Mələk Heydərova: “30 yaşım var, mənim yengəyə ehtiyacım yoxdur” – MÜSAHİBƏ
Aparıcı, aktrisa və yazar Mələk Heydərovanın Oxu.Az-a müsahibəsi: – Mələk, yeni mövsümdə hansı yeniliklərlə göz önünə çıxacaqsınız? – Mövsüm yeni başlayıb. Keçən mövsümdə çəkildiyim “Baldız” serialı bu mözsümdə yayımlanacaq. Orada öz obrazımı canlandırmağa davam edirəm. Əsas obrazlardan biriyəm. Əməkdar artist Dilarə Əliyeva tərəf müqabilimdir. Amma daha bir yeniliyim də var. Yaş həddi 18+ kateqoriyaya aid edilən veriliş hazırlayıram. Aparıcısı olacağım sözügedən layihə televiziyada deyil, “Youtube”da yayımlanacaq. Yaş məhdudiyyətinin qoyulması o demək deyil ki, veriliş başdan sona kimi açıq-saçıq olacaq. Sadəcə, verilişdə qoyulacaq mövzular və müzakirələr açıq şəkildə aparılacaq. Bir sözlə, sərhəd qoyulmayacaq. Çünki televiziyada yayımlanan verilişlərə gələn qonaqlar açıq diskussiya aparmaqdan boyun qaçırırlar. Səmimi ortam yaratmaq üçün qərara qəldim ki, veriliş sosial şəbəkədə yayımlansın. Amma bu, izləyicilərə bir aydan sonra təqdim ediləcək. Beləcə, tamaşaçıların qarşısına Mələk tamam başqa bir formatda çıxacaq. – Belə bir formatda verilişə illər öncə Xalq artisti Aygün Kazımova aparıcılıq edib, amma proqram televiziyada yayımlanırdı. Heç o zamanlar açıq-saçıqlıq tamaşaçılar tərəfindən bu qədər tənqid olunmurdu. Sanki biz 90-cı illərdə daha müasir idik, nəinki indi. Fikrinizcə, bu nədən qaynaqlanır ? – Bu, ondan irəli gəlir ki, ölkəmiz yenicə azadlığa qovuşmuşdu. O zaman hər şey azad idi. Hər kəs istədiyini edirdi. Bu azadlığın içində, təbii ki, televiziya ilə bərabər, media da var idi. Ədəbiyyatda da azadlığın qoxusu var idi. Bizim ən böyük problemimiz sərhəd qoymağı bacarmamağımızdır. Azadlıq hara qədərdir? Açıq-saçıqlıq hara qədər olmalıdır? Bunun da bir sərhədi olmalıdır. Yəni istədiyin kimi geyinmək, danışmaq, özünü aparmaq, istədiyini söymək, təhqir etmək azadlıq anlamına gəlmir. Azadlıq insanın beynində olmalıdır. Bu kimi şeylər əndazədən çıxdığı üçün artıq məcburi şəkildə televiziya və media müəyyən çərçivəyə salındı. Amma çərçivə qoyulanda da özümüzü itirdik. Bizi bir az çərçivəyə saldılar, biz konkret qapandıq özümüzə. Yəni azı qəbul edə bilmədik. İndi efirə baxanda müğənnilərin əksəriyyətinin uzun ətəkdən istifadə etdiyinin şahidi oluram. Qolu uzun libaslar geyinirlər, az qalırlar ki, başlarını da bağlasınlar. Şəhərə çıxıb görürsən ki, sakinlər çox gözəl və müasir tendensiyalara uyğun geyinirlər. Bizim xanımlarımız açıq-saçıq geyinməyi sevirlər. Deyim ki, biz həmişə bağlı geyinən xanımlar olmuşuq, bu, düzgün çıxmaz. Bəs indi efirlərdə niyə bunları görürük? Biz azla kifayətlənə bilmirik. Ya çox qapanırıq, ya da çox açıq-saçıq geyinirik. Şəxsən mənim üçün səhvdir. Çünki mən orada səmimiyyət görmürəm. Belə çıxır ki, efirdə insan insanı söyə bilər, amma açıq geyinə bilməz. Efirdə təhqir edirsə, zəng vurub dişinin dibindən çıxanı deyirsə, hərəkətlərində sərhəd qoymursa, bu, əxlaqlı qadındır. Uzun ətək geyinir, “Həci”si var – ondan yoxdur. Axı bu belə deyil. Kimliyini danışıq tərzinlə nümayiş etdirməlisən. Sənin geyimin tərbiyəli olduğuna dəlalət etmir.
