Vurğun Əyyub: “Ürəklə deyə bilərəm ki, mən də yaşamışam”
Əslində bu müsahibəni çoxdan almalı idim. Müsahibimın başı seçki kampaniyasına qarışdığından məqsədimizi reallaşdırmaq xeyli yubandı. Müsahibə üçün uyğun bir zaman tapanda isə sürprizlə qarşılaşdım. Gənc tələbələri Vurğun Əyyubun ad gününü təbrik etməyə gəlmişdilər. Bir neçə gündən sonra ad günü olacağını öyrəndiyim bu dəyərli insanla müsahibəyə də elə 58 illik ömür kəsiminin yadda qalan xatirələriylə başladıq. Təsadüfə bax ki, müsahibəni yazıb hazırlamağım da elə onun ad gününə düşdü. ADR hərəkatı sədrinin I müavini Vurğun Əyyubun Strateq.az-a müsahibəsiylə tanış ola bilərsiniz. -Vurğun bəy, çox gözəl bir təsadüflə qarşılaşdım. Tələbələrinizin sizi təbrik etməsindən ad gününüz olduğunu anladım. Sizi redaksiyamız adından təbrik edirəm. Neçə yaşınız tamam olur? -Çox sağ olun. 1957-ci ilin oktyabr ayının 25-də anadan olmuşam. Bir neçə gündən sonra 58 yaşı arxada qoyacam. -58 il necə keçdi? Yadda qalan çoxmu xatırələriniz var? -Bunu qiymətləndirmək çox çətindir. Çünki insan ömrü müxtəlif mərhələlərdən ibarət olur. Hər mərhələnin də öz sevinci, qəmi, qayğısı, problemləri, yadda qalan və unutmaq istədiyin anları var. Bütövlükdə mən yaşadığım həyatdan narazı deyiləm. Həyatımın ayrı-ayrı kəsimlərində sevincli, kədərli günlərim olub. 20 Yanvar ağrısını hələ də hiss edirəm. 1991-ci ildə müstəqilliyimizi elan etməyimiz ömrümün ən sevincli xatirəsinə çevrilib. 1988-ci ildə Azərbaycan xalqının meydanlara axışıb haqqını tələb etdiyi günlərin verdiyi qürur hissi adamın ürəyini bu gün də sevinclə doldurur. Bu baxımdan 58 illik ömür yoluna birmənalı qiymət vermək çox çətindir. Yaşadığım həyatda bütün insanlar kimi yanlış addımlarım da, qüsurlarım da olub, doğru işlərim də. Bütün yanlışlı, doğrulu addımlarla dolu həyatımda heç vaxt mənsub olduğum xalqa, dövlətə, millətə xəyanət etməmişəm. Əksinə, ağlım kəsəndən işləmişəm və həmişə də ölkəmə xeyir verməyə çalışmışam. -Sizin bu sözləri dinləyərkən yadıma Pablo Nerudanın bir əsərinin adı düşdü. Yeniyetməlik illərində dəfələrlə çalışsam da, sonuna qədər oxuya bilmədiyim bir kitabı var: “Mən də yaşamışam”. Məncə, bu kiçik cümlə bütün insan ömrünü xaraterizə edir. Kim dönüb keçdiyi ömür yoluna nəzər salanda “mən də yaşamışam” deyə bilirsə, onu xoşbəxt insan adlandırmaq olar. Siz necə? Yaşayıbsınızmı? -Mənim bu suala cavab verməyim bir az təvazökarlıqdan uzaq olar. Məndə isə qeyri-təvazökar görünməkdən qorxmaq kompleksi var. Amma nə gizlədim, bəzən keçmişə nəzər salanda ürəklə deyə bilərəm ki, mən yaşamışam. Hər halda Allahın bəxş etdiyi ömrü pis keçirməmişəm. 1992-ci ildə Tələbə Qəbul Kommisiyasının sədri olmuşam. 1993-də vəzifədən azad olunmuşam. Kommisiyada cəmi bir illik iş fəaliyyətim olub. O gündən bu günə 23 il keçir. 