Azərbaycan rəhbərinin ABŞ-da keçirdiyi görüşlərin iki günlük Qarabağ savaşı ilə bağlantısı varmı? Vaşinqtondakı təmaslardan Rusiyanın qıcıqlanması mümkündür və bu, heç də Qarabağ məsələsində Ağ Evin təşəbbüsü ələ almaq istəməsindən yaranmayıb…
Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizlik Sammiti başa çatdı. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi sammit çərçivəsində Amerikanın siyasi-iqtisadi çevrələri ilə keçirdiyi görüşlərdən dərhal sonra Qarabağ cəbhəsində vəziyyətin kəskin pisləşməsi haqlı suallar yaradıb.
Məlumdur ki, ABŞ prezidenti Barak Obamanın rəhbərlik etdiyi sammitdə Rusiya rəhbərliyi iştirak etmədi. Azərbaycan prezidentinin ən yüksək səviyyədə - dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden, eləcə də digər siyasi təmasları ciddi diqqət çəkdi. Keçmiş sovet respublikaları sırasında bu cür diqqət yalnız Ukrayna prezidenti Pyotr Poroşenkoya göstərildi ki, bunun da səbəbləri məlumdur.
Azərbaycana Ağ Ev rəhbərliyinin xüsusi diqqətinin Rusiyada qıcıqla qarşılanacağı gözlənilən idi. Qarabağ cəbhəsində baş verənlər barədə məlumatlar hələ ki tam açıqlanmayıb. Artıq atəşkəs elan olunmuş iki günlük hərbi eskalasiyaların planlaşdırılmış əməliyyat, yoxsa erməni tərəfinin təxribatı olması barədə yekdil rəy də yoxdur. Kreml rəhbərliyinin hərbi əməliyyatların başladığı ilk saatlarda “qollarını çirmələməsi”nin, sülh çağırışları etməsinin nə dərəcədə səmimi olduğunu söyləmək də çətindir. Amma cəbhədə baş verənlərdə Kremlin “barmağı” olduğunu düşünənlər də az deyil.
Vaşinqtondakı diplomatik mənbələrə yaxın dostlarımızdan aldığımız məlumata görə, Rusiyanın qıcıqlanması səbəbsiz deyil və bu, heç də Qarabağ məsələsində Vaşinqtonun təşəbbüsü ələ almaq istəməsindən yaranmayıb. Mənbəmizin iddiasına görə, ABŞ prezidenti Barak Obama ilə Azərbaycan prezidenti arasında rəsmi qaynaqlara düşməyən görüş olub.
Görüşdə xüsusilə Xəzərdə birgə təhlükəsizlik məsələsi müzakirə olunub və Amerikanın Xəzərdə təhlükəsizliyin təmin edilməsində iştirakı ilə bağlı ilkin razılıq da əldə edilib. Əgər anlaşma reallaşarsa, ilin sonunda Amerikanın ən müasir texnologiya ilə təmin edilən kəşfiyyat gəmilərinin Xəzərdə görünməsi mümkündür.
Xəbərlərə görə, Amerika rəsmiləri Azərbaycana hər cür siyasi və hərbi dəstək veriləcəyini vəd ediblər. Əgər iddialar gerçəkdirsə, bu, faktiki Xəzərdə Rusiyanın təkhakimiyyətliliyinin sonu deməkdir ki, iddialara görə, Rusiyanı da ən çox bu razılaşma narahat edib və bu da cəbhədəki gərginliklə müşahidə edilib. Xatırladaq ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda ilk uzaqmənzilli raketləri məhz Xəzər dənizindən buraxmışdı. Rusiya hərbiləşdirdiyi və özünü tək sahibi hesab etdiyi Xəzərin sahilyanı ölkələrini bu barədə heç xəbərdar belə etməmişdi.