Siz dediyiniz kimi, əvvəllər Xalq artistləri Aygün Kazımova və Faiq Ağayev istədiklərini efirdə etsələr də, onlar fikirlərini çox gözəl şəkildə ifadə edə bilirdi. Səmimiyyət var idi. Hər bir sahəyə toxunulurdu. Marifləndirirdilər insanları. Amma indi maarifləndirmək sıfır, hər şey sıfır, lakin “əxlaq”lıdırlar. – Seriala çəkilmək üçün nə qədər qonorar alırsınız? – Qonorar serialdan-seriala, kanaldan-kanala dəyişir. Kanal var ki büdcəsi böyükdür və verdiyi qonorar da yüksəkdir. “Baldız” serialından aldığım qonorar 1000 manat civarındadır. Ayın sonu biz də maaş alırıq. Aktyorlar özlərindən çıxarıblar maaş və qonorar məsələsini. Qonorar sözü məhz seriala aiddir. Maaş isə sinonimdir. Qonorar da maaş kimi, ayın sonu verilir. Mənə ödəniləcək pul gün hesabına hesablanır. Azərbaycanda aktyorun çəkildiyi bir günü 150 manatdan başlayır, 2000 manata qədər yüksəlir. Yuxarı məbləğ alanlar isə adlı-sanlı Xalq artistləridir. Yüksək məbləğ filmlərdə olur. Çünki filmlərin büdcəsi böyükdür. Əgər filmin büdcəsi 100 mini ötürsə, müvafiq olaraq aktyora verilən qonorar da yüksək olmalıdır. – Gənc aktrisalar arasında rəqibiniz kimdir? – Məsələ burasındadır ki, özümü aktrisa hesab etmirəm və iddialı deyiləm. Demirəm ki, aktrisa olub, dağı dağ üstünə qoyacağam. Möhtəşəm filmlərə çəkiləcəyəm. Türkiyədən girib, Moskvadan çıxacağam, ABŞ-a gedib Hollivudda olacağam. Sahəm yazarlıq, telejurnalistikadır. Orada daha çox fəaliyyət göstərmişəm. Özümü efir adamı hesab edirəm, aparıcı kimi iddialıyam. Sadəcə olaraq, aktyorluq sahəsi mənim üçün maraqlıdır.Gözəl sənətkarlarla seriallara çəkilirəm, başıma maraqlı hadisələr gəlir. Mənim üçün fərqli bir şey olduğundan bu işlə məşğul oluram. – Çörəyinizə bais olan və ya olanlar kimdir? – Bir çox kastinqlərdə iştirak etmişəm. Filmlərə və seriallara təsdiqlənmişəm. Amma çəkilişə bir gün qalmış məndən imtina etdiklərinin xəbərini almışam. Sonradan bunun kimin işi olduğunu öyrənmişəm. – Qorxmadan, çəkinmədən, ad çəkib etiraf edə bilərsiniz ki, bu məşhur ikiüzlü, mindilli və satqındır? – İkiüzlü, mindilli çoxdur, amma satqın, işverən azdır. Real həyatda biz onsuz da ikiüzlü olmağa məcburuq. Biz səmimi ola bilmirik. Bu, mümkün deyil. Məkana, məqama və həmsöhbətinə uyğun davranışını nümayiş etdirə bilirsən. İşverənlərlə heç vaxt rastlaşmamışam. Mənə qarşı işverənlik edən olmayıb və bu söz mənim üçün çox ağırdır. İnsana çox böyük şər yaxa bilərlər. Bununla üzləşməmişəm. Ayağımın altını qazanlar yetərincə çox olub. Amma buna “işverənlik” deməzdim. Ona “ikiüzlülük, mindillilik” deyirəm. İnanın səmimiyyətimə, belə insanlar həyatımızda olmasa, çox maraqsız olar. Bu sahənin dadı-duzu, şirinliyi qalmaz.
