Kəmalə Əzizqızı: “Bəlkə də o an televiziyadan çıxmağım xeyrimə idi”
“Fikrimdə yeni layihə var. Sosial tok-şoudur. Daha çox qadının cəmiyyətdə və ailədə roluna həsr olunacaq.İnşallah, hansı kanalda və nə vaxtsa yayımlana bilər”
Bir zamanlar milli teleməkanın tanınmış simaları olub. Bəziləri bu gün də az-çox efirlərdə görünür, bəziləri isə tamamilə efirdən uzaqlaşıblar. Amma onların həyatı bir çoxları üçün hələ də maraqlıdır. "Şərq”in budəfəki həmsöhbəti AzTV-nin keçmiş diktoru Kəmalə Əzizqızı oldu. İstər daxili dünyası, istər görünüşü ilə insanda xoş ovqat yaradan həmsöhbətimiz əslində hər yaşda gözəl görünməyin mümkünlüyünü təsdiqləmiş oldu.
- Efir bir çoxlarının arzuladığı, bəziləri üçün əlçatmaz xəyal görünən məkandı. Siz bu ecazkar məkana necə gəldiz?
- Əslində etiraf edim ki, efir mənim xəyalım, arzum olub. 1990-cı ilin Novruz bayramı idi. Sumqayıtda, anamgildə şəkərbura, paxlava bişirirdik, televiziyada elan eşitdim. Mən də uşaqlıqdan diktor olmaq istəyirdim.
- O vaxta kimi hansı sahədə çalışırdız?
- Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişəm. İki il də Elmi-Tədqiqat İnstitutunda çalışdım, iki il anamın işlədiyi orta məktəbdə dərs dedim.
- Televiziyaya gələndə neçə yaşınız var idi?
- 28 yaşım var idi. Elanı eşitdim, zəng vurdum AzTV-yə, Rafiq Hüseynov telefonu götürdü, haqqımda məlumatları dedim. Yaşımı eşidəndə təəccübləndi və bildirdi ki, elan yaşı 25-ə qədər olanlara aiddir. Dedim ki, Rafiq müəllim, bəlkə baxasınız, sonra qərar verəsiniz. Bu cümləm onun çox xoşuna gəldi və məni dəvət elədi. Məni görəndə dedi ki, xarici görünüşün yaşına görə deyil.
- İlk dəfə efirə çıxmağınızı necə xatırlayırsız?
- Təbii ki, o günü unuda bilmərəm. 1990-cı ildə ilk dəfə efirə çıxmışam. Düz iki il "Bənövşə” uşaq xorunun konsertinin aparıcısı oldum. Bundan sonra əvvəlcə rus dilində xəbərləri aparmağa başladım. Çünki məktəbi və universiteti rus dilində bitirmişəm. Hətta televiziyaya gələndə Azərbaycan dilində tam sərbəst danışa bilmirdim. Rusca düşünüb öz dilimizdə danışırdım. Arada "ee” pauzaları verirdim. Bu da dili yaxşı bilməməyimdən irəli gəlirdi. Televiziya mənə səlis danışmağı öyrətdi.
- AzTV-yə yeni gələnləri təcrübəli diktorlara təhkim edirdilər.
- Mənimlə Ofeliya Sənani məşğul olurdu. Efirə isə Tamilla Ələkbərova təqdim elədi.
- Özünüzdən böyük diktorlarla rəfiqəlik etməyi necə bacarırdız?
- Bəli, Tamilla xanımla indi də yaxınam. Amma belə hər kəslə yaxşı münasibətlərim var. Onunla bizim ortaq nöqtələrimiz çoxdur, bir-birimizi çox istəyirik.
- Səhv etmiriksə, efirdə ancaq xəbər aparıcısı olmusuz?
- Bəli, 1992-ci ildən, 2006-cı ilə qədər xəbər diktoru oldum. Arif Alışanov sədr gələndən sonra çıxdıq. Amma məni tam çıxartmadı, radioya keçirdi. Bir il də radioda işlədim.
- Əməkhaqqında fərq var idi?
- Təbii ki. Radioda aparıcı idim. Sıxışdırma idi də.
- Radiodan özünüz uzaqlaşdınız?
- Yox, müqaviləmizin müddəti bitdi və bir ildən sonra yeni müqavilə imzalamadılar.
- İşdən çıxarılmağınızın səbəbi nə oldu?
- Heç nə. Bizə heç səbəb demədilər.
- O dönəmdə bir çox diktorlar AzTV-dən küskün gediblər. Sizinlə birgə kimlər işdən uzaqlaşdırıldılar?
- Nailə İslamzadə, Zamirə Dadaşova, Aynur Əliyeva, Aynurə Mehdiyeva, Şəfəq Qarayeva, Tamilla xanım.
