Aparıcı xanımdan sirli Aşıq Ədalət açıqlaması: “BİLƏN BİLİR…”
Əslində belə tez ölməyəcəkdi. Vəfasızlıq məhv elədi onu... Bilən bilir nə deyirəm, bilməyən bilməsə yaxşıdır. Qoy aramızda sirr qalsın, ustad. Bu sözləri sosial şəbəkədə Aşıq Ədalətlə fotosunu paylaşan teleaparıcı İradə İsaq yazıb: “Dayıma oxşadardım deyə xüsusi sevərdim onu. Yanında olmayanlar efirdən onun sənətinin qüdrətini o qədər də bilə bilməzlər, aşıb-daşan vergisi, nəfəsi boğulana qədər dediyi şeirləri, haqq aşiqliyi təsvirə gəlməz... Böyük sənətkar başqasına qiymət verməyi də bacarırdı. Xoşbəxtəm ki, ayağım altda qurban kəsib. Razılaşmırdım. Dedi, “qoy bu gün ömründə məndən sənə hədiyyə olsun, ay İradə. Hər jurnalistə eləmərəm mən bunu. Mərd qızsan sən, sözünü deyənsən, indi belə qadın az olur, mən də sənin işinin vurğunuyam”. İlk tanış olduğum gün yadımdadır. Getdim ki, şəklimi şkafının şüşəsinə qoyub. Təəccübləndim. "Ustad, mənim şəklim burda nə gəzir?" –deyə soruşdum. "İnanarsanmı bir verilişini də buraxmıram, bu şəkli uşaqlardan xahiş eləmişəm, efirdən çəkib qoyublar. Bilirdim bir gün qapımı döyəcəksən. Məni yada sən salacaqsan" – dedi. Belə dostlaşdıq biz. Dedi: "Gərək o yuxunu danışmayaydım uşaq vaxtı. O kişi cəzalandırdı məni. Səsimi əlimdən aldı. Koroğlu ki Qırata deşikdən baxdı qanadlarını yandırdı ha. Bax elə yandı qanadlarım. Vergim əlimdən alındı. Yoxsa kim dayanardı qabağımda?!" İlahini onun qədər dərk edən az adam olardı. Ən sevdiyinə qovuşdu. Deyirdi, "hamı gedib bir mən qalmışam". Allah rəhmət eləsin, ustad. Sənin yerin dolmayacaq”.