23 il ərzində insanlar mənim gördüyüm işi unutmurlarsa, hər il övladları ali məktəbə qəbul olunan valideynlər, tələbə adı qazanan abituriyentlər zəng edib mənə təşəkkürlərini bildirirlərsə, deməli, mən pis yaşamamışam. -Yeri gəlmişkən, 23 il bundan əvvəlki tələbələrlə bu günkülər arasında hansı fərqlər var? Hansı nəsil daha savadlı, cəmiyyət üçün daha faydalıdır? -Çətin sual verirsiniz. Bu, yalnız bir nəfərin müşahidəsi əsasında cavablandırılacaq sual deyil. Ciddi araşdırma tələb edən məsələdir. Amma mənim subyektiv fikrimə gəlincə, tam səmimi deyirəm: Bugünkü gənclik mənim dövrümdə oxuyanlardan bir çox cəhətlərinə görə üstündür. -Amma bu da faktdır ki, 23 il bundan əvvəlki gənclik daha mübariz idi... -Bütün Azərbaycan xalqı bu gün mübariz deyil. O cümlədən, onun bir parçası olan gənclik... Amma mən hesab edirəm ki, bu, zahiri görüntüdür, aldadıcı müşahidədir. Bəli, Azərbaycan cəmiyyəti 1988-90-ci illərdə böyük enerji və ehtirasla mübarizəyə atıldı. Ancaq azadlıq, müstəqillik idealları tam mənada həyata keçməyincə, məğlubiyyətlər yaşayınca cəmiyyət küsdü. Sanki cəmiyyətin içindəki enerji də boşaldı. İndi o enerjinin yığılma prosesi gedir və yeniləşməyə doğru irəliləyən cəmiyyətimizdə yenə gənclik əsas sözünü deyəcək. Həm də daha savadlı, dünyagörüşü yüksək səviyyədə. Allah ondan qorusun ki, yığılan bu enerji partlayışla nəticələnsin. -Hesab edirsiniz ki, o ehtimal da var? -Cəmiyyətlərin psixologiyasını, tarixini öyrənən adamlar bunu dəfələrlə etiraf ediblər ki, ictimai enerji vaxtında və toplumun arzuladığı istiqamətdə boşaldılmasa, sosial partlayışlar da qaçınılmaz olur. Adi bir misal gətirim. Ruminiyanın Kommunist Partiyasının Baş katibi Çavuşevski devrilməmişdən bir gün qabaq partiya qurultayı keçirilirdi. Bütün zal Çavuşevskini ayaq üstə alqışlayırdı. Hər tərəfi onu mədh edən şüarlar bəzəyirdi: “Çauşevski-xalq, xalq-Çauşevski” kimi. Cəmi bircə gündən sonra hər şey tərsinə çevrildi. Çox vaxt cəmiyyət onu idarə edənlər tərəfindən düzgün qiymətləndirilmirlər. Zahiri görüntülər siyasiləri aldadır. Halbuki istənilən cəmiyyət Məmməd Arazın təbiriylə desək, içini çölünə bükən bir nəhəngdir. Üzdən sakit görünür, içində isə fırtınalar qaynayır. Və o fırtınaların gərginliyi azalmasa, bir gün öz qəlibinə sığmır, “dərisini” partladıb çölə fışqırır. -Cəmiyyətlərin içinin çölə fışqırmasının qarşısını alan, enerjisini boşaldan tədbirlərdən biri də seçkilərdir. Seçkilər vətəndaşlara həm də öz təmsilçilərini müəyyənləşdirib onların diliylə arzu və istəklərini siyasi hakimiyyətə çatdırmaq, idarəçilik mexanizmini sosial tələblərə uyğun yeniləmək imkanları verir. Bu gün Azərbaycan da seçki ərəfəsindədir və bildiyimə görə, siz də namizədlərdən birisiniz. Necə keçir seçki kampaniyanız? -Sualınızın birinci hissəsiylə tamamilə razıyam. Hakimiyyət bu seçki fürsətindən düzgün istifadə edib illərlə yığılan ictimai enerjinin boşalmasına imkan verməli idi. Təəssüf ki, bu seçkilər ötən illərdəkindən daha çox süstlüyüylə fərqlənir. Bu da bütövlüklə cəmiyyətimiz üçün yaxşı heç nə vəd etmir. Mənim fərd olaraq apardığım seçki kampaniyama gəlincə, o, ölkədəki ümumi abu-havadan çox da fərqlənmir. Müqayisəylə götürəndə namizədlər içərisində ən yaxşı kampaniyalardan birini mənim vəkillərim, nümayəndələrim yürüdürlər. Demək olar ki, hər gün seçicilərlə görüşlərim olur. Məhəllələr arasında keçirdiyim görüşlərdə müxtəlif saylarda - bəzən 