- Nə əcəb başqa televiziyalarda yenidən efirdə görünməyə cəhd etmədiniz?
- Bir müddət layihələr üzərində işlədim, boş qalmadım. Amma efirə getmədi. Müəyyən sponsor məsələləri, narazılıqlar oldu. Bu, qismət məsələsidir. Hər bir işin uğurlu olması üçün gərək qismətin olsun. Nə qədər çalışsam da, heç nə alınmadı.
- Sizin üçün bu illəri itirilmiş müddət saymaq olar?
- Xeyr. İşdən çıxanda çox pis oldum, depressiyaya düşdüm.
- İşdən çıxarılan diktorlar bir-birinizə dəstək olurdunuz?
- Elə bil pərən-pərən olduq. Bir müddət əlaqələr itdi, sonra sosial şəbəkələrdə bir-birimizi tapdıq. Həyatımda baş verən mənfi və müsbət hər şeyə görə Allaha təşəkkür edirəm. Bəlkə də o an televiziyadan çıxmağım xeyrimə idi.
- Nə mənada?
- Əvvəla, elə bir mühit yaranmışdı ki, orda çalışmaq çox çətin idi. Hamının canı boğazına yığılmışdı, sərbəstlik yox idi.
- AzTV əslində həmişə məhdudiyytləri olan efir məkanı olub.
- Yığa-yığa gəlmişdik, səbrimiz daşırdı. Depressiya anlarında fikirləşirdim ki, işləyəndə "bezmişəm, bezmişəm” dediyimə görə Allah da mənə belə bir yol göstərdi.
- Depressiyaya düşdüyünüzü dediniz. Darıxmırdız efirdən kənarda. Hər halda efir elə məkandır ki, ordan uzaq düşəndə darıxırsan.
- Etiraf edim ki, bir müddət çətin oldu. Qəbul edə bilmirdim. Amma zamanla hardasa barışdım. Qaldı efirdən sonrakı həyat tərzimə, evdə idim, səyahət edirdim.
- Səyahət üçün maddiyyat lazımdır.
- Allahın sevimli bəndəsiyəm. İşdən çıxdığım anlarda oğlum işləməyə başladı. O, Türkiyədə oxuyub işləyirdi və mənə pul göndərirdi. Ege Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib, oteldə menecer işləyir.
- Səyahətdən deyəsən zövq ala bilirsiz?
- Avropanı çox sevdiyimə və mədəniyyətini özümə yaxın bildiyimə görə ora çox səyahət elədim. Bir neçə dəfə Türkiyəyə getdim. Məni depressiyadan idman çıxardı. Fitneslə məşğul idim, üzgüçülüyə gedirdim. İdmana elə bil işə gedirdim və stressimi atırdım. Rəfiqələrlə, qohumlarla ünsiyyətdə idim.
- AzTV-də çalışsanız da, saç düzümünüz, sərbəstliyiniz digərlərindən müəyyən qədər fərqlənirdi. Məsələn, AzTV-də diktorlar arasında belə qısa saç düzümündə ikinci kimsə yox idi.
- Saç düzümü bizim kritik mövzumuz idi. Nizami Xudiyev deyirdi ki, sən saç düzümünü tapa bilmirsən. Saçımı necə edirdimsə, bəyənmirdi.
- Səbəb?
- Bilmirəm. O zaman üçün belə saç düzümü etmək də cəsarət tələb edirdi. Yəqin klassik deyildi ona görə (gülür).
- İndi də bir Avropa meyli var sizdə.
- Mənim ruhum düzgün bədənə girməyib, Avropada olmalıydım (gülür). Daxilən azadam, düşüncələrim, sözlərim azaddır. Sözü insanın üzünə deyirəm. Arxamca danışanları da sevmirəm. Sərt olsa da, mənə qarşı sözünü üzümə de. Məni sağlam şəkildə tənqid edənləri çox sevirəm.
- Dediniz ki, daxilən azadsınız. Bu azadlıq geyimlərinizə sirayət edir?
- Çox. Hətta geyimlərim bəzi rəfiqlərimin, oğlumun xoşuna gəlmir. Oğlum deyir ki, yaşına uyğun geyinmirsən. Deyir sənin yaşında daha klassik geyinmək lazımdı.
Daxilən azad olduğuma görə geyim stilim də "free style”dir. Yəni azad stil.
- İngiliscə bilirsiniz?
- Anam ingilis dili müəlliməsi olduğundan ingilis dilini yetərincə bilirəm. Hətta biz danışmağa başlayanda o bizimlə ingiliscə danışırdı.
- Bəs nə əcəb ingiliscə xəbər aparmamısız? İngiliscə bilənlərə efirdə tələbat çox olur axı.