– Akif İslamzadənin işlətdiyi “Cəhənnəmə düşənlərin yarısından çox məhz qadınlardır” fikrinə münasibətiniz necədir? – O cür sənətkara belə ifadələri yaraşdırmadım. Bu cür sözləri ondan heç gözləmirdim. Həmin müsahibəni oxudum, fikirləşdim ki, bəlkə jurnalistlərin növbəti qalmaqallı oyunudur. Amma videomateriala baxıb anladım ki, bunu məhz Akif müəllim söyləyib. Dəhşətə gəldim. Sənətkar cəhənnəmə gedib gəlib ki, ağzına belə ifadələri alır? Belə iddiaları irəli sürmək heç düzgün deyil. Bəlkə, əksinədir, kişilərin sayı orada daha çoxdur? İncəsənət nümayəndəsiniin bu mövzuda fikir bildirib, əminliklə danışması mənə qəribə gəlir. Sonradan insanlar onun üstünə düşdü və o, fikirlərini təkzib etməyə başladı. – Özünüzü cəhənnəmdə, yoxsa cənətdə görürsünüz? – Özümü bu dünyada görürəm (gülür). – Şəxsi biznesiniz var? – Hamı mənə elə bunu deyir. Amma şəxsi biznesim yoxdur. Hara gedirəm deyirlər ki, “Mələyin butiki var”, “Mələyin salonu var”, “Mələyin estetik klinikası var”. Varsa, mənim bundan xəbərim yoxdur. Hələlik bu sahədəyəm və heç nəyim yoxdur. – Əlinizə çoxlu pul gəlsəydi, hansı sahəyə yönəldərdiniz? – İnkişaf mərkəzi açmaq istərdim. Müəyyən yaşa qədər bizi valideynlər idarə edir, daha sonra gənclərin çoxu nə ilə məşğul olacaqlarını bilmirlər. Bu isə bir çox faktorlardan asılıdır. Xaricdə inkişaf mərkəzləri kifayət qədərdir.
– Bir ayda nə qədər pul xərcləyirsiniz? – Nə qazanıram, qəpiyinə qədər xərclənir. Qazandığımı ailəmə, valideynlərimə, evimə, çevrəmdə olan insanlara xərcləyirəm. Özümə isə pulun, bəlkə də, 20 faizini sərf edirəm. – Payız gəlsə də, sanki sizin üçün yay davam edir. Bu, sizin son günlər çəkdirdiyiniz açıq-saçıq və ehtiraslı fotolarınızdan daha qabarıq şəkildə bəlli olur. Bu cür şəkillər çəkdirməkdə məqsədiniz nədir? – İnsan gözəldirsə, onu niyə gizlətməlidir? İndi çəkdirdiyim açıq-saçıq fotolar insanlar üçün qəribə gələ bilər. Amma 10 ildən sonra bu məzmunlu fotolar çox normal qəbul ediləcək. Mənim 40-50 yaşım olanda həmin fotolara baxıb özümdən zövq alacağam. Belə gözəl, cavan olmuşam. Çünki bir neçə ildən sonra mənim bu açıq-saçıq fotolarım bəzi şəkillərin və layihələrin qabağında sönük qalacaq. Bütün ölkələrdə inkişaf gedir, ola bilməz ki, bu, Azərbaycana gəlməsin. Çünki Azərbaycan da bu dünyanın bir hissəsidir. Ola bilər ki, üç il sonra gəlsin, amma mütləq gəlib çıxacaq. Bizim sənətçilər də artıq səhnəyə çimərlik geyimində çıxırlar. Beelə şeylər daha da adiləşəcək. Belə olanda mən də deyəcəyəm ki, vaxtilə bunu etmişəm. 