50 və daha artıq, bəzən hətta 5 seçici iştirak edir. 5-lə 50 seçici arasında heç bir fərq qoymadan təbliğatımı aparıram. Kampaniyamız bu gün də davam edir. Doğrusunu deyim ki, seçicilərlə iş mənim üçün o qədər də çətin deyil. Birinci o səbəbdən ki, 1993-cü ildə Tələbə Qəbul Kommisiysında tətbiq etdiyimiz test üsuluna görə insanlar, ən azı, mənim adımı bilirlər. İkincisi, mən 2005-ci ildə də bu dairədən namizədliyimi irəli sürmüşdüm. O zaman rəsmi açıqlamaya görə, 7 minə yaxın seçici mənə səs vermişdi. Həmin insanlar bu gün keçirdiyim görüşlərdə həmin kampaniyanı xatırlayırlar. Amma nə yazıq ki, bütün bu səylər Azərbaycanın seçki reallığı üçün əsas deyil. -Əsas olan nədir? -Əsas olan seçki komissiyalarının verəcəyi qərardır. O qərar isə heç vaxt seçki kommisiyalarının özləri vermir. Yuxarıdan diktə edilir, onlar da göstərişləri canla, başla yerinə yetirirlər. -Bu gedişlə hara gedirik? Bir tərəfdən ictimai narazılıqlar günü-gündən artır, bir tərəfdən ölkənin iqtisadi gücü, xalqın rifah səviyyəsi aşağı düşür. Bir tərəfdən də Rusiya və İran bölgədə güclənir... -Vallah, daha da dərin ümidsizlik yaranar deyə, adam danışmağa da çəkinir. Mən Azərbaycanın gələcək həyatını böyük təhlükədə görürəm. Aparılan bu yanlış siyasət Azərbaycana yaxşı heç nə vəd etmir. Səni narahat edən bu fikirləri demək istəyəndə də adamı az qala vətən xaini elan edirlər. Əlbəttə, onların nə elan etməyi mənim üçün o qədər də əhəmiyyətli deyil. Məni qorxudan odur ki, bu cür pessimist fikirləri eşidəndə Azərbaycan cəmiyyəti daha çox ümidsizliyə qapılır. 20 illik hakimiyyətin bir çox əməllərini ona bağışlamaq olar. Ölkənin sərvətlərini talayıblar, rüşvətxorluq, korrupsiya halları baş alıb gedib və s. və i. Amma Azərbaycan cəmiyyətində demokratiyaya, seçkiyə olan inamsızlıq mühitinin yaradılması bağışlanası hal deyil. Artıq cəmiyyətdə qarşılaşdığım bir çox insanlar məndən soruşurlar: Bu cür müstəqillik bizim nəyimizə lazım idi? Hər bir millət üçün qürur mənbəyinə çevrilən ideallar bizdə indi bəyənilməyən dəyərə çevrilib. Sizin sadaladığınız amillərdən daha təhlükəli olan da elə budur -cəmiyyətin problemlərin kökünü müstəqilliyimizdə axtarması. Müstəqilliyimizə bu cür ictimai münasibətin formalaşmasının günahkarı indiki hakimiyyətdir. Hakimiyyət əlindən gələni edir ki, Azərbaycan xalqının seçkiyə olan münasibəti pisləşsin, ümid və həvəsi aradan qalxsın. Bunun üçün hətta seçkiqabağı təbliğat zamanını qısaltdılar, televiziyalarda verilən efir vaxtı ləğv olundu. Bunların hamısı bir məqsədə yönəlib-Azərbaycan cəmiyyəti seçkiyə getməsin və fikirləşsin ki, seçkinin onsuz da heç bir əhəmiyyəti yoxdur. -Maraqlıdır ki, bu gün parlamentdə təmsil olunan yaşlı deputatların əksəriyyəti vaxtilə Müstəqillik aktının əleyhinə çıxanlardır. Müstəqillik aktına səs verənlər isə, az qala, acından ölümə məhkum olunublar. Sizin də vurğuladığınız siyasəti də bura əlavə edəndə qəribə bir məntiqi nəticə ortaya çıxır. Sanki hakimiyyətdə elə qüvvələr var ki, şüurlu şəkildə müstəqilliyimizin əleyhinə iş aparırlar. Bu ehtimalı necə qiymətləndirirsiniz? (ardı var) Heydər Oğuz