Yeri gəlmişkən, Rusiyanın siyasi elitasının Vaşinqton sammitini boykot etməsinin özəl səbəbləri sırasında Suriya məsələsi də var. Vaşinqtondakı qaynağımız redaksiyaya yazır ki, Rusiya prezidentini ABŞ-da Ağ Evin hazırladığı sürpriz gözləyirmiş. Söhbət ondan gedir ki, Rusiya əslində Suriyadan qoşunlarını çıxarmayıb; Rusiyaya göndərilən kontingentin yerinə İran üzərindən Suriyaya geniş tərkibli hərbi hissə yollayıb. Rus hərbçiləri İran ordusunun formasında Bəşər Əsədə dəstək üçün Suriyada yerləşdirilib.
Bu, faktiki Putinin beynəlxalq birliyi aldatmasıdır. Bu məlumatları təkzibolunmaz sübutlarla ABŞ kəşfiyyatı əldə edib. Pentaqon rus ordusunun Suriyada hansı hərbi mövqelərdə yerləşdiyini əldə edib. ABŞ bu məlumatları Putinin Vaşinqtona səfəri zamanı mətbuat konfranslarında açıqlamağı planlayıb. Yəni sammitdə Putinin dünya birliyinə necə kələk gəlməsi ən yüksək səviyyədə açıqlanacaqmış. Amma Kreml də ayıqlıq göstərərək Amerikanı bu ifşa zövqdən məhrum edib. Rusiya imtinanı iki ölkə arasında nüvə razılaşması olmaması ilə izah etsə də, belə görünür ki, Putin deşifrə diskomfortu yaşamaq istəməyib.
Mötəbər hesab olunan mənbəmizin redaksiyaya yolladığı elektron məktubda bir sıra təfsilatlar da yer alıb. Orada bildirilir ki, Rusiya Suriyaya, Əsədə dəstək üçün yolladığı hərbi kontingenti “...Moskva Tehran reysi ilə uçan sərnişin təyyarələrində İrana, oradan da İran hərbçilərinin geyimi ilə Şama göndərib. Nüvə sammiti ərəfəsində Pentaqon bunu deşifrə edib və Putinə qarşı ”ictimai ifşa" hazırlanıb... Bundan başqa, Pentaqon Ağ Ev üçün Azərbaycan prezidenti ilə bağlı xüsusi məruzə hazırlayıb.
Orada vurğulanır ki, ABŞ Azərbaycan prezidentinə tam dəstək verməlidir; Rusiyanın təzyiqlərinə qarşı Azərbaycanı tək buraxmaq olmaz. Məhz Azərbaycan hakimiyyəti ilə isti münasibətlər sayəsində Amerika Xəzərdə 3-cü ölkə kimi iştirak edə bilər. Məruzədə Xəzərdəki Amerika maraqları konteksində Türkmənistan da açar ölkə kimi göstərilir və onun Azərbaycanla yaxınlaşması vacibliyi qeyd edilir. Mümkündür ki, yaxın zamanlarda məhz Amerikanın da dəstəyi ilə Türkmənistan, Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi və siyasi proses - inteqrasiya başlasın. Bu üçlü ittifaq həm də bölgədə İran və Rusiya təsirini qismən neytrallaşdıra biləcək faktor kimi nəzərdə tutulub".
Qaynaq yazır ki, Pentaqon Azərbaycan və bölgədəki istiqrar (sabitlik) baxımından prezident İlham Əliyevi əvəzedilməz fiqur kimi təqdim edir. Və Ağ Evi Azərbaycan prezidentinə tam dəstək verməyə çağırıb: “Pentaqonun bu önərisi artıq qəbul olunmuş sayılır. Obama administrasiyası bu sənəddəki təklifləri qəbul edib. Hətta yaxın günlərdə Azərbaycana Amerikanın üst-düzey hərbi müşavirləri səfər edəcəklər və Xəzərin təhlükəsizliyi ilə bağlı dialoqlar davam etdiriləcək. Kremil bundan qismi xəbərdardır, ona görə də aqressivləşib”.