- Mənim çox səlis ingiliscəm var idi. Amma indi bir az zəifdir. Xarici ölkələrdə olanda ingiliscə sərbəst danışıram. Hətta istəyirəm ki, xarici dostlarım olsun, daima ingiliscə danışım.
- Bu qədər baxımlı və gənc görünmək istəyinin özəl səbəbi var?
- Xeyr. Bunu anamdan belə görüb-götürmüşəm. O da baxımlı qadın olub. Hətta həyətdə oynamağa da səliqəli geyimdə düşmüşük. Kosmetikadan istifadə etməyi sevmirəm. Güzgüyə baxanda özümü bəyənməliyəm. Ruhum kişi ruhudur. Heç vaxt əzilib büzülmürəm. Bəlkə də bu, düz deyil. Amma yoxdur məndə belə şeylər. Oğlumla yaşayıram, yalnızam.
- Yeni televiziya layihəniz var.
- Fikrimdə var. Sosial tok-şoudur. Daha çox qadının cəmiyyətdə və ailədə roluna həsr olunacaq. İnşallah, hansı kanalda və nə vaxtsa yayımlana bilər.
- Daxilən azad olduğunuzu dediniz. Amma 17 il azad olmadığınız mühitdə işləmisiniz. Təzadlıdır.
- Orda da bəzən çərçivədən çıxırdım, əl-qolla danışırdım.
- Əl-qolla danışan aparıcıları bəyənirsiniz?
- Hamısını yox. Bir dəfə telefonla danışırdım, oğlum da balaca idi. Bir əlimdə telefon, digər əlimlə də izah edirəm. Birdən oğlum gəldi əlimi tutdu və mən danışığımı kəsdim. Dedim ki, neyləyirsən? Dedi ki, axı o insan səni görmür.
- Yəqin ki, 17 il ərzində efirdə yetərincə maraqlı hadisələr də başınıza gəlib.
- "Səhər” proqramını aparırdım. Qonaqlarla söhbət elədiyim yerdə işıq partladı düşdü üstümə. Pencəyim və belim yandı.
- Zahiri görünüşünə görə ən bəyəndiyiniz teleaparıcı kimdir?
- Emil Şahzadənin zahiri görünüşü çox uyğundur. Onun Avropa siması xoşuma gəlir. Rəşad Mehdilini də bəyənirəm. Zaur Baxşəliyevi çox istəyirdim, efirdə sərbəst idi. Amma son vaxtlar reytinq naminə bir az rola girdi. Gündəmdə olan hadisələri çox şişirdirlər.
- Aparıcının efirdə ləhcə ilə danışmağı doğrudur?
- Hə, bu yaxşı hal deyil. Bu, onun reytinq qurbanı olduğuna dəlalət edir. Çünki efirə baxan tamaşaçının əksəriyyəti o ləhcədə danışır. O, xəbər aparıcısı olsa, ləhcə ilə danışmaz.
- Bu günün aparıcılarından bəyəndikləriniz var? Ümumiyyətlə onları tanıyırsız?
- Belə tanıyıram. Deyim onları izləyirəm, yalan olar. Amma baxanda baxıram. Misal üçün, Zaur Kamal yaxşı oğlandır. Amma o da reytinq qurbanıdır. İlkin Həsəninin səmimiyyətinə inanmıram. Yaxşı səs tonu, tembri ola bilər.
- Yəni bu günün aparıcıları arasında bəyəndiyiniz yoxdu ki?
- Niyə ki? Xədicə Sənanqızını, ATV-dən Samirə Mustafayevanı bəyənirdim. Zaurlar reytinq qurbanları olmasalar, bəyənərdim.
- AzTV-yə baxırsınız?
- Baxmıram.
- Bu qırğınlıqdır?
- Bir az. Mən orda işləyəndə də AzTV-yə nadir hallarda baxırdım.
- Müəllimləriniz kim olub?
- Məndən öncə işləyən diktorların hamısı müəllimim olub. Rafiq Hüseynov, Roza Tağıyeva, Tamilla Ələkbərova, Ofeliya Sənani. Rafiq Hüseynov o dövrdə qadınların sevimlisi, çoxlarının kumiri idi. Hərəsindən bir şey öyrənirdim.
- Sizcə, kim nəyə görə üstün idi?
- Roza Tağıyeva ədəbi-bədii verilişləri, Rafiq Hüseynov publisistik proqramları, Tamilla xanım musiqi verilişlərini daha yaxşı idarə edirdi. Hər halda bu mənim şəxsi qənaətimdir. O zaman efirdə olmaq daha çətin və bir az da məsuliyyətli idi. Düzdü, efir hər zaman məsuliyyət tələb edən məkan sayılır. Amma o zaman efirdə olmaq daha çətin idi. Bu mənim şəxsi fikrimdi.