40 yaşından sonra bədənimin necə olacağını haradan bilim? Məqsədə gələndə, yayda ürəyim istəyən kimi şəkil çəkdirməmişdim. Fərqli bir fotosessiya etmək istədim. – Evdəkilər, qohum-əqraba çəkdirdiyiniz seksual fotolarınıza görə sizi tənqid edirlər? Ailəniz bu fotolara görə heç nə demir? – Açıq-saçıq fotoları çəkməzdən bir həftə öncə evdə müəyyən söhbətlər getdi. Bir həftə anamı bişirəndən sonra saqqızını oğurlaya bildim. Şəkilləri çəkdirəndən sonra evdə anama göstərdim, normal qəbul etdi. Səmimi etiraf edim ki, atamla bu barədə danışmamışam. Hətta bu fotolar çıxandan sonra üç gün atamın gözünə görünmədim (gülür). Çünki bilmirdim necə reaksiya verəcək. Bilmirəm, atam mənim açıq-saçıq yay fotolarımı görüb, ya yox. Atam sosial şəbəkələrdə yoxdur. Bəlkə, kimsə ona deyə bilər. Atam çox müasir insandır. Hər zaman mənə bütün işlərimdə dəstək olub. Ən pis hərəkət belə etsəm, hər zaman yanımda olub və dəstək çıxıb. Düşünürəm ki, şəkillərimi görsə belə, xətrimə dəyməz. Atalar sözlə heç nəyi demir. Bir baxış bəsdir ki, onu anlayasan. Onun elə o baxışından qaçırdım.
– Mələk özünü seksual xanım hesab edir? – Özümü “şirin” xanım hesab edirəm (gülür). Seksual isə arabir… Həmişə özümü seksual bir xanım hesab edə bilmirəm. Amma özümü şarmlı sayıram. Cəlbedici olduğumu hiss edirəm. Bilirəm ki, istənilən yerdə insanları xarici görünüşümlə cəlb edirəm. Bilmirəm, bu seksuallıqdır, cazibədarlıqdır, amma nəyəsə görə insanların diqqətini çəkirəm. – Bir çox sənətçilərin “Həci”ləri var. Bunun madiyyatdan qaynaqlandığı deyilir. Sanki bəzi müğənnilər “Həci” axtarışındadır. Siz “Həci” axtarırsınız? – Açıq-saçıq, çimərlik fotoları çəkdirdiyimi deyirəm, siz də “Həci axtarışındasınız?” sualı verirsiniz (gülür). Bir tərəfdən soyunub şəkillər çəkdirirəm, digər tərəfdən deyim “Həci” axtarıram. Nə danışırsınız? “Həci” məni görüb, heç üzümə baxmaz (gülür). – Sizi sevən bəyin nəyi olmalıdır? – İlk növbədə adamlığı olmalıdır. Adam olsun, mərhəmətli olsun. Pul qazana bilsin. Qadına hörməti olsun. Puldan danışan kimi hamı başlayır deməyə ki, Mələyin gözü puldadır. Ona görə pul mövzularına girməsək, daha yaxşı olar (gülür). – Sosial şəbəkələrdə aktivsiniz. Kişi izləyicilər sizə nə yazır? – Aman tanrım, mənə yazılanları desəm, siz gərək onun üstünə “düüüüüüüd” vurasınız (gülür). Mənə kişilər nələr yazmırlar. Məqsədlərinin nə olduğunu özləri də bilmirlər. Mənə pis və əxlaqsız söz yazan kişilərin özlərinə demişəm ki, bunları yazmaqda sənin məqsədir nədir axı? Cavab olaraq yazır ki, bağışlayın, xanım, yazdım da. Siz çox gözəlsiniz. Deyirəm ki, o dediyin “gözəl” sözünü əvvəldən yaz. – “Yengə” gəlinin vizit kartıdır? – Hesab edirəm ki, bu kəlmə artıq Azərbaycanda istifadə olunmur. Belə şey artıq bizim ölkədə yoxdur. Olsa da, mənim rastıma çıxmayıb. Mən nə xoşbəxt bir qızam ki, ailəm müasir düşüncəlidir. Qohum-əqrəbam müasirdir.
