədə çox önəmli bir məqam vardır: oruc tutan insanın Allaha qarşı sevgi və qorxusu əmələ gəlməlidir. Ayədə qeyd edildiyi kimi oruc, məhz elə bunun üçün hər bir müsəlmana vacib edilmişdir. Oruc tutan insan, oruc tutmadığı günlərdə etmiş olduğu yalnış və günah əməlləri yenə də təkrarlayırsa, o zaman böyük fikir islahatlarına ehtiyacı vardır. Peyğəmbərimiz ﷺ, oruc sayəsində edilə biləcək dəyişikliklərə belə misal vermişdir: “Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəyər və ya onu söyərsə, qoy iki dəfə: “Mən oruc tutmuşam” – desin.” (Buxari) Yuxarıda qeyd etdiyimiz hədis, bu mövzuya dair verilmiş sadəcə bir misal idi. Yəni, buna bənzər nümunələrin siyasını artırmaq mümkündür. Demək istədiyimiz budur ki, oruc tutmuş şəxs insani, imani və əxlaqi olaraq mütləq müsbətə doğru dəyişməli, habelə bu dəyişiklikləri özündə hiss etməlidir. Təbii ki, bunun üçün Allahın arzu etdiyi etdiyi formada oruc tutmalı, sadəcə mədəsinin boş qalması ilə kifayətlənməməlidir. Peyğəmbərimiz ﷺ, bu haqda bir çox digər misallara da toxunmuşdur. 2 – Oruc tutarkən, təkcə mədə deyil, digər orqanlar da bu işdə fəal şəkildə iştirak etməlidir. Göz harama baxırsa, dil yalan və ya qeybət olan sözlər danışırsa, qulaq haramlara qulaq asırsa, ayaqlar yenə də haram olan yerlərə addımlayırsa bu, oruc məfhumunun yanlış anlaşıldığının əyani bir göstəricisidir. Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Kim yalan danışmağı və bu yalanı ilə əməl etməyi tərk etməzsə, onun yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur.” (Buxari, 1903) Qeyd etdiyimiz hədisdə çox önəmli bir məqam vardır. Hədisdə verilən misalda, dil başda olmaqla digər orqanların oruc tutmadığı təqdirdə bu əmələ ‘oruc’ adının verilmədiyini, sadəcə olaraq “yemək və içməyin dayandırılması” deyildiyini görmüş oluruq. 3 – İftara qədər “vaxt öldürmə”. Orucun mahiyyətini anlayan insan, bunun yanlış bir düşüncə olduğunu hiss etməyə başlamalıdır. Mədənin boş qalması, insanı ən azından nahar və ‘çay fasiləsindən’ qurtardığı üçün, avtomatik olaraq ona əlavə bir vaxt qazandırmış olur. Bu zaman boşluğunun insana verilməsi – çox böyük bir hikmətə əsaslanır. Yəni, beyin qidaya fokuslanmır və beləliklə də daha çox kitab (xüsusilə də Quran) oxumağa, daha çox zikr və dua etməyə nəhəng bir fürsət yaranır. Ramazandan öncə insanın “vaxt tapmadığı”, əslində isə tənbəllik etdiyi bir çox xeyirli əməlləri etmək üçün daha böyük bir fürsəti axı başqa nə vaxt tapmaq mümkün ola bilər ki? Təəssüf ki, Ramazandan sonra bunların çoxu unudulub gedəcək.. Bizdən öncə yaşamış xeyirli insanlar bu mübarək ayda, hətta İslamla əlaqəli olan elm sahələri haqda kitablar oxumağı və dərslərə qatılmağı belə dayandırar, yalnız Quran mütaliə edərək, mənaları üzərində düşünməklə məşğul olardılar. Məhz buna görə də Allahın elçisi ﷺ, Ramazana çatıb, bol-bol xeyirli əməllər, dualar, zikrlər etməyənləri və Allahla baş-başa qalaraq nəfslərini hesaba çəkməyərək, günahlarından tövbə etməyənləri sərt bir dillə tənqid etmişdir. 4 – Ramazanın mahiyyəti həqiqətən də çox dərindir.. Whatsapp statuslarının Ramazan şəkillərilə zəngin olması və ya restoranların dolub-daşması da bu mübarək ayın əsl məqsədi deyil.. Kasıb və yetim ailələri, qapısını açan kimsələrin olmadığına görə qəlbləri ağlayan, gözləri yol çəkən kimsəsizləri öz iftar süfrəsinə dəvət edən, evində yemək bişirərək onlara aparan səmimi və mərd insanlardır – Ramazanı həqiqi mənada yaşayanlar. Həyatında fərqli dəyişikliklər etməyən insan, Ramazanın möhtəşəm mükafatlarından payını ala bilməz, bunun ləzzətini, etdiyi əməllərin Allah tərəfindən qəbul olunduğunu hiss edə bilməz. Kasıb insanlarla eyni iftar süfrələrində oturmaq da, dünya sərxoşluğundan oyana bilməyən daşlaşmış qəlblərin yumşalmasına çox müsbət təsirlər göstərə bilər (!). Şiddətlə tövsiyə olunur.. 5 – Təravih namazı. Kimisi bu namazı heç qılmır, kimisi hələ də özünü bu namazı (imamla) sona qədər qılmağa alışdıra bilmir, kimisi dəqiq bilmədiyi şeylərə hələ də “bidət” deyir, kimisi bu namazın məqsədlərindən birinin çoxlu Quran oxunması olduğu halda sadəcə İxlaq və Nas surələrilə bu namazı “yola verir”, kimisi isə bu namazı ildırım sürətilə tez qılıb qurtarmaqla “qabağa düşdüyünü” zənn edir.. Gördüyümüz kimi, təəssüf ki, yanılqılar bir deyil, iki deyil.. Fərz olan İşa namazı tezbazar qılınacaqsa; Təravih namazında Fatihə hər rükətdə bir nəfəsə oxunacaqsa və ya (lap hər gün bir cüz xətm edilsə belə) ayələr sanki ‘əzbər təhvili formasında’ beyində təkrarlayırmış kimi ildırım sürətilə oxunacaqsa – elə sadəcə fərz namazını normal qılıb, zikrləri rahatca edib, ardından iki rükət sünnə namazını qılıb əlləri açaraq dua edilsə, bəlkə də daha faydalı olar. Bir sözlə, iki rükət qıl, amma doğru formada qıl. Allah qatında önəmli olan kəmiyyət deyil, keyfiyyətdir – bir əməlin həvəslə, zövqlə, faydalanaraq edilməsidir. Məscidlər bu mövzuda çox böyük bir məsuliyyət daşıyırlar. Bircə insanın məsciddən və camaat namazından soyumasına şərait yaradan hər bir kəs, bunun cavabını Allah qatında verəcəyini unutmamalıdır. Öz evində də möhtəşəm bir Ramazan keçirmə imkanın vardır. Bunun üçün nəyisə bəhanə etməyə gərək yoxdur.. Allah, Öz sevdiklərini xeyir işlərlə, doğru anlayışla zənginləşdirər. Yuxarıda qeyd olunmuş hər bir bəndin üzərində düşünməklə, Ramazanın qalan günlərini tamamilə fərqli keçirmək fürsətimizin formalaşacağına ümid edirik.. Ayxan Yaquboğlu