– Ailə həyatı qursanız, yengə “xidmətindən” yararlanacaqsınız? – On yengə düzəcəyəm yanıma. Neynirəm mən yengəni? Mənə çox gülməli gəlir yengə söhbətləri. Yengə istəyən kişinin mənim yanımda işi yoxdur. Elə bilsin ki, biz evlənməzdən öncə artıq boşandıq. – Bəyin anası yengə istəsə, o zaman necə bir addım atarsınız? – Anasını göndərərəm psixoloq və ya psixiatrın yanına. Qoy, onu müayinə daha sonra müalicə etsinlər. Ondan sonra gələr, danışarıq. 30 yaşım var mənim, yengəyə ehtiyacım yoxdur (gülür). – Deyirlər, sinənizi böyütmüsünüz. Düz söhbətdir? – Nə görürsünüz, hamısı özümündür. Arxiv və indiki şəkillərimi tutuşdurub müqayisədə edə bilərsiniz. Səkkiz ildir, açıq-saçıq fotolar çəkdirirəm. Dəyişiklik yoxdur. Ombamı böyütdürmək istəmərəm, nəyimə gərək. Etdirəndən sonra gərək sonra heç yerdə otura bilməyim (gülür). Kişilərin əməliyyat yolu ilə arxasını böyütməsinə çox pis baxıram. Hətta iyrənirəm. – Plastik və estetik cərrahi yolla bədəninizin hansısa üzvünü əməliyyat etdirmək istərdiniz? – Burnumu əməliyyat etdirmişəm. Amma əfsuslar olsun ki, əməliyyatım uğursuz alındı. Xoşuma gəlmir. Yenidən əməliyyat etdirmək istəyirəm. Qarnımda liposaksiya əməliyyatı keçirmişəm. – Hazırda bütün gözlər “Maşın” realiti şousuya dikilib. Sizə təklif gəlsə, şouya qatılarsınız? – Bu şouya heç vaxt marağım olmayıb, izləmirəm. Qatılmaq niyyətim yoxdur. Təklif gəlsə də, şouda iştirakdan imtina edərəm. Həm də ATV-də mənə rəhbərlik tərəfindən qadağa qoyulub. Qadağa illər öncə qoyulsa da, hələ də götürülməyib. Düşünürəm ki, iştirakçılar məşhur yox, sadə insanlar olsa, bəlkə də, marağım olar. Çünki məşhurları onsuz da tanıyıram. Onları orada görmək lazım deyil. Çox həssas insanam. “Maşın”a getsəm, ürəyim birinci gün dayanar. Kimsə mənə söz desə, özümdən gedib, yerə yıxılaram. Hətta söz tapıb, cavab belə verə bilmərəm. Qəhər boğar məni. – Qəlbinizi fəth edən bəy var? – Şəxsi həyat var ki, sevgilim də olsun? (gülür) Uğursuz olur. Düşünürəm ki, günah elə özümdədir. Çünki mən incəsənət adamıyam. Elə bilib mənimlə münasibət qururlar. Mən də hər bir xanım kimi xoşbəxt olmaq, qayğı, diqqət, nəvaziş görmək, əzizlənmək istəyirəm. Amma nədənsə qarşı cinsin nümayəndələri məni çox güclü bir xanım kimi görürlər. Mələyin heç nə xətrinə dəyə bilməz. Bunu düşünüb kişilər mənə yaxınlaşıb, tanış olmaq, münasibət qurmaq istəyirlər. Güclü olduğum üçün də onlar məni xanım kimi yox, sanki “əsgər yoldaşı” kimi görürlər. Mənimlə elə davranırlar. Hörmətimi saxlayırlar. Amma düşüncələrində “Mələkdir də… O, bizim istənilən problemimizi həll etmək gücünə malikdir. Mələk kişi kimi qızdır. Mələklə istənilən söhbətə girmək olar” görürlər məni. Sınanda, xanımlığımı, zəifliyimi qarşı tərəfə nümayiş etdirəndə dəyişdiyimi söyləyirlər. Bunu eşidəndə şirə, pələngə dönürəm, əsəbiləşirəm, özümdən çıxıram. Kənardan mən nə qədər güclü görünsəm də, bir o qədər zərif, incə və zəifəm. Mən ailəm, dostlarım üçün güclüyəm. Amma kişi-qadın münasibətlərində güclü olmaq istəmirəm. Mən qadın olmaq